Gündüz SEVİNDİK – Məhsəti Gəncəviyə Cavi Danə baxış…

987

Yazıçı Cavi Danın “Məhsəti” romanı klassik ədəbiyyatımızda “Rübainin Ana”sı hesab olunan Məhsəti Gəncəvinin onsuz da bizə tam gəlib çatmayan, bir çox məqamları qaranlıq qalan, bir o qədər də maraqlı və  acı taleyindən, əzabkeş həyatından bəhs edir. Elə ilk səhifələrdəncə gözümün özünə səhranın qaynar qum-toz burulğanında ilğımdan irəli fonda “əsən” boynu zınqırovlu dəvələr, bu dəvələrin yanı ilə irəliləyən və elə bu dəvələr kimi öz talelərinə boyun əymiş, həyatın onlara bəxş etdiyi hər bir əzabla, məşəqqətlə, öz tənhalıqları ilə barışmış susuz və sevgisiz səhra “obrazlı” insanlar gəldi. Dil və üslub, əsərdə sərbəst “danışa bimək” qabiliyyəti, bədiilik və çox maraqlı Şərq atmosferi romanı oxuyan hər kəsi asanlıqla öz dramatik aurasına sala bilir. Hətta əsəri oxuduğum bəzi məqamlarda mənə elə gəldi ki, məni lap uzaqdan həzin ud, qanun, rübab səsləri də müşayiət edir. Bu, əlbəttə müəllifin əsərə, əsərdə yaratdığı bədii mənzərəyə peşəkar yanaşma tərzinin göstəricidir. Bir xanım dəsti-xətti, qadın səliqəsi dərhal hiss olunan “Məhsəti” romanında demək olar ki, hər bir cümlənin tozu alınmış, hər abzasındakı, hər məqamındakı məna dibçəklərinə həssaslıqla qulluq edilmişdir.   Hiss elədim ki, bu əsəri ən son hərfinə qədər oxuyacağam…

“Məhsəti” romanı müasir nəsr ədəbiyyatındakı bir çox yazıçıların öz əsərlərində sərgilədikləri az qala artıq ənənə halını almış adi ailə-məişət zəmnində baş verən gündəlik ər-arvad “müharibələrindən”, rüşvətdən, yalandan, riyadan, murdar söyüşlərdən, araq-popiros və kirli yataq qoxusundan uzaqdır… İstənilən müəllifin şəxsi xarakteri, dünyagörüşü, sevgisi və nifrəti, dünyada  və mənsub olduğu cəmiyyətdə baş verən hadisələri görmə, dərketmə qabiliyyəti necədirsə, qələmindən çıxan hər bir cümlə də onun özüdür, öz nəfəsidir, ədəbiyyatda qoymaq istədiyi imzasıdır  əslində. Bir bənd şeir oxu, deyim kimsən – prinsipim burda da keçərlidir. 

Mən heç vaxt filmə baxmıram, rejissora baxıram, dünyanın ən bahalı, möhtəşəm rəsm əsərinin qarşısında əslində rəssamın barmaqlarını və eşqini izləyirəm, musiqiyə deyil, bəstəkarın mənə “deyəcəyi” ən son səsi axtarıram, yazıçını, şairi oxumuram, müəllifin necə “can verdiyini” görməyə çalışıram. Cavi Dan ürəklə “can verən” yazıçıdır… 

Müasir ölkə rəhbərlərinin müvəqqəti bir uğura görə idmançılara bu qədər pul ayırmağındansa, XI əsrdə qalmış Sultan Səncər kimi –  Söz sahiblərinə, ölməz əsərlər yaradan şairlərə kiçicik diqqət və qayğı ilə yanaşsaydılar indi dünyada bircə dənə də olsun güllə atılmazdı, bir terrorçu olmazdı, hətta “Koronavirus” deyilən bu nəsnə “peyda olmazdı” bu dünyada… şair və yazıçıların çiçək nəfəsi ilə gülə bürünərdi hər yan. Gül-çiçəyin altında qalardı bu dünya… Çünki  o zaman dünyaya tək bircə hakim, bircə Güc başçılıq edərdi – bütün gözəllikləri, müqəddəslikləri, incəlikləri özündə ehtiva edən Həzrəti–SÖZ… XXI əsrdə yaşamaqla deyil, XI əsrdəki ədəbi mühitə olan sevgidən nümunə alacağımız ədəbi tərbiyəyə ciddi ehtiyac var… XI əsrin hakim sultanı idi Məlikşahın oğlu Muizəddin Əbudüddövlə Əbu Haris Əhməd Səncər (Sultan Səncər) – Məhsəti Gəncəvini “Toxunulmaz Şəxs” elan edən… 

Cahil, avam, patriarxat bir mühitdə –  ictimai-siyasi işlərdə kişilərin üstünlük təşkil etdiyi cəmiyyətdə (gerçəkdə isə bütün işlərdə) Məhsəti Gəncəvinin bataqlığın içində parlayan mirvari dənəsi kimi bərq vurması namümkün idi bəlkə də. Hər yanda, demək olar ki hər evdə amansız qadın “mühafizəkarlığı”, din altında insanları və cəmiyyəti (xüsusən yaradıcı qadınları) hədələyən barmaqların at oynatdığı bir mühitdə Məhsəti olmağın, tənha, kimsəsiz, köməksiz bir qadın olaraq bu cəmiyyətə şeirlə, musiqi ilə cihad etməyin, asi çıxmağın və sonda qəbul olunub sevilməyin qəhrəmanlıqdan başqa ikinci bir adı yoxdur.  Düzdür, Cavi Dan xanım romanın baş qəhrəmanına kifayət qədər əzab verib, demək olar ki, hər üç səhifədən bir ağladıb, dildən-dişə çox salıb, onu bir şair-qadın olaraq uğursuz eşq bağında budaqdan-budağa atıb. Şairin həyatında elə həssas mövzular, deyilməsi bəlkə də lazım olmayan, danışılası gərəkməyən epizodlar var ki, müəllif belə məqamlarda Məhsətiyə rəhm etməyib… Bəlkə nəyisə demək lazım deyildi? Lazım idisə, bəlkə “qılıncı yerə qoyub, silahsız demək lazım idi?!” – deyə düşündüm… Sonda etiraf etdim ki, bu “amansızlıq” qəhrəmanın uğursuzluğudursa, eyni zamanda özü də bir xanım olan  Cavi Danın uğurudur.  Bu uğur  isə səmimiyyətdə, hər şeydən əvvəl bir qadın yazıçı olaraq onda olan cəsarətdə və müasir söz alıcısından ədəbiyyatın ən böyük tələbi olan heç nəyi gizlətməməkdədir. 

“Məhsəti” romanı bu gün mütləq oxunmalıdır. Ona görə oxunmalıdır ki, romanda yer almış hər bir obraz, hər bir surət əslində elə biz özümüzük. XXI əsr insanının XI əsr variantı olan həmin insanlar. Əsərdə elə kamillik məqamını fəth etmiş obrazlar var ki, bundan 1000 il sonra da bəlkə  o təfəkkürə, o dərketməyə çatmaq mümkün olmayacaq.  Romanda baş verən hadisələrin, proseslərin içində şeirə, sənətə, musiqiyə, həssaslığa, işıqlı ruha, dərin mənəviyyata zidd olan bir tip var – Mustafa iman… Bu adı niyə çəkdim, bu adamın adını niyə vurğuladım? Yaşadığımız ən müasir dövrümüzdə təəssüf ki, indi də Mustafa İmanların hələ də var olduğu – fikrini deməyim üçün çəkdim bu adı… Deməli, dəyişən əyin-başımızdır, tikdiyimiz evlərimizin formasıdır, mobil telefonumuzdur, evimizdəki ən son buraxılış olan məişət avadanlıqlarıdır. Təfəkkürümüzdə, dünyagörüşümüzdə, ədəbi-bədii axtarışlarımızda, müşahidəçilik qabiliyyətimizdə və nəhayət qəmlə Dərdi, Eşqlə sevgini, adamla İnsanı, Allahla fələyi ayıra bilməməkdə nə qədər kasıbıq biz… Məhz, qəmlə Dərdi, Eşqlə sevgini, İnsanla adamı, Allahla fələyi ayıra bilmək üçün Cavi Danın “Məhsəti” romanını mütləq oxuyun!

Cavi Dan sevgi yox, EŞQ yazıçısıdır! Qəlbində, özündə EŞQ adlı bu müəqqədəs Yükü gəzdirə bilməyən kimsə nə Məhsətini, nə də müəllifi görə bilməyəcək… Eşqiniz kamil olsun! Axı bu dünyada ən böyük söz cəmi üç hərfdən ibarət olan EŞQ sözüdür! 

Gündüz SEVİNDİK