Nicatımız birlikdədir! – Məhsəti MUSA

Məşhur Çin filosofu Konfutsinin tələbəsi ondan soruşur:

-İdarəetmə nə deməkdir?

-İdarəetmə o deməkdir ki, kifayət qədər ərzaq var, kifayət qədər əsgər var və bir də inam var.

-Əgər bu üç şeyin birindən imtina etmək zərurəti yaransaydı hansından imtina edərdiniz?

-Əsgərdən.

-Daha birindən imtina etməli olsaydınız?

-Ərzaqdan imtina edərdim.

Cavabdan da aydın olur ki, inam böyük gücdür. Uğur üçün hər şeydən öncə inam lazımdır. İnam olmayan yerdə birlik, birlik olmayan yerdə isə qalibiyyətdən danışmaq mümkünsüzdür. Son günlər bunun təsdiqini bir daha görürük. Azərbaycan xalqı öz rəhbərinə bütün varlığı ilə inanır. Hətta daim əks mövqedə dayananlar da ölkə başçısının qətiyyətini, ədalətin bərpası uğrunda yalnız irəli addımladığını, geriyə yol olmadığını dəfələrlə bəyan etdiyini görüncə onun ətrafında sıxlaşmağa başladılar. Bəlkə də, bəziləri tərəfindən gəlişi xoş söz kimi işlədildiyi düşünülən “yumruq kimi birləşmişik” fikrinin əslində bir həqiqət olduğu ortaya çıxdı. Xalq öz rəhbərinə tam səmimiyyətlə inandı, onun hər kəlməsini, hər fikrini əzbərlədi, ondan sitatlar gətirdi. Hər kəsin qulağı səsdə qaldı: – “Bu gün ölkə başçısı hansı şad xəbəri verəcək”- deyə. Kiçik uşaqlardan tutmuş yaşlı nəslin ən “yorğun” nümayəndələrinə qədər hər kəs televiziya ekranlarında onun simasını görən kimi həyəcanla izlədi, söylədiklərini yaddaşına həkk etməyə çalışdı. Çünki, Prezident xalqın dili ilə danışır, xalqın ürəyindən keçənləri dilə gətirir, xalqın arzusunu reallaşdırır. İllərdən bəri insanlarımızın boğazında düyünlənib qalan, özümüz deyib, özümüz eşitdiyimiz, beynəlxalq təşkilatlardan dəstək gələcəyinə ümid edərək susub ürəyimizdə boğduğumuz fikirləri bu gün Cənab Prezident birbaşa dünyaya çatdırır. Haqq səsimizi hər yerdə eşitdirir. Bu gün hər kəs bir nəfər kimi Ali Baş Komandanın əmrinə hazır dayanıb. Bu gün xalq-ordu birliyi təkcə silahımızın yox, həm də inamımızın gücü ilə qalib gələcəyimizi göstərir. Biz bu inamla necə qüdrətliyiksə, qarşı tərəf öz gücünə də, öz rəhbərinə də olan inamsızlığı ilə o qədər miskin, o qədər bədbəxtdir. Bu inamsızlığın sübutu üçün kifayət qədər faktlar, görüntülər var. Amma ən dəhşətli nümunə döyüşdən qaçmaması üçün ayağı zəncirlənmiş erməni əsgərləridir. Bundan o yana nəyi isə təsvir etməyə ehtiyac yoxdur. Ermənilər artıq illərlə necə aldadıldıqlarının fərqindədirlər. Qarabağda “Yallı” gedən, azərbaycanlıları qorxaq adlandıran N.Paşinyanın iç üzü ortadadır. Öz qorxaqlığı, səriştəsizliyi, savadsızlığı ucbatından ölümə yuvarladığı, inamlarından sui-istifadə etdiyi “xalq” özü gec-tez onu məhv edəcəkdir. Azərbaycan xalqı isə öz rəhbərinə inanır. Xalq ona, o da xalqına arxalanır. Cənab Prezident öz çıxışında da vurğulamışdı: “İradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq-tarixi qələbə çalırıq. Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir və gələcəkdə də bu qələbələr davam edəcək.”

Uşaqlıq illərim müharibənin alovlanan və sonra yavaş-yavaş sakitləşən vaxtlarına düşüb. O zamanlar bir mahnı tez-tez radioda səslənirdi. Sözlərindən məhz bu bənd yadımda qalıb:

Nicatımız birlikdədir,
Bizə birlik gərəkdir.
Azərbaycan torpağına
Səfərbərlik gərəkdir.

Bu gün həmin gündür. Biz birlikdəyik, güclüyük, inamlıyıq! Çox sözlər deyiləcək, çox fikirlər dəyişəcək, çox araqarışdıranlar meydana çıxacaq. Yetər ki, biz yumruq olmaqdan çəkinməyək. Ruhdan düşməyək! Öz gücümüzə və böyük qələbəyə ürəkdən inanaq. Gücümüz, inamımız, birliyimiz sarsılmasın! Biz qalib gələcəyik!

Məhsəti MUSA

Şərhlər