Əbədiyaşar ömür…

Vətən ona oğul olana oğul deyir, qardaşım! Nəbzi Vətənlə bir vuran, amalı, şüuru, ürəyi vətənli olana Vətən oğul deyir. Qanında Vətən ruhu axana Vətən oğul deyir. Vətənpərvərlik, Vətəni sonsuz, hədsiz məhhəbətlə sevmək hissi oğullarla bir doğulur dünyada… Vətən boyda sevgi ilə doğulur insan. Atadan oğula Vətən sevgisi genlə keçir, insanın ilk yaşam məkanı olan ana bətnində ananın qanıyla bir axır Vətən məhəbbəti…

Uşaqlıqdan Vətən sevgisi, torpaq məhəbbəti ilə böyük qəlbi alovlanan, yanan Samirə heç bir məsləhət təsir etmədi. Onu hərbçi olmaqdan heç kim çəkindirə bilmədi. Vətənin bir parçası olan Qarabağımızın işğal altında olduğunu böyük qəlbində qəbul etməyən kiçik Samir böyüyüb hərbçi oldu.

Samir Sabir oğlu Mikayıllı 1 yanvar 1993-cü ildə Ağcabədi rayonun Salmanbəyli kəndində dünyaya göz açıb. 2007-ci ilə şəhid Əlfi Məmmədovun adını daşıyan Salmanbəyli kənd tam orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra C.Naxçıvaniski adına hərbi liseyə qəbul olub. O, hərbi liseyi əla qiymətlərlə bitirərək, 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Komandirlər məktəbinə daxil olub. Elə həmin il Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin göndərişi ilə Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları üzrə Ali Hərbi Məktəbində təhsil almaq üçün qardaş Türkiyəyə göndərilib. 2015-ci ildə sözügedən hərbi məktəbi uğurla bitirən Samir doğma Vətənə qayıdır. Müdafiə Nazirliyinin təyinatı ilə Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Komandanlığında leytenant Samir Mikayıllı xüsusi təyinatlı kəşfiyyat komandiri kimi hərbi xidmətini davam etdirir. 2018-ci ildə Naxçıvan ərazisində “Günnüt” əməliyyatında yaxından iştirak edir. Döyüş meydanında göstərdiyi şücayətə görə növbədənkənar baş leytenant hərbi rütbəsi alır və “İgidliyə görə”  medalı ilə təltif olunur.

İstedadlı hərbçi 2020-ci ilin oktyabr ayının 17-dən Naxçıvan Muxdar Respublikadakı xidmət yerindən döyüşlərdə iştirak etmək üçün Qarabağa göndərilir və xüsusi  təyinatlı kəşfiyyar komandiri kimi döyüşlərə atılır. Müxtəlif ərazilərdə düşmənlə döyüşdükdən sonra 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin mənfur  düşməndən azad edilməsində Samir Sabir oğlu Mikayıllı göstərdiyi rəşadətə görə, elə həmin gün növbədənkənar kapitan hərbi rütbəsi ilə təltif olunur. İgid komandır 9 noyabr 2020-ci ildə Xankəndi şəhəri ətrafında gedən qızğın döyüşlərdə düşmən mərmisinin qəlpəsi ilə ağır yara alır. O, yaralı ola-ola son nəfəsinədək düşmənlə vuruşur və qəhramancasına həlak olur, şəhidlik zirvəsinə ucalır…

Ancaq onun tökülən qanı yerdə qalmadı! Cəbhə yoldaşları tərəfindən Samirin qisası alındı. Ölümündən cəmi bir neçə saat sonra qəhrəman Ordumuzun düşmən üzərində çaldığı parlaq qələbə sevinci Vətənə yayıldı. İndi qəhrəman döyüşçü Samir Mikayıllı Vətən torpağında rahat uyuya bilər. Onun tökülən qanı torpağı cadarlamağa qoymayacaq. Bu torpaqda neçə-neçə əsgər göyərəcək, yeni Samirlər böyüyəcək. Vətənin işıqli gələcəyi öz doğma torpağı uğrunda canını hər zaman fəda etməyə hazır olan Azərbaycan əsgərinin etibarlı əllərində olacaq.

Şəhidlər ölmür, onların ölməz ruhları bizlərə əmanət qalır. İgid Samirin və bütün şəhidlərimizin əmanətləri göz bəbəyi kimi qorunub saxlanılacaq!

 Adil MİSİRLİ

Şərhlər