
Müharibə! Bu ən geniş yayılmış savaş, döyüş növüdür. Əsl məqsəd və mənası çoxlarına sona qədər məlum deyil. Ancaq müharibədə sözlə ifadə etməyin çətin olduğu qəribə, güclü bir cazibə qüvvəsi var. Və bu gizli, gözəgörünməz cazibə qüvvəsi dünyada çox zamanlar bir çoxunu özünə cəlb edir.
Müharibədə əsasən iki tərəf döyüşür. İlk baxışdan savaş torpaq uğrunda gedir. Və burada, sözsüz, tərəflərdən biri haqsız, qəsbkar, istilaçı, o biri tərəf isə haqq, ədalət naminə doğma torpağını mənfur düşməndən qoruyan tərəf olur. 44 gün davam edən ıı Qarabağ müharibəsində biz haqlı tərəf, ədalətin, haqqın tərəfdarları Vətən torpaqlarını işğal edən erməni faşistləri ilə vuruşmalı olduq. Və bu çətin işin öhdəsindən şərəfli gəldik. Çünki bizim Milli Ordumuz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında 27 illik ömür sürən böyük bir haqsızlığa qarşı vuruşurduq. Xalqla iqtidarın yenilməz birliyi, Prezidentimizin hərbi sərkərdəlik biliyi sayəsində biz haqqın, ədalətin tapdalanmasına yol vermədik. Ədalət xalqımızın, ordumuzun timsalında qələbə çaldı. Azərbaycan bəşər tarixində analoqu olmayan bu mübarizədən alnıaçıq, üzüağ çıxdı. Ən müasir silahlarla silahlanan Milli Ordumuz dünyanın dönəmini dəyişərək yeni tarix yazdı. Xalqımızın Qələbə tarixini…
…İkinci Qarabağ müharibəsində yaxından iştirak edən Quliyev Məhəbbət Arzu oğlu 17 noyabr 1993-cü il tarixdə Ağcabədi rayonunun Qiyamadınlı kəndində dünyaya göz açıb. 2000-ci ilin sentyabrında Qiyamadınlı kənd tam orta məktəbinın birinci sinfinə daxil olub. 2011-ci ilin may ayında bu məktəbi uğurla bitirib. 2012-ci ilin yanvar ayından 2013-cü ilin iyul ayına qədər hərbi xidmətdə olub. Sadə kəndçi ailəsində böyüyən bu vətənpərvər elə torpaqlarımızın 27 il əvvəl düşmən tərəfində zəbt edildiyi 1993-cü ildə dünyaya gəlib. Yəqin burada həyata fəlsəfi bir baxışı, yəni torpağımızın işğal olunduğu ildə doğlub. Və o vaxtlar ermənilərin at oynatdıqları torpağın qisasını həmin il dünyaya gələn oğullar bu gün alıb. Məhəbbət də o, oğullardan biri idi. Daima Vətən, Qarabağ haqqında düşünən, narahat olan Məhəbbət öz gənc ömrünü müqəddəs torpaqlarımız uğrunda gedən Vətən müharibəsində fəda etdi. Ordu sıralarından təxris olunandan sonra Məhəbbət şəxsi təsərrüfatla məşğul olub. Ancaq qəlbinin dərinliyində Qarabağ dərdi onu heç vaxt rahat buraxmayıb. Əmisi oğlu Elçin deyir ki, Məhəbbət söhbəti nədən olur, olsun, elə ustalıqla həmişə gətirib Qarabağdan salırdı ki, adam məəttəl qalırdı. Bu onda yerində, məntiqli alınırdı. Söhbət zamanı çılğınlaşır, gözlərindən od tökülürdü. Amma bir az diqqətlə baxanda bu gözlərin dərinliyində düşmən tapdağı altında inləyən torpağımızın sızıltısını sezmək çətin deyildi.
Müharibə başlanan kimi, Məhəbbət böyük coşqu ilə döyüşlərə can atır. Ancaq ona hələ gözləməyi məsləhət görürlər. Bu, Məhəbbəti çox məyus edir. Elçin söyləyir ki, Məhəbbət rahatlıq tapmır, səbrsizliklə cəbhəyə yollanmaq çağırışını gözləyirdi. Və o, sentyabrın 29-da hərbi səfərbərliyə çağırış xəbərini alanda, sanki, üstündən ağır yük götürüldü. Sevincinin həddi-hüddü yox idi. O, bu gün Vətən, torpaq üçün nəsə bir şey edə biləcəyi, düşmənlə vuruşmağa gedəcəyi onu çox sevindirir, qürurlu edirdi. Böyük həvəslə savaşa qatılan Məhəbbət bir çox döyüşlərdə qorxmazlıq, igidliyi ilə fərqləndi. O, cəbhənin ən odlu yerlərində vuruşmaqdan qorxmur, inamlı cəsurluğu ilə örnək olurdu. Artıq müharibədə xeyli təcrübə qazanmış bu igid əsgərimiz 5 noyabr 2020-ci ildə Qubadlı uğrunda gedən qızğın döyüşlərdə geri çəkilmədi, düşmən üzərinə atıldı. Və bu döyüşdə o, şəhidlik zirvəsinə ucaldı…
Adil MİSİRLİ