
İnsandan ötrü dünyanın ən böyük varı, neməti torpaqdır. Çünki torpaq Vətəndir. Doğulduğumuz, ağuşuna əbədi sığındığımız torpaq, Vətən. Torpaqdan başlanan, torpaq olan, elə torpaqda da bitən Vətən.
Vətən torpağı müqəddəsdir. İkinci bir Vətən olmur və ola da bilməz. Bu dünyada təkçə Vətən torpağından pay olmur. Çünki Vətən torpağı əbədi, müqəddəsidr. And, sitayiş yerimizdir Ana Torpaq!
Vətən dünyada göz açdığımız beşik, evimiz, ocağımız, suyumuz, duzumuzdur. Odur ki, vətənpərvər, qeyrətli oğullar Vətəni göz bəbəyi kimi qoruyur, onun uğrunda qan axıdır, şəhid olurlar…
Torpaq, Vətənim mənim! Mən səni ayrılmaz, bölünməz, bütöv qəbul edirəm. Ömrüm boyu başına pərvanətək dolanmağa hazıram. Təki sən yaşa, çiçəklən, ağ gün gör. Mən bu gün varam, sabah isə sənin isti qucağında əbədi yuxuya gedəcəyəm. Sən isə əbədi varsan, yaşayacaqsan:
Böyük Vətən,
bölük Vətən,
Və
bir də,
Dərdi özündən
BÖYÜK VƏTƏN!..
Bu böyük Vətən yolunda, uğrunda neçə, nər oğullar canını fəda etmədi?! Oğullar bu dünyanı gənc yaşlarında tərk edib, özlərini bu torpaq uğrunda odlara atdılar. Təki Vətən inciməsin, kiçilməsin, əbədi yaşasın deyə.
…Hacıbədəlli kəndinin mərd oğulları I Qarabağ savaşında mənfur düşmənə qarşı igidliklə vuruşdular. Canlarını bu əbədi yuvamız olan Vətən torpağı yolunda əsirgəmədilər.
Əliyev Dəyanət Ələsgər oğlu 18 sentyabr 1982-ci ildə Hacıbədəlli kəndində anadan olub. 1989-c ildə Hacıbədəlli kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2000-ci ildə bu məktəbi uğurla başa vurub. 2007-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Ən yüksək postda hərbi xidmətini layiqincə yerinə yetirib. Mərd, dözümlü, vətənpərvər Dəyanət hərbi xidmətin bütün çətin və ağır anlarını yaşayıb. Və bu çətinliklər onda əsl kişi sənəti olan hərbçiliyə böyük həvəs yaradıb. Sözdə yox, işdə hərb sənətinin bütün incəliklərinə yiyələnmək həvəsi onu rahat buraxmayıb. Özünü, qüvvəsini, hərbi biliyini Vətənin keşiyində sayıq durmağa, onu qorumağa sərf edib.
2009-cu ildən müddətdən artıq hərbi xidmətə gedən Dəyanət 2015-ci ildə tank komandiri kursunu böyük uğurla başa vurub. Öz sənətinin kamil bilicisi olan Dəyanət Ələsgər oğlu Əliyev təlim və döyüşlərdə əzmkarlığı, fədakarlığı və ustalığı ilə həmişə başqalarından seçilirdi. Təsadüfü deyil ki, o, dəfələrlə işini yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə komandirlik tərəfindən Fəxri Fərmanlar almış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “95 illiyi yubiley medalı”, Ordumuzun 100 illiyi (1918-2018) Yubiley medalı və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla mükafatlandırılmışdır. 2016-ci ildə Aprel döyüşlərində tank komandiri kimi bu qızğın savaşda xüsusilə fərqlənib. Ölümdən qorxmayan bu cəsur döyüşçü həmişə savaşın içində, ən gərgin yerində olub, vuruşub. Vətən müharibəsinin başlandığı ilk gündən, 27 sentyabrdan bir təcrübəli hərbçi, tankçı kimi savaşa qatılan, ön sıralarda düşmənin bir neçə hərbi texnikasını məhv edən tank komandiri Əliyev Dəyanət Ələsgər oğlu Füzuli uğrunda gedən döyüşdə oktyabrın 2-də ağır yaralanıb. Noyabrın 24-də şəhid olub. Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunub.
…Göstərdiyin qəhrəmanlıq heç zaman, heç bir həmvətənin tərəfindən unudulmayacaq şəhidim, Dəyanət! Sən son damla qanına qədər adın kimi dəyanətli oldun. Qarı düşməni bu torpaqdan qovdun. Bu torpaq sənin oğul, şəhid qanına boyanıb. Onun indi azad nəfəs almasında sənin şücayətin, igidliyin, ən başlıcası isə qanın var. Qanın tökülən torpağımız, Vətən də səni unutmayacaq. Bu torpaqda rahat uyu, şəhid qardaş! Qanın yerdə qalmadı. Qisasın cəbhə dostların tərəfindən alındı…
Adil MİSİRLİ