Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir!

Şəhidlik ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir. Mərd, igid oğulları olan xalq heç vaxt düşmənə, yada baş əymir, daim qələbələr qazanır. Bu yolda igidlik göstərib şəhid olanlar, öz parlaq ömürləri, qəhrəmanlıqları ilə seçilənlər zaman keçdikcə əfsanəyə dönür, nəsillərə nümunələrə çevirilirlər.

Vətənimizin bütövlüyü uğrunda vuruşan, onun müdafiəsi naminə canından, qanından keçən igid oğullarımızın xatirəsi daim uca tutulur, hörmət və minnətdarlıq hissi isə yad edilir. İkinci Qarabağ müharibəsində də Vətən oğulları misilsiz qəhrəmanlıqlar göstərmiş, düşməni hərbi texnika və canlı qüvvə sarıdan ciddi itkilərə məruz qoymuşlar. Onlar torpaqlarımızın erməni faşistlərindən azad edilməsi üçün qanlı döyüşlərə atılmış, müqəddəs bir amal uğrunda canlarını əsirgəməmişlər. Həmin döyüşlərdə rayonumuzdan olan gənclər də mərdliklə iştirak etmiş, döyüş meydanlarında böyük qəhrəmanlıqlara imza atmışlar.

Belə qəhrəman həmyerlilərimiz arasında gənc kəşfiyyatçı Əmrah Mamedovun adı xüsusi olaraq çəkilir. Əmrah Qaraş oğlu Mamedov 20 may 1998-ci ildə Ağcabədi rayonunun Poladlı kəndində dünyaya göz açıb. Qorxubilməz kəşfiyyatçı qısa, lakin olduqca mənali, şərəfli bir həyat yolu keçib. O, 2005-ci ildə Poladlı kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. Üçüncü sinifdə oxuyanda onun ailəsi rayonun Salmanbəyli kəndinə köçüb. Əmrah Salmanbəyli kənd tam orta məktəbində təhsilini davam etdirib. İstedadlı şagird məktəbdə dərslərini əla qiymətlərdə oxuyub, nümunəvi əxlaqı, cəsarətliyi ilə müəllim, sinif yoldaşlarının, eləcə də kənd əhalisinin dərin hörmət və məhəbbətini qazanıb.

Ə.Mamedov 2016-ci ildə orta təhsilini müvəffəqiyyətlə başa vurub. O, həmin il hərbi xidmətə çağırılıb. Sərhəd Qoşunlarında qulluq edib. Bacarıqlı gənc hərbi xidməti başa vurduqdan sonra Poladlı kəndinə qayıdıb, burada bir müddət təsərrüfat işlərində çalışıb.

Əmrah hələ məktəbdə oxuyarkən ermənilər tərəfindən Qarabağ torpaqlarının işğal edilməsi, soydaşlarımıza qarşı törədilən vəhşiliklərlə barışa bilmirdi. Böyüyüb boy atdıqca, onun erməni qəsbkarlarına qarşı sonsuz nifrəti daha da alovlandı. Ürəyi mənfur düşməndən qısas almaq hissi ilə daim alışıb-yanırdı. Cəsarətli gənc, erməni cəlladlarına ölümcül zərbə vurmuş, xalqımızın iftixarı Mübariz İbrahimova həmişə böyük rəğbət, məhəbbət hissi ilə yanaşırdı. O, Mübariz kimi qəhrəman olmaq istəyirdi. Şəhidliyi ömrün qəhrəmanlıq zirvəsi hesab edən istedadlı gəncin böyük həvəslə Vətənə, doğma Qarabağa, Mübariz İbrahimova həsr etdiyi şeirlərində bir qəhrəmanlıq, mübarizlik ruhu hökm sürür. Onun Əmrah Poladlı imzası ilə yazdığı bu şeirləri həyəcansız oxumaq mümkün deyil:

Vətənin uğrunda, xalqın uğrunda
Düşmənə göz dağı oldu Mübariz!
Ruhunu ruhuma köçürdü, sanki,
Mənim ürəyimdə qaldı Mübariz.

İkinci Qarabağ müharibəsi başlananda düşmənlərə olan nifrətini süngiyə çevirən Əmrah Mamedov Qarabağ sevdası ilə silaha sarıldı, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qanlı döyüşlərə atıldı. O, müddətdən artıq hərbi qulluqçu kimi könüllü olaraq, Milli Ordu sıralarında Suqovuşan istiqamətində gedən döyüşlərdə əsl qəhrəmanlıqlar göstərib. Onun verdiyi kəşfiyyat məlumatları Ermənistan silahlı qüvvələrinin döyüş nöqtələrinin məhv edilməsində mühüm əhəmiyyət kəsb edib. Əmrah döyüş tapşıqlarının yerinə yetirilməsində göstərdiyi igidliklərə görə dəfələrlə komandanlıq tərəfindən təşəkkürlər alıb. Cəsur döyüşçü Suqovuşan ərazisində gedən döyüşlərin birində, 27 sentyabr 2020-ci ildə öz komandırını xilas etmək istəyərkən, qəhrəmancasına həlak olub.

Əmrah Mamedov şəhidlik yolunu özü seçmişdi. Özünün dediyi kimi, Vətən, namus, qeyrət yolunda can verməyə həmişə hazır idi. Elin cəsur oğlu ölümü ayaq üstə əlində silah qarşıladı. Elə bil, torpaq üçün yaranmışdı, bu igid Vətən oğul. Lakin ölüm qoy, sevinməsin. Əmrah öz igidliyi, rəşadəti ilə ölümə qalib gəldi. Ana, Vətən, torpaq uğrunda ölüm əbədi həyat, şəhidlik zirvəsidir!

Adil MİSİRLİ

Şərhlər