Döyüş bayraqdarları qrupuna həmyerlimiz Zaur Məmmədov başçılıq etdi

Dekabrın 10-da Vətən müharibəsində əldə edilmiş qələbəyə həsr olunan hərbi parad keçirildi. Möhtəşəm Zəfər paradında Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirən döyüş bayraqdarları qrupuna həmyerlimiz Zaur Məmmədov başçılıq etdi.

Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan Zaur Məmmədov I Qarabağ müharibəsində Ağcabədi rayonu üzrə ən çox şəhid verən Hindarx qəsəbəsindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən həmyerlimiz  Zaur Məmmədov Xüsusi Təyinatlı Qüvvələrin komandanlığında xidmət edir. Şuşa azad olunandan sonra şəhərin ilk komendantı təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 7 deкabr 2020-ci il tarixli Sərəncamına əsasən ona “general-mayor” ali hərbi rütbəsi verilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Məmmədova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Vətən qarşısındakı xidmətlərinə və uğrlarına görə həmyerlimizi təbrik edir, can sağlığı arzulayırıq!

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər