
Avşarlar qədim Oğuz yurdunun ulu və şanlı elatlarından biridir. Onlar türk dünyasının qorxmaz, döyüşkən, vətənpərvər, dövlətçiliyə və Vətənə sadiq övladlarıdır. Avşarlar tariximizin bütün dönəmlərdə öz cəsarətləri yenilməzlikləri ilə fərqləniblər. Birinci Qarabağ savaşında da avşarlar qorxmazlıqlarını, döyüşkənliklərini, igidliklərini bir daha nümayiş etdiriblər. Həmin illərdə Avşar oğulları silaha sarılaraq müqəddəs torpaqlarımızın müdafiəsinə qalxıb, mənfur düşmənə qarşı qəhrəmanlıqla vuruşublar. Qanlı döyüşlərdə bir çox Avşar oğullar Vətən yolunda şəhid oldu. İgid döyüşçü Namiq Abdullayev göstərdiyi şücayətlərə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu gün onun igidliyi unudulmur, həmişə, hər yerdə qürurla anılır. Avşar kəndindəki oxuduğu orta məktəb şəhid Namiq Abdullayevin adını daşıyır.
İkinci Qarabağ savaşında da Avşar kəndinin oğulları yaxından iştirak ediblər. Onlardan biri də Azad Tapdıqov Azər oğlu torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.
Tapdıqov Azad Azər oğlu 1 yanvar 1997-ci ildə rayonumuzun Avşar kəndində anadan olub. O, 2004-cü ildə Nizami adına 1 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olub. Həmin məktəbi 2015-ci ildə uğurla başa vurub. Elə həmin il Milli Ordu sıralarına çağırılıb. 2017-ci ilin yanvarında ordudan tərxis olunub. Vətən müharibəsi başlanana qədər müxtəlif işlərdə çalışıb. Vətənin bir çox oğlu kimi o da, könüllü olaraq, döyüşlərə atılıb. Vətəni, doğma torpağı hədsiz dərəcədə sevən Azad oktyabr ayının 9-da Füzulı bölgəsində qızğın döyüşlərdə canını fəda edərək, şəhid olub.
Şəhid Azad Tapdıqovun qanı yerdə qalmadı! Onun kimi qeyrətli, ürəyi Vətən boyda olan oğullar düşmənə sarsıdıcı zərbələr endirərək, onu məğlub etdilər. Düşmən böyük itkilər verərək uduzdu, təslim oldu.
…Vətən torpağının qoynunda rahat uyu şəhidim, Azadım! Vətən səni unutmayacaq, daim adın xalqımız tərəfindən şərəflə anılacaq!
Adil MİSİRLİ