Mənim “taclı” günlərim – Məhsəti Musа

698

Həmin gün yaxşı əhval-ruhiyyə ilə rayon qəzetinin Böyük qələbəmizə həsr olunmuş nömrəsini hazırlayırdıq. Son səhifəni bitirirdik ki, telefonuma zəng gəldi. Salamın ardıyca dərhal COVİD-19-la bağlı vermiş olduğum analizin cavabının pozitiv olduğu bildirildi (işdə hər həftə analiz veririk).

Qulaqlarıma inanmadım:

– Necə yəni? Axı mən heç bir narahatçılıq hiss etmirəm.

– Yox, bunun aidiyyatı yoxdur. Nəticə pozitivdir.

Və ürküdücü səslə davam etdi:

– Dərhal iş yerinizi tərk edin, evdə heç kimlə ünsiyyətdə olmayın, ayrıca otaqda müalicə alın. Ailə üzvləriniz təcili analiz versin. Tezliklə iş yeriniz, eviniz dezinfeksiya olunacaq… Tez tərk edin oranı…

Canıma istilik gəldi. Şələ-küləmi yığıb həyəcandan maşın da çağırmadan piyada evə yollandım. Yolboyu mənə elə gəldi ki, hamı məndən qaçır, ehtiyat edir. Özümü terrorçu kimi hiss edirdim. Evdə də vəziyyəti izah edib ayrıca otağa keçdim. Xəbər ildırım sürəti ilə dost-tanışa çatdı. Zəng edənlərin həyəcanlı səsləri olan-qalan ümidimi də əlimdən aldı. Əslində, ümid verən, adi hal olduğunu söyləyən, öz təcrübəsinə əsasən lazımi məsləhətlərini əsirgəməyən saysız-hesabsız dost-tanış zənglərinin özü elə bir müalicə sayılmalı idi. Amma nədənsə bu qədər səmimi, dostcasına zənglərin içində iki-üç mərdimazarın qandonduran “fəryadı” daha çox ilişib qalmışdı yaddaşımda. Bu adamlar sanki məqam güdürlərmiş. Həyatın çox maddi və mənəvi sınaqlarından gülə-gülə keçən məni bir günün içində özümə qapandırdılar. Həyatım boyu belə ruh düşkünlüyü yaşamamışdım. Növbəti gün mısmırıqlı həkimin canından can verirmiş kimi əzablı şəkildə resept yazmağından sonra mənə elə gəldi ki, başım, gözüm, bütün sümüklərim ağrıyır. Evə döndükdən sonra sızıldamağa, zarımağa başladım. Zəng vuranlarla danışanda da hiss etdim ki, səsim qeyri-ixtiyari olaraq boğuq çıxır. Bundan əvvəlki müalicəmdən qalanlar da əlavə olunmaqla masanın üstündə qalaqlanmış dava-dərmanlar… Otağa girməyə can atan uşaqlara edilən qadağa… Bir az nasazlayan kimi başımın üstünü alan qohumların indi ürək edib bizə gələ bilməməsi… Elə bilirdim son günlərimi yaşayıram. Bununla bağlı sosial şəbəkədə də qəmli (sonra buna çox güləcəkdim) bir status paylaşdım. Uşaqlara vəsiyyət etməyi də düşünürdüm. Qızımı qardaşına tapşıracaqdım, onu incitməməsini xahiş edəcəkdim. Məndən sonra övladlarıma bir az babat analıq edə biləcək bir neçə xanımı da xəyalımdan keçirmişdim və bu haqda bir kağızda qeyd etməyi planlaşdırırdım. 13 yaşında “eşq”ə düşüb 15 yaşında sevgilisindən ayrılan yeniyetmələr kimi “həsrət dolu”, nisgilli mahnılar dinləməyə başlamışdım. Artıq “Ölməkdə olan qu quşunun sonuncu nəğməsi” adlı səfeh və ənənəvi şeir yazmaq məqamı çatanda sanki yuxudan oyandım. Düşdüyüm əcaib, miskin duruma nəzər salınca xəcalət çəkdim. Özümə sual verdim:

– Ay adam, sənin haran ağrıyır?

Sonra cavab axtarmağa başladım. Tapmadım. Anladım ki, əslində, heç bir ağrım yoxdur. Kiçik bir sızıltı da hiss etmirdim özümdə. Əlimlə yüngülcə başıma bir qapaz endirib güldüm.

Bundan sonra tanışlardan gələn zənglərə aydın səslə cavab verdim. Çox incə və aydın səslə. Sən demə, səsimdə də problem yox imiş. Sadəcə, özümdə yaratdığım xofdan səsim də boğulurmuş.

Daha bir xəstəxanadakı müəyyən müayinədən sonra aldığım xoş xəbər, oradakı həkimin mənimlə etdiyi zarafatyana söhbət, xəstəliyimin çox yüngül və qorxusuz olmasını söyləməsi əhvalımı tamamilə yaxşılaşdırdı. Və mən bir şeyi dəqiq anladım. Ruh düşkünlüyü bu bəlanın ən yaxın dostudur. Buna ətrafdakıların düşünülməmiş davranışı, virusa yoluxmuş insana ötürdüyü mənfi enerji də daxildir. Qeyd olunanlar koronavirusun öz simptomlarından daha qorxulu və öldürücüdür. Məni xəstəlik yox, əvvəldə qeyd etdiyim o bir-iki nəfərin hay-küyü, vahiməli danışıqları öldürəcəkdi. Nə yaxşı ki, özümə tez gəldim. Nə yaxşı ki, hər zamankı pozitiv əhvala köklənə bildim. Zəng vuranları, sosial şəbəkədə yazanları zarafatlarımla, xoş ovqatla cavablandırmağı bacardım. “Elnən gələn bəla toy-bayramdır” deyərək məni yıxa bilməyən xəstəliyi özüm yıxmağı qarşıya məqsəd qoydum və məhz ruh yüksəkliyimlə, xəstəliyi küçümsəməklə bunu bacardım (təbii ki, təcrid olunmuş şəkildə müalicə də öz yerində).

Bütün bu yazdıqlarım koronavirus pandemiyasının qorxusuz olması anlamına gəlmir. Bu bəla var, sürətlə yayılır və bəzi hallarda ölümcül təhlükəsi də qaçılmazdır. Qorunmaq, qaydalara əməl etmək mütləqdir. Əlini yelləyib “əşi, koronavirus nəəəzir?” deyə qəhrəmanlıq edirmiş kimi qabaqlayıcı tədbir görməkdən imtina etmək öz sağlamlığına qarşı məsuliyyətsizlikdən başqa bir şey deyil. Təhlükə bütün evlərin qapısının ağzında dayanıb içəri təpilməyə məqam axtarır. Bu günlər ərzində xəstəxanalarda gördüklərim, o cümlədən, müxtəlif bölgələrdən olan tanışlar arasında yoluxanların sayının sürətlə artması bunu əminliklə yazmağıma əsas verir. Amma həkimlərdən və bu virusa yoluxmuş insanların yaxınlarından, dostlarından dönə-dönə xahiş edirəm ki, dilinizi şirin edin, xəstəni ruhdan salacaq sözlər işlətməyin, artıq yoluxmuş olan bir insana koronavirusun törədə biləcəyi fəsadlarla bağlı izahat vermək lazım deyil axı. Əgər xəstəliyin ciddiliyini anlayıbsa, müalicə alırsa, ona yalnız ümid vermək, xoş ovqat yaratmaq, sağalacağına inandırmaq, ölən insanları yox, sağalan insanları misal çəkmək gərəkdir.

Bir də, neçə gündür işə qayıdacağım günü təsəvvürümə gətirirəm. Kabus görmüş kimi gözünü bərəldib uzaq qaçan adamları görürəm xəyalən. Doğrusu, xəstəliyin “tacı” başıma qoyulmazdan öncə mən də koronavirus sözünü işlətməkdən belə ehtiyat edirdim. Sanki sözün özündən də yoluxmaq olarmış kimi… Bu adla bağlı o qədər vahimə yaradılıb ki, istər-istəməz yoluxmuş insanın adı gələndə gözə görünməməyə çalışırsan. Və bu dəfə yoluxan mən olduğum üçün özümü psixoloji olaraq bu “qaçmalara” hazırlamışam. Anlayıram ki, bu, normaldır, hər kəs özünü qorumalıdır. Sağalmış olsam belə, bir müddət insanların məndən ehtiyatlanmasına alışmalıyam. Belə deyək, onların yerinə mən də olsam, eyni addımı atardım. Amma buna hazırlana bilməyənlər də var və ətrafdakıların diqqətçəkən şəkildə gen gəzməsi onlarda müəyyən sarsıntılar, özünə- qapanmalar yarada bilər. Ona görə, arzu edərdim ki, həmin insanların yanında him-cimlə, qaş-gözlə danışmayasınız, ehtiyat etdiyinizi qabartmayasınız.

Hə, bir də yadıma düşmüşkən, COVİD-19-a yoluxmuş insanlardan ricam var. Gizlətməyin bunu. Lap yüngül keçirsəniz belə, xəstəliyinizi açıqlayın. Özünüzü təcrid edin. Ətrafdakıları yoluxmaqdan qoruyun. Siz bununla digər insanları da vadar edəcəksiniz ki, koronavirusa yoluxduğu zaman bunu gizli saxlamasın. Gizlətdiyimiz xəbər əlavə onlarla insanın yoluxmasına səbəb olur və bu da hamıda yüngül keçmir. Boğulmalar, ağırlaşmalar və nəhayət, ölümlə nəticələnə bilir ki, burada birbaşa biz günahkar sayıla bilərik. Odur ki, təkəbbürümüzü kənara qoymalı və başqa insanların həyatını təhlükəyə atmamalıyıq. Mən sosial şəbəkədə koronavirusa yoluxmağımla bağlı bir az zarafatyana da olsa paylaşımlar etdikdən sonra bəzi qohumlar məni qınadı ki, niyə elan edirsən? Amma bundan sonra daha bir neçə paylaşım etdim. Bilərəkdən etdim. Kiminsə ordan-burdan eşidib məni görəndə xısın-xısın danışmağındansa, qoy açıq şəkildə özümdən öyrənsin… Bundan sonra mənə o qədər etiraflar gəldi ki, xəstəlik dövründə keçirdiyi hissləri bölüşənlər oldu ki… Hansı ki, bugünə qədər susmuşdular…

Özünüzə yaxşı baxın! Qaydalara riayət edin! Amma buna arxayın olmayıb arada analiz də verin!

Arzu edirəm ki, analiz nəticələriniz neqativ, əhvalınız isə pozitiv olsun!

Məhsəti MUSA