
Dünya torpaqdan başlayır. Elə torpaqda da bitir. Torpağın adı həm də Vətəndir. Doğulub boya-baş çatdığımız,bizə isti,doğma ocaq olan Vətən. Bizə öz ağuşunda əbədi yer verən məkandır torpaq… Vətən əvəz olunmaz və müqəddəsdir. Bu müqəddəslik uğrunda, həmişə qəhrəman oğullar canlarını fəda edir, torpağı al qanları ilə boyayırlar. Torpağa tökülən oğul, şəhid qanı onu daha da müqəddəsləşdirir, əvəzedilməz edir.
…Biz bu gün varıq,sabah isə dünya ilə vidalaşıb, həyata göz yumacağıq. Vətən torpağı isə əbədiyaşar olaraq dünya durduqca duracaq, onun qoynunda hələ neçə minlərlə oğul dünyaya göz açıb, həyata gələcək. Və bu dəyəri ölçüyəgəlməz Vətənə oğulluq edəcəklər. Vətən isə əbədi yaşayacaq. Bax bunu dərindən anlayan Vətən oğulları bilirlər ki, bu torpaq, Vətən uğrunda qan axıtmağa dəyər.Qoy təki Vətən var olsun, yaşasın. Vətən yaşadıqca onun qeyrətli, Vətən ruhlu oğulları da dünyamızı cismən tərk etsələr də, yenə yaşayacaqlar.Vətənin gələcək, ağ gününü görüb sevinəcək, ruhları da şad olacaq.
Ağayev Naim Süleyman oğlu 29 avqust 1998-ci il tarixdə Ağcabədi rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olub. 2005-ci ildə Muğanlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2016-cı ildə bu məktəbin 11-ci sinfini uğurla başa vurmuşdur. Naim Ağayev 2016-cı ildə hərbi xidmətə gedib, 2018-ci ildə hərbi xidməti başa vuraraq doğma kəndləri Muğanlıya qayıtmışdır. Əsgəri xidməti başa vurduqdan sonra şəxsi təsərrüfatla məşğul olub. Qismən səfərbərliklə əlaqədar olaraq, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak edib.Vətən torpaqlarının qarı düşməndən azad edilməsi üçün bir çox döyüşlərin yaxın iştirakçısı olub. 26 oktyabr 2020-ci il tarixdə Vətən yolunda şəhid olub,əbədiyyətə qovuşub…
Naimin atası Ağayev Süleyman Mülük oğlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib, anası Ağayeva Lalə İbiş qızı isə mədəniyyət evində mədəni-təşkilatçı vəzifəsində işləyir.
Ağayevlər ailəsi kənddə böyük hörmət bəslənilən ziyalı,vətənpərvər ailədir. Məhz buna görə bu nümunəvi ailənin oğlu Naim də vətənpərvər böyümüşdü. Yaxınlarının dediyi kimi, o, Vətənin hər daşı, kəsəyi üçün canından keçməyə hazır idi. Odur ki, Naim ölümdən qorxmadı, onun üstünə getdi. Son nəfəsinədək mənfur düşmənlə vuruşdu. Həlak olub, şəhidlik zirvəsinə ucaldı.
Torpaq, Vətən çox xeyirxahdır, qardaşım. Bunu söz ilə ifadə etmək heç də adama hər zaman nəsib olmur. Ancaq bircə o bəllidir ki, Vətənə oğul olana Vətən də oğul deyir. Vətən övladını, şəhidini öz isti ağuşuna alır. Və ölümündən sonra unudulmayan, ruhu ilə yaşayan oğullarının qayğısını çəkir Vətən. Vətən böyükdür. O, həmişə fədakar, qorxmaz oğullarına ölümlərindən sonra da ana olmağa hazırdır…
Qəbrin nurla dolsun Vətən oğlu, Naimim! Sən həmişə qəlbimizin ən dərin guşəsində yaşayacaqsan!
Adil MİSİRLİ