
Muğanlı kəndi Ağcabədi rayonunda, Muğanlı inzibati ərazi vahidində, rayon mərkəzindən 24 km qərbdə, Qarqar çayının sahilində, Qarabağ düzündə yerləşir.
Muğanlı toponimi türk mənşəli muğanlı etnonimi əsasında əmələ gəlmişdir. Muğanlı etnotoponimi sadə quruluşlu etnotoponimdir. “Muğ” komponenti “atəşpərəst” mənasını verir. Muğan sözü “Muğ” etnonimi və – an topoformantından ibarətdir. Muğanlılar tərəkəmə camaatı olaraq qorxmaz və döyüşkəndirlər.
Muğanlı kəndinin övladı Fərəcov Fərid Yaşar oğlu 11 noyabr 1998-ci ildə anadan olub. 2005-ci ildə Muğanlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Elə həmin 2016-cı ildə hərbi xidmətə gedib. 2018-ci ildə orduda hərbi xidmətini uğurla başa vuran Fərid doğma kəndləri Muğanlıya qayıdır. Bir müddət şəxsi təsərrüfatla məşğul olur.
Həmişə, hər yerdə Vətən ağrısı, Qarabağ dərdi Fəridi rahat buraxmırdı. Doğma, əzəli torpaqlarımızın mənfur düşmənin tapdağı altında olması onu həmişə fikirli edirdi. O, torpaqların azad olunmasında öz əməyini necə verməsi barədə düşüncələrə qərq olurdu. …Zaman yetişdi. 27 sentyabr 2020-ci il tarixdə xalqımızın düşmənə qarşı apardığı 44 günlük Vətən müharibəsi başlandı. Cəbhəyə, döyüş meydanına atılmağa tələsən Fərid qismən səfərbərliklə əlaqədar orduya çağrıldı. Bir çox döyüşlərdə iştirak edərək, düşmən qüvvələrinin məhv edilməsində qəhrəmanlıq göstərdi. Və Vətən uğrunda gedən döyüşlərin birində, 20 oktyabr 2020-ci ildə qəhrəmancasına həlak oldu. Şəhidliyin zirvəsinə ucaldı.
Canını ana dedyimiz Vətən torpağı yolunda fəda verən və müqəddəs şəhidlik zirvəsini fəth edənləri nə Vətən unudur, nə də vətən övladları. Sən də heç zaman unudulmaycaqsan şəhid Fərid! Unudulmaz əziz xatirən həmişə qəlbimizin ən dərin guşəsində yaşayacaqdır. Qəbrin nurla dolsun, şəhid qardaş!
Adil MİSİRLİ