Atalar və oğullar – Məhsəti MUSA

İngilis şairi Corc Herbertin fikridir: “Bir ata yüz müəllimə əvəzdir.”

Bəli, ata övladın ilk istiqamətverəni, güvəndiyi, inandığı və əməllərini təkrarlamağa çalışdığı şəxsdir. Sonralar böyüdükcə çox zaman zəmanəsinə oxşayan oğullarla atalar arasında fikir ayrılıqları, fərqli baxışlar meydana çıxsa da, sonda oğullar yenə də atalarını təkrarlamağa başlayır. Bundan sonra öz övladları ilə aralarında daha bir atalar oğullar problemi meydana çıxır. Lakin bu gün söz açacağımız mövzu atalar və oğullar problemi yox, ata və oğulların bir məqsədə, bir amala xidmət edərək əsl vətəndaşlıq nümunəsinə çevrilməyidir. Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndindən olan bir qazimiz-daha doğrusu,onun nümunəvi ailəsi  haqqında məlumat verəcəyik sizə. Atası şəhid, qardaşı hərbçi, özü isə hazırda yaralı olan qəhrəmanımız haqqında… Amma öncə bu övladlara nümunə olan ata haqqında məlumat verək. Həsənov Cavanşir Muradxan oğlu 1994-cü il may ayının 3-də, I Qarabağ müharibəsində Ağdamın Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Vətən üçün canından keçərək əbədiyyətə qovuşan atanın 2 azyaşlı oğlu qalıb. Lakin anaları balaca Məmmədxanla Kamrana həm atalıq, həm də analıq edir. Gənc yaşında həyat yoldaşının itgisi onun gözünü qorxutmur, əksinə daha da mübariz edir. Qardaşlarla söhbət zamanı Kamran bildirdi ki, anam bizi döyüş ruhunda tərbiyə edirdi. Digər vətən oğullarının qəlbində torpaqlarımızın azad olunması ilə bağlı bir istək var idisə, biz qardaşlarda iki istək vardı. Biz həm də atamızın qisasını almaq istəyirdik və anam bizi belə yetişdirmişdi.

Beləliklə hər iki qardaş hərbçi olmağı seçərək Vətən müharibəsində, torpaqlarımızın erməni işğalından azad olunmasında xüsusi fəallıq göstərərək, qəhrəmancasına vuruşublar.  Gizir Məmmədxan Muradxanlı Füzuli istiqamətində, Müddətdən Artıq Hərbi qulluqçu Kamran Muradxanlı isə Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak ediblər

Döyüşlərdə 30-a yaxın erməni döyüşçüsünü təkbaşına məhv edən Məmmədxan oktyabrın 9-da Füzuli uğrunda gedən taktiki döyüşlər zamanı ayağından ağır yaralanıb. İtgilərə və yaralanmağına baxmayaraq döyüşməyə davam edib. Hazırda sağlamlığına qovuşması üçün müalicə alır. Qardaşı Kamran isə hərbi xidmətinə davam edir.

Belə misal var ki, “Əzm nə qədər böyük olsa, məqsədə aparan yol o qədər qısa olar”. Bəli, məhz Cavanşir atadan örnək götürən, mübariz, vətənpərvər ruhda yetişdirilən Məmmədxan kimi, Kamran kimi oğulların əzmi sayəsində cəmi 44 gün ərzində illərin həsrətinə, qübarına son qoyuldu. Torpaqlarımız işğaldan azad edildi.

Döyüşlər zamanı yadda qalan hadisələrdən bir neçəsini  danışmağı qardaşlardan  istəsək də, cavab bu oldu: “Orada o qədər xatirələr var ki… Hansını danışasan, hansı qala?”

Susuram. Hiss edirəm ki, həmin an yaralanan, şəhid olan hərbiçilər gəlib keçir gözləri önündən. Hiss edirəm ki, qələbənin sevinci böyük olduğu qədər döyüş dostunun itgisi də o qədər ağırdır. Və hiss edirəm ki, bu ağır mövzuda danışmaq istəmirlər döyüşdə şir ürəkli, dostluqda isə o qədər həssas, yumşaq olan qardaşlar… Və hissiyyatım məni aldatmır. Son olaraq nə demək istədiklərini soruşanda eşitdiyim cavab bu olur:

“Allah şəhidlərimizə rəhmət eləsin!”

Məhsəti MUSA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər