
Vətənpərvərlik, qəhrəmanlıq insanın qanında, canında, ruhunda yaranan, ən yüksək, ən ali mənəvi keyfiyyətdir. Bu hisslər, necə deyərlər, anadangəlmə olur, ailədən qaynaqlanır. Yalnız sonralar həmin yüksək keyfiyyətlər cəmiyyətdə inkişaf edir, formalaşır, daha ali məgama çatır. Bu cür mənəviyyəta malik qorxmaz oğullar Vətənini, xalqını, torpaqlarını ürəkdən sevən əsl layiqli, vətəndaş kimi yetişirlər. Onlar ana Vətən dara düşəndə ayağa qalxır, onun yolunda çarpışmağa, yeri gəldikdə, canını belə, qurban verməyə hazır olurlar.
İkinci Qarabağ savaşında Azərbaycan oğulları məhz bu şərəfli yolu seçib, nəyə qadir olduqlarını bir daha sübut ediblər. Milli Ordumuzun igid əsgər və zabitləri erməni faşistlərinin ölkəmizə xain hücumlarının qarşısında mərdliklə sinə gəlmiş, onlara amansız, sarsıdıcı zərbələr vermişlər. Ordumuzun qəhrəmanlığı sayəsində işğal edilmiş torpaqlarımız azad olunmuş, mənfur düşmən üzərində parlaq qələbələr qazanılmışdır. Müzəffər Ordumuzun sıralarında Ağcabədidən olan zabit və əsgərlər də igidliklə vuruşmuş, düşmənə qan uddurmuşlar, əsl qəhrəmanlıq tarixi yazmışlar. Belə cəsur döyüşçülərdən biri də Ceyhun Mustafazadədir.
Ceyhun Şükür oğlu Mustafazadə 27 yanvar 1997-ci ildə rayonun Sarıcalı kəndində anadan olub. O, 2014-cü ildə Muşfiq Uluxanov adına Sarıcalı kənd tam orta məktəbini bitirib. Bacarıqlı gənc 2016-ci ildə Ağcabədi Pedaqoji Kollecinin texnologiya fakultəsini müvəffəqiyyətlə bitirərək, müəllim ixtisasına yiyələnib. Ceyhun həmin il Milli Ordu sıralarına çağırılıb, Naxçıvanda hərbi xidmət göstərib. Həmin vaxt orada, Günnüt kəndinin azad olunmasında fəal iştirak edib, komandanlıq tərəfindən təltif olunub. C.Mustafazadə hərbi xidməti başa vurduqdan sonra bir müddət Milli Orduda müdətdən artıq hərbi qulluqçu kimi xidmət göstərib. İgid döyüşçü Vətən müharibəsi başlayanda Milli Ordumuzun ön sıralarında addımlayıb. O, Cəbrayıl, Füzulı, Zəngilan, Ağdərə və digər rayonların, eləcədə Suqovuşan və Murov strateji yüksəkliklərin işğaldan azad edilməsində misılsız şücaətlər göstərib. Qorxubilməz döyüşçü aparılan əməliyyatlar zamanı komandırləri tərəfindən verilən tapşırıqları yüksək bacarıqla yerinə yetirib, xidmət etdiyi hərbi hissədə böyük hörmət və nüfuz qazanıb. C.Mustafazadə döyüş əməliyyatlarından həmişə qalib kimi qayıdıb, düşmənə ağır zərbələr vurub.
Ceyhunun son döyüşü 12 oktyabr 2020-ci il tarixdə Suqovuşan kəndi istiqamətində olub. O, həmin döyüşdə qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə yüksəlib. Lakin gözlərini həyata əbədi olaraq, yumsa da, onun qanı yerdə qalmayıb. Ermənistan Ordusuna qalib gələn Silahlı Qüvvələrimiz bütün şəhidlər kimi onun da qısasını düşməndən alıb. Bu gün xalqımızın qəhrəman oğlu Ceyhun Mustafazadənin xatirəsi ölkəmizin hər yerində hörmətlə anılır. Onun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
Zəminə Kərimova