
Redaktordan: Ağcabədidə fəaliyyət göstərən “Ələk” ədəbi məclisinin digər üzvləri kimi gənc şair Saqif Zeynalın imzası da yəqin ki, “Aran”ın oxucularına tanışdır. Onun Vətən həsrətli, yurd nisgilli, bununla yanaşı işıq dolu, insanlığa, böyüklüyə çağıran şeirləri “Aran” qəzetinin səhifələrində də yer alırdı. Saqif Zeynal əslən Laçından olsa da, Ağcabədi ədəbi mühitində yetişmişdi. Mən qəzetdə redaktor kimi fəaliyyətə başlayanda ilk təbrik edən, sevinənlərdən biri oldu. “Bu işdən çəkinmə, sənə hamımız dəstək olacağıq,əməkdaşlıq edəcəyik ” – dedi. Elə ilk nömrə üçün rayonumuzun ədəbi mühiti ilə bağlı bir müsahibə aldı, səbirsizliklə qəzetin çıxmasını gözlədi. Lakin həmin vaxt cəbhədə vəziyyət dəyişdi. Bütün xəbərlərin, yazıların mövzusu da dəyişdi. Müsahibəni sonraya saxladıq. Hər gün müsahibənin nə vaxt veriləcəyini soruşurdu. Deyirdim səbr et, yəqin növbəti sayımızda gedəcək. Fəqət…
Amansız ölüm gənc şairin bütün arzularını yarıda qoydu. Ən böyük arzusuna, doğma Laçının şad xəbərini eşitməyə, o sevinci yaşamağına imkan vermədi. Son dəfə mənə yazdığı bu cümlə oldu: “İnşallah, qələbə sevincini bölüşərik”. Amma bölüşə bilmədik bu sevinci… Laçında qoyub gəldiyi uşaqlığına qovuşa bilmədi Vətən həsrətli şair.
Saqifin vəfatından sonra həmin yazı kompüterin ekranında göz dağı kimi dururdu. Mən ölümündən əvvəl aldığı müsahibəni necə verəcəkdim qəzetdə? Amma onun bu yazını həvəslə gözlədiyi yadıma düşəndə özümü günahkar kimi hiss edirdim. Və nəhayət Laçının işğaldan azad edilməsi xəbəri elan olunandan sonra düşündüm ki, bu günlərdə həmin müsahibəni qəzetimizdə verməklə həm nakam şairimizi xatırlayar, həm də rayonun ədəbi mühiti ilə bağlı maraqlı bir söhbətlə oxucuları tanış edərik.
Beləliklə “Aran” qəzeti şair, Azərbaycan Yazıçılar Birliyinin və Ələk ədəbi məclisinin üzvü Gündüz Sevindiklə müsahibəni təqdim edir.
– Şair, salam. Necəsiniz?
– Salam! İndiyə kimi yazmadığım şeirlər, söyləmədiyim fikirlər kimiyəm. Bir az nagüman, bir az küskün, bir az qapalı, bir az da aqressiv…
– İndi zaman daha ağır gedir, insan vaxtın, ömrün fərqinə indi varır. Karantin günlərinizi necə keçirirsiniz?
– Tam səmimi sözümdür, heç vaxt ömrümün getdiyinin, yaşa dolduğumun fərqində olmamışam. Zaman isə ağır getmir, ağırlaşan cəmiyyət və insanlardır. Karantin günlərində də yaradıcılığımı karantinə aldığım bir dəqiqə belə yadıma gəlmir. Karantin elan olunan ilk gündən bu günə kimi daim işdə və öz fəaliyyətimdə olmuşam. Bircə gün də mütaliəmdən qalmamışam. Son aylarda oxuduğum Aqşin Yeniseyin “Tarix və Tale”, Şərif Ağayarın “Gülüstan” və Cavi Danın “Məhsəti” romanlarını müasir nəsr ədəbiyyatımız üçün olduqca gərəkli nümunələr hesab edirəm. Xüsusən Aqşin Yeniseyin ədəbiyyatımızda var olduğuna çox sevinirəm.
– Hal-hazırda nə yazırsınız?
– Çoxdankı fikrim idi. Bəlkə də çoxlarına təəccüblü gələcək. “Əlimdə” demək olar ki, son dövrləri və bu dövrlərin bütün mövzularını əhatə edən bir roman üzərində işləyirəm. Elə zənn edirəm ki, maraqla qarşılanacaq. Ağlıma gələn bir-iki parlaq şeir misralarına, şeir fikirlərinə hal-hazırda “baş qoşmuram”.
– Bir çox qələm adamları kimi sizin üçün də şeir mərhələsi öz dövrünü başa vurubmu?
– Əsla belə deyil. Yaradıcılığın mərhələsi olmur. Şair elə şair olur, yazıcı da yazıçı. Şeirdən nəsrə keçmək nisbətən normal prossesdir. Nəsrdən şeirə keçmək isə… Bəlkə də bu tale işidir. Hələ ki, qeyd etdiyim kimi, yeni yazılan romana görə ürəyimdəki yeni şeir misralarına vaxt ayırmıram.
– Aran-Qarabağ ədəbi mühitində əruz vəznini mükəmməl bilən və qəzəl yazan tək-tük şairlərdənsiniz. Bu üzdən siz əruz xoşbəxtliyini ikiqat yaşayırsınız. Bir az bu haqda danışardınız.
– Yaralı yerə toxundunuz. Aran-Qarabağın əruz abu-havası, qəzəl mühiti Bakı-Şirvan əruz mühiti ilə müqayisədə demək olar ki, yox səviyyəsindədir. Bu məni daim narahat edib. Bu üzdən siz əruz xoşbəxtliyini ikiqat yaşayırsınız – fikrinizə -cavab olaraq bu xoşbəxtliyin içində bir narahatlığı, bir təəssüf hissini də yaşadığımı deməliyəm. Düzdür, poeziyada belə bir öhdəçilik yoxdur. Hamı qəzəl yazmağa məhkum və məcbur da deyil. Amma əruz vəzni bünövrədir, özüldür. Bunu əlinə qələm alan hər bir şair ən azından nəzəri olaraq öyrənməlidir. Lap əruz şeirləri yazmasalar belə. Ağcabədi yazarlarının əksəriyyətində müşahidə etdiyim bir mənzərə var. Öz kitablarında yarı heca, yarı əruz, iki misradan ibarət qüsurlu beytlər “düzəldərək” bu tip şeirləri kitabda “qəzəl” adı ilə təqdim edirlər. Bu yolverilməzdir. Vəli Qurbanoğlunun şeirlər kitabının redaktoru olarkən müəllifdə əruz damarının olduğunu hiss etdim. Bu məni hədsiz sevindirdi. Amma Vəli Qurbanoğlunun yaradıcılığında da əruz kiçik bir çərçivədədir. Bu vəznin yalnız bir-iki bəhrindən istifadə etmək, etdiyində də nadır hallarda olsa belə bəhr xətalarına yol vermək qəbul olunan hal olmasa da Vəli Qurbanoğlunun adını uğurlu imza kimi qeyd edə bilərəm.
– Ağcabədi ədəbi mühiti sizi qane edirmi? Yaşlı nəslin qələm adamları gənc nəsilə nələri qoyub gedir?
– Hal-hazırkı Ağcabədi ədəbi mühitinin bizi qane edən tərəfləri və etməyən tərəfləri mövcuddur. Bu mühitin adı çəkiləndə tam səmimi olaraq ilk ağılma gələn imza Yusif Kamaldır. Yusif Kamalın bu ədəbi mühitə yaxşı mənada təsiri böyük olub (mənim özümə də). Ümumilikdə rayonumuzda Nazim Əlioğlu, Adil Misirli, Zahid Eloğlu ciddi, dəyərli imzalar kimi tanınırlar. Nəsr sahəsində daha bir uğurlu imzamız var ki, onu qeyd etməsəm olmaz – bu Tahirə İsaqızıdır. Bundan başqa şair Məhsəti Musanın rəhbərlik etdiyi “Ələk” ədəbi məclisinin doğma ədəbi mühitə verdiyi təkan danılmazdır. Bu şeir məclisinin hazırkı ədəbi aləmə töhvə etdiyi uğurlu imzalar az deyil. Rayondakı ədəbi mühitin qəbul edilməyən tərəfləri də var. Qafiyəpərdaz, şeir-poeziya haqqında demək olar ki, heç bir anlayışı belə olmayan bir dəstə adam şeir məclisi düzəldib yalnız mədh və tərif “şeirləri” deyərək əllərinin içi qızırana qədər bir-birinə əl çalmaqla məşğul idilər… Qoy desinlər, qoy əl çalınlar, nə olar ki? Amma ədəbiyyatda belə düşüncə ilə iddialı olmaq əsl faciə və gülünc haldır mənə görə. Zənnimcə zaman və “ələk” öz işini ədalətli şəkildə görür. “Yaşlı nəslin qələm adamları gənc nəslə nələri qoyub gedir?” – sualına gəlincə isə, peşəkar, yaşlı şairlər öz yaradıcılıq irsi ilə gənc yazarlar üçün ciddi və böyük poeziyaya gedən yolu göstərə bilərlər. O yolu gedə bilmək, o yolda dişi, dırnağı ilə özünə yol aça bilmək istedadı isə artıq gənc yazarın özündən asılı olan bir fitrətdir.
– Ağcabədidə bədii kitab mağazaları demək olar ki, yox səviyyəsindədir, ya da cəmi bir-iki yerdə var. Sizcə bədii kitablara belə laqeydlik etmənin səbəbi nədir? Və bu bizi hara aparır?
– Yenə yaralı mövzuya toxundunuz. Haqlısınız. Amma gəlin bu sualı bu dəfə təkcə bizim rayona şamil etməyək. Bu problemi az qala bütün cəmiyyət yaşayır. Mənə belə gəlir ki, bu “dərdin” kökündə iki əsas amil durur. Birincisi, sosial problemlərin həddən çox mövcud olması, ikincisi isə sosial şəbəkələrin ac qurd kimi həyatımıza birbaşa daxil olması… Təsəvvür edin, küçədə, yolda yüz adam var. Əlli nəfər hər şeydən giley-güzarlı və şikayətli, digər əlli nəfər isə (əsasən də gənclər) əlində telefon bəzi səviyyəsiz şəbəkələrdə yüngül “paylaşımların”ın ardınca düşüb… Əsl problemi yaradan əsas amillər bunlardır mənə görə. Bu mənzərəni ürək ağrısı keçirmədən seyr etmək mümkün deyil. Şəxsən mən kitablarımı satmıram. Kim istəyirsə hədiyyə edirəm. Kənar rayonlarda, şəhərlərdə yaşayan dostlara da poçt və digər vasitələrlə göndərirəm. Üç kitab müəllifi olaraq kitablarıma heç vaxt qazanc gözü ilə baxmamışam. Təki hamı kitab oxusun. Kitabsız həyatın, kitabsız mühitin bizi hara apardığı isə kitabı qəlbən sevən hər kəsə bəllidir. Şəxsən mənə görə ən zəif kitab yüz pis niyyətli adamdan daha üstündür.
– Gənc nəsil arasında istedadına güvəndiyiniz gənclər varmı?
– Əlbəttə var. Biri hal-hazırda mənimlə “dərdləşən”, qısa zaman ərzində bu mühitin sevgisini qazanan, bu mühitdə uğurlu addımlar atan Saqif Zeynal… Daha bir həmyerlimizin adını da ürəklə çəkə bilərəm – gənc şair Cahandar Aybər. Sizin hər ikinizin gələcək ədəbi uğurlarına şübhəm yoxdur.
– Bir qələm adamı olaraq gənclərə nə tövsiyyə edərdiniz?
– Dəfələrə “Ələk” ədəbi məclisində dediyim fikirləri deyirəm həmişə: İddiadan uzaq olmaq, daim mütailə etmək, xüsusən çağdaş ədəbiyyatı yaxından izləmək, xırda, bəsit mövzulardan yan durmaq, heç kimi təqlid etməmək, şeiri qələmlə yox “pozanla yazmaq”, yəni uzun-uzadı, yorucu yazmamaq… Hə, bir də ən əsası – təvazökar olmaq.
– Ədəbi mühitdə sizə ən çox uğur gətirən “Yorğun küçə” şeirlər kitabınız oldu. İstərdim bir az bu kitab haqqında danışasınız.
– Həqiqətən bu kitab mənə çox uğur gətirdi. Kitaba ön sözü hamımızın yaxşı tanıdığı bəstəkar-şair Xanım İsmayılqızı yazdı. Bu da çox təsadüfən baş verdi. O, mənim şeirlərimlə sosial şəbəkədə tanış olmuşdu. Biləndə ki, kitabım çapa hazırlanır, dedi ki, istəyirəm yeni kitabında sənin şeirlərin haqqında bir-iki söz deyim. Mən də məmnuniyyətlə razı oldum. “Yorğun küçə” həcmcə kitablarımın ən kiçiyidir. İçərisində cəmi 43 şeirin yer aldığı bu kitaba respublikanın neçə-neçə dəyərli söz adamları özümü tanımadan, görmədən resenziya-rəy yazdılar. Bu mənim üçün ən sevindirici hal idi. Ədəbiyyatdakı, poeziyadakı “küçə” və küçə mövzuları həmişə məni narahat edirdi, özünə çəkirdi. Kitabdakı şeirlərin çoxu da “küçə silsiləsindən” olan şeirlər idi. Bəlkə də mənə uğur gətirən elə bu oldu, bunu dəqiq deyə bilmərəm. Və hiss edirəm ki, mənim küçə haqqında olan şeirlərim hələ bitməyib. Nə vaxtsa yenidən “küçəyə qayıdacağam”…
– “Dünyaya gecə gəldim mən,
Adımı Gündüz qoydular…”
– (Gülür) Sözün açığı bu iki misranı necə yazmışam, necə demişəm, özüm də bilmirəm. Şeirdir də… Bildiyim budur ki, mən gecə saatlarında doğulmuşam. Səhərisi gün Günəş çıxanda isə bütün rayonumuzun daim böyük sevgi və ehtiramla andığı mərhum atam Sevindik müəllim mənim adımı Gündüz qoyub. Beləcə Gündüz Sevindik olmuşam.
– Sonda bir sual da verim. İndi necə darıxırsınız?…
– Bəlkə də indi daha çox, bir qədər də maraqlı darıxıram… Görəsən daha sonra nə olacaq – deyə. Yaşımın 43 olmasına baxmayın, mən hələ ki, böyüyürəm:
Nə qədər yazsa qəzəl Gündüzə şair deməyin,
Çünki mən arzulayan Gündüzə həsrətdi könül…
Söhbətləşdi: Saqif Zeynal