Ağcabədi rayonunun Qiyamadınlı kəndindən olan və Rusiyanın Perm şəhərində yaşayan 40 nəfər iş adamı II Qarabağ müharibəsində şəhid olmuş Qiyamadınlı kənd sakini Quliyev Arzu Məhəbbət oğlunun ailəsinə, həmçinin Qiyamadınlı kəndindən 5, Gələbədin kəndindən isə 3 nəfər müharibədə yaralanmış həmkəndlilərinin müalicəsi məqsədi ilə onlara hər ay təqaüd verilməsi barədə təşəbbüs irəli sürmüşlər. Vətən yolunda, torpaq uğrunda şəhid olan və yaralanan yerlilərimizə uzaq Rusiyadan həmkəndlilərinin kömək əli uzatmaları təqdirə layiq hadisədir. Bu bizim bir yumruq kimi birləşərək, doğma torpaqlarımızı göz bəbəyi kimi qoruyan Vətən oğulları ilə ürəkdən həmrəy olduğumuzdan xəbər verir.
Şəhid və yaralı ailələrin üzvləri göstərdikləri maddi və mənəvi dayağa görə həmyerlilərimizə öz dərin təşəkkür və minnətdarlıqalrını bildirirlər.