Respublikamızın hər yerində olduğu kimi, rayonumuzun ümumtəhsil məktəblərinin məzunları da bu il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında uğurla iştirak etmişlər. Koronavirus pandemiyasının törətdiyi çətinliklərə baxmayaraq, yüksək nəticələrlə respublikanın nüfuzlu ali təhsil müəssisələrinə daxil olublar.
M.Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəbinin məzunu Vüsalə Məmmədzadə rayon üzrə ən yüksək nəticəyə imza atmışdır. O, 668 bal toplayaraq, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunmuşdur.
Qəbul imtahanlarında rayon ümumtəhsil müəssisələri arasında Hindarx qəsəbə 1 saylı tam orta məktəbinin yetirmələri xüsusi ilə fərqləniblər. Sözügedən təhsil ocağından daha çox, 31 nəfər məzun tələbə adını qazanıb. Bundan başqa, M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseyindən 27, Ağcabədi şəhər 9 saylı tam orta məktəbindən 27, M.Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəbindən 28, Ağcabədi şəhər 2 saylı tam orta məktəbindən 21, Qaravəlli kənd tam orta məktəbindən 24, Ə.Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbindən 19 nəfər məzun ali məktəblərə qəbul imtahanlarında yüksək ballarla tələbə adını qazanıblar.
İnanırıq ki, rayonumuzun tələbə gəncləri dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğıdan ruhlanaraq, ali təhsil illərində də daha böyük nailiyyətlər qazanacaqlar. Onlara təhsildə və həyatda uğurlar diləyirik!