“Aran” qəzeti Ağcabədi rayon Nəcəfqulubəyli kənd sakini İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan Xüsusi Təyinatlı Qoşunun mənsubu, qazi Elmir Rəhimovla müsahibəsini təqdim edir.
– Elmir bəy, baxmayaraq yaralısınız və hazırda müalicəniz davam edir, bizimlə səmimi bir söhbətə razılıq verdiyiniz üçün çox sağ olun. Biz başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla sizə və sizin timsalınızda Azərbaycan Ordusunun igid oğullarına minnətdarıq. Çünki siz canınız, qanınız, sağlamlığınızın itirilməsi bahasına torpaqlarımızı işğaldan azad etdiniz. Azərbaycan xalqının Qarabağ adlı yarasını sağaltdınız, ərazi bütövlüyümüzü təmin etdiniz.
– İstərdim bir az özünüzdən danışasınız. Hərbiyə necə gəldiniz, necə oldu ki, bu çətin, keşməkeşli yolu seçdiniz? Və bu yolda nələrlə qarşılaşdınız?
– Mən Rəhimov Elmir Elburus oğlu 2017-ci ildən “Xüsusi Təyinatlı Qüvvələrin” mənsubuyam. Məktəb illərindən, bu qurum haqda, “Yaşma” haqda çox eşitmişdim. Neçə-neçə qəhrəmanlıq dastanları yazmış, hər bir fərdi vətən üçün fəda olmağa hazır olan bu qurumun bir parçası olmaq mənim ən böyük amalımdan biri idi. Və mən inanırdım ki, bir gün mütləq bu mübarək amalıma çatacağam. 2015- ci ilin oktyabr ayında hərbi xidmətə çağrıldım. Hərbi xidmətimi “Sülhməramlı qüvvələrin” N saylı hərbi hissəsində edirdim. Orada özümü sözün əsl mənasında layiqincə doğrultduğum, lazımi normativ və imtahanları keçdiyim üçün, 2016-cı ilin sonlarında mənə XTQ-dan təklif gəldi. Və mən çox böyük sevinclə, böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Artıq 2017-ci ildən də oranın mənsubuna çevrildim.
Oraya ilk getdiyim günlər düşünürdüm ki, bu cür hərbçilərin hamısı xarici vətəndaşlardır. Sonra gördüm ki, hər biri öz igidlərimizdir və artıq mən də bunu bacarıram. Kurs müddətində idmanla məşğul olmağa başladım və dəfələrlə birinci yeri tutdum. Burada xidmət etmək üçün gərək 6 ay ərzində dözümlü və cəsarətli olasan, verilən tapşırıqları vaxtında və qüsursuz yerinə yetirəsən.
Ölümlə üz-üzə gələrkən, şəhadət zirvəsi bir addımlığımızda olanda və bütün çətin döyüş və əməliyyatlarda bizə sadəcə bir hiss stimul verir, o bizi ruhlandırır. Həmin hissin adı birlik, qardaşlıq və ailə olmaq idi. Biz XTQ-də əsgər, hərbçi yoldaşı yox, böyük bir ailəyik. Orada bizə, ilk olaraq bunu öyrədirlər.”
Xidmətdə olduğum dövrdə biz XTQ-lar olaraq bir çox xarici dövlətlərdə olmuşuq. Vətənimizi, dövlətimizi bacardığımız qədər layiqincə təmsil etməyə çalışmışıq. Məsələn, ötən il Türkiyədə keçirilən “EFES tatbikatı” yarışlarında 23 dövlət arasından 1-ci yerə çıxmışıq. Hansı ki, həmin dövlətlər arasında Pakistan, ABŞ, İngiltərə və bir çox güclü orduya sahib dövlətlər var idi. Ancaq biz “su sahası”, “kuru sahası”, müxtəlif idman yarışları, fərqli silahlardan atış və s. yarışlardan çox böyük fərqlə birinci olduq. Bayrağımızı ucaltdıq.
– Elmir, bəy, özünüz və xidmətiniz barədə müəyyən məlumat verdiniz … Şanlı qələbəmizdən, İkinci Qarabağ müharibəsindəki iştirakınızdan danışmağınızı istərdim.
– Biz sadaladığım və dediklərimdən də çox yarışlara, çətin şəraitlərdə idman, fiziki və psixoloji sınaqlara ona görə qatılırdıq ki, bir gün mütləq Cənab Ali Komandanın döyüş əmri verəcəyindən əmin idik. Çox şadam ki, o günü gördüm və mən də torpaqlarımızın azadlığı uğrunda genişmiqyaslı döyüşlərə qatıldım. Sentyabr ayının 27-si səhər saatlarında düşmənin növbəti təxribatından sonra Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.Biz də Füzuli rayonu istiqamətində Ermənistan qoşunlarını torpaqlarımızdan çıxarmaq üçün döyüşlərə başladıq. Düşmən həddən artıq çox bariyer və “surpriz minalar” qoymuşdu həmin ərazilərə. O torpaqlar bizim olsa da, uzun illər işğal altında olduğu üçün, hər bir coğrafi koordinatları onlar da bilir və biz irəlilədikcə bizi dayandırmaq üçün əllərindən gələn hər nə varsa edirdilər. Bütün silah-sürsat, texnika vasitəsilə dayanmadan üzərimizə bombalar, mərmilər yağdırırdı, irəliləməyimizin qarşısını almağa çalışırdılar. Ancaq getdikcə bizim qətiyyən belə düşüncəmizin olmadığını anladılar. Əlbəyaxa döyüşlər zamanı düşmən tərəfi, “Yaşma gəlib, bunlar onlardır” deyərək, kütləvi şəkildə fərarilik edir, döyüş meydanından qaçırdılar. Onları qovurduq, özü də cənab Prezidentin dediyi kimi, “iti qovan kimi”.

– Döyüş zamanı unuda bilməyəcəyiniz hansı anları yaşadınız? Necə olduki yaralandınız?
– Mən şəxsən, bir neçə gün ağır döyüşlərdə iştirak etdim, müxtəlif yüksəkliklərin, kəndlərin işğaldan azad olunması üçün əlimdən gələni etdim. Ancaq, ağır döyüşlərin birində düşmənin tank taborun məhv etdiyimiz vaxt top atəşi nəticəsində başımdan və belimdən ağır yaralandım və huşumu itirdim. Ayılanda gördüm ki, döyüş yoldaşlarım mənə ilkin tibbi yardım göstərir və məni döyüş meydanından çıxarmağa çalışırlar. Bir az özümü toparladıqdan sonra onları çox böyük israr və təkidlə dayandırdım. Çünki, mən onsuzda yaralandığım üçün döyüş qabiliyyətimi itirmişdim, ancaq istəmirdim ki, mənə görə digər yoldaşlarım da, döyüşlərdən uzaqlaşsın, çünki orada hər bir şəxsin öz görməli olduğu işi var.
– Döyüş zamanı möcüzə adlandırdığınız an olubmu?
– Bəli, mən sürünərək, qan itirə-itirə geri gəlməyə başlamışdım. Arxa cəbhədə olan yoldaşlarıma tərəf. Elə, ən böyük möcüzə o zaman baş verdi. Döyüşçü yoldaşlarımı məni tək getməyə imkan vermələri üçün razı salsam da, əslində halım özümdə deyildi. İki yerdən ağır yaralanmışdım və çoxlu qan itirirdim. Bunlar azmış kimi, geri qayıtdığım yol ağır artilleriya qurğularındanatəşə tutulurdu. Ancaq, çox möcüzəli şəkildə həmin ərazidən keçib gələ bildim.
– Yenidən “ikinci ailənin”, silah yoldaşlarınızın yanına qayıtmaq üçün darıxırsınızmı?
– Əlbəttə. Dövlətimizin göstərdiyi yüksək qayğı nəticəsində sürətlə sağalıram və mütləq şəkildə yenidən silahdaşlarımın yanında yer alacağım günə tələsirəm.
– Sonda oxucularımıza nə demək istərdiniz?
– Mən oxuculara can sağlığı arzulayıram. Bu müharibədə Ordumuzla xalqın birliyi bizim nə qədər böyük olduğumuzu göstərdi. Biz güclüyük və torpaqlarımızı da bu gücümüz hesabına işğaldan azad etdik. Dünyaya sübut etdik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Söhbətləşdi: Orxan KƏRİMOV