Rahat uyu, şəhid!

Torpaq bəlkə də dünyada ilk yaranmış canlıdır. Milyonlara həyat verən, sakinləri yolunda özünü öldürüb yaxandır torpaq. Təkcə insanların yox, ağacların, çayların, meşələrin, dağların vətəni, yatağıdır torpaq. Dünyada, həyatda hər nə varsa, hamısının doğma yuvası, ocağıdır torpaq. Bizi yaşadan, yaratmağa səsləyən tükənməz, bitməz bir varlıqdır torpaq. Ağaclar bar verəndə, salxım söyüdün utancaq budaqları baş əyəndə torpağın nəfəsini duyur, onun nə qədər mükəmməl, güclü bir varlıq olduğunu anlamağa başlayırsan…

Torpaq onda məskunlaşan insanların hər bir nazına dözür, qayğısını, dərdini çəkir. Və bizə həyat, yaşam verir torpaq. Biz torpağa hədsiz, sərhədsiz məhəbbətlə bağlı olan xalqıq. Biz torpağı bir an belə unutmur, onun yolunda canımızdan keçməyə həmişə hazırıq. Odur ki, torpaq da bizi sevir, əzizləyir. Xətrimizə dəymir…

Abbasov Toğrul Bayram oğlu 31 dekabr 1990-cı ildə rayonumuzun Hacıbədəlli kəndində anadan olub. 1996-cı ildə Hacıbədəlli kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 2007-ci ildə bu məktəbi müvəffəqiyyətlə bitirib. 2008-2010-cu illərdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Daxili Qoşun Komandanlığında hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra müxtəlif sahələrdə çalışıb. İkinci Qarabağ müharibəsindən bir il beş ay əvvəl ordu sıralarında gizir kimi işləməyə başlayıb. Onun ordu sıralarında həyata keçirmək istədiyi bir çox arzu və istəkləri var idi. Amma həyatda bəzən izah olunması çətin olan bir çox hadisələr baş verir. Yəni həmişə, hər şey bizim istədiyimiz kimi həyata keçmir. Bu da bir həyati qanundur. Biz istəməsək də, bəzən belə hadisələrlə barışmaq məcburiyyətindəyik.

Toğrul Bayram oğlu Abbasov elə müharibənin ilk günü, 27 sentyabr 2020-ci ildə Füzuli uğrunda gedən qızğın döyüşlərdə düşmən gülləsinə tuş gəldi. Yeni ailə qurmuş Toğrul Vətənin azadlığı uğrunda gedən savaşda canını fəda etdi, şəhid oldu.

…Toğrulun dünyamızı vaxtsız tərk etmiş anası Aidə xanım kənddəki uşaq bağçasında çalışırdı. Toğrul anasına çox bağlı idi. Hər səhər tezdən balaca Toğrul anası ilə bağçaya gedər, burada vətənpərvər, qəhrəmanlıq dolu şeirlər əzbərləyirdi. Ən çox sevdiyi oyun isə dava-dava oyunu olardı. Hərbçi sənətini seçməsi də elə uşaqlıqdan anasının, bağça müəllimlərinin ona aşıladıqları Vətən ruhlu, vətənpərvər tərbiyədən irəli gəlirdi. O, böyüyüb hərbi sənəti özünə həyat yolu seçdi. Ancaq ölümdən qorxmayan bu gənc 30 yaşında böyük məhəbbətlə sevdiyi Vətən yolunda canını əsirgəmədi, şəhid oldu.

…Toğrulun məzarı kənd qəbristanlığında, ona Vətən torpağını dərin məhəbbətlə sevməyi öyrətmiz anasının məzarının yanındadır. Toğrul indi Vətən torpağının qoynunda, anasının məzarı ilə yanaşı əbədiyyətə qovuşaraq uyuyur. Qəbrin nurla dolsun, şəhid qardaş. Artıq rahat uyuya bilərsən. Sənin buna mənəvi haqqın var. Sən torpaq, Vətən üçün əlindən gələni etdin. Allah sənə rəhmət eləsin!

İlham HƏSƏNOV

Şərhlər