Ölkənin hər yerində olduğu kimi rayonumuzda da, koronavirusla mübarizədə profilaktik tədbirlər həyata keçirilir, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görülür. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları da bu tədbirlərdə yaxından iştirak edir, xəstəliyin müalicəsinə və ondan qorunma üsullarına əməl olunmasında dayanmadan araşdırmalar aparır və reydlər həyata keçirirlər.
“Aran” məlumat verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının 28 və 29 noyabr 2020-ci il tarixdə apardıqları araşdırmalar nəticəsində məlum olmuşdur ki, rayon sakinlərindən bir neçəsi “Covid 19” daşıyıcısı kimi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olmalarına baxmayaraq, karantin rejiminin qaydalarına əməl etməyərək, yaşayış yerlərini müntəzəm olaraq tərk edib, vətəndaşlarla ünsiyyətdə olmuşlar. Bu faktlar araşdırılıb dəqiqləşdirilib, epidemiya əleyhinə rejimin qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdıqlarına görə, xəstəlik daşıyıcılarına inzibati protokollar üzrə müvafiq cərimə tətbiq edilmişdir. Bəzi virus daşıyıcıları barəsində Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Koronavirusla mübarizədə hamı həmrəy olmalı, birlikdə fəaliyyət göstərməlidir. Biz ancaq belə olanda bu xəstəliyə qalib gələr və sağlam həyat yaşaya bilərik.