Vətəni yaşadan oğullar

Babəklər, Koroğlular, Cavanşirlər yurdu olan diyarım həm də Mübarizlər, Poladlar yurdu olaraq yazıldı yaddaşlara. Mübariz ruhlu, Polad əqidəli neçə-neçə qəhrəman oğullarımızın olduğunu bir daha ikinci Qarabağ müharibəsində gördü dünya. Bu vətənin candan da şirin olduğunu şəhid və qazi igidlərimiz, yüzlərlə döyüşçümüz sübut etdi.

Vətəni yaşadan, onu daim uca edən qəhrəman oğullarıdır. Şəhidlik isə ürəyi vətən üçün döyünən hər igidin gözə aldığı müqəddəs yoldur. Şəhidlik vətən torpağına qarışmaqdır, vətən olmaqdır. Ata-ananın, qardaş-bacının, övladlarının, bütün əzizlərinin sənin yoxluğunda çəkəcəyi acılara vətən sevgisinə görə göz yummaqdır.

Qürurumuzu dirçəldən, vətənimizi bütövləşdirən, alnımızın ləkəsini silən qəhrəman qardaşlarımızı xatırlamaq isə bizim borcumuzdur. Tarixə adlarını qanları ilə yazan həmən igidlərin sayəsində mən və mənim kimi minlərlə insan daha bizi üzən, yaralayan qaçqın adını daşımırıq. Onlar Vətən torpağını addım-addım, qarış-qarış düşmən caynağından azad edib bizə qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdılar.

44 günlük müharibədə, şanlı qələbədə canından keçənlərdən biri də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindən olan Məmmədov Sahil Ədalət oğludur. Sahil Məmmədov kəşfiyyatçı gizir kimi cəbhənin Füzuli, Cəbrayıl ve Xocavənd istiqamətində döyüşlərdə qəhrəmancasına döyüşüb. Dəfələrlə qüsursuz xidmətinə görə fəxri fərmanlarla təltif olunub. Vətən müharibəsində Sahil və qardaşı Rahil Məmmədov döyüşlərdə istirak edib. Atası bildirir ki, Sahil müharibənin ilk günlərində xüsusi döyüş əməliyyatı zamanı düşmənin bir postunu məhv etdikdən sonra ikinci postun azad olunduğu zaman düşmən snayperi ilə sinəsindən vurulub. Bununla bərabər həm də kəllə-beyin travması alıb və ayağından da yaralanıb. Vətənə olan məhəbbət onu rahat yatmağa qoymur və hələ tam sağalmamış yenidən Hadruta döyüş yoldaşlarının yanına qayıdır. Elə ordaca vəziyyəti pisləşdiyindən onu Beyləqan xəstəxanasına yerləşdirirlər. Lakin döyüş əzmi ona yaralarını unutdurur ve o təkrar Hadruta qayıdır. Telefonla danışarkən atası ondan səhhətinin necə olduğunu soruşduqda qulaqlarından qan gəldiyini, ancaq bunun döyüşməyinə mane olmadigini bildirir. Səhhəti ilə əlaqədar onu döyüşdən kənarlaşdırmağa çalışsalar da, Sahil özünü yaxşı hiss etdiyini söyləyərək döyüşə davam edib. Və həmin gecə oktyabrın 10-da Xocavənd uğrunda döyüşdə şəhadətə ucalıb, qəhrəmancasına şəhid olub.

Rahat uyu qəhrəman gizir, uğrunda ürəyini bir an belə düşünmədən sipər etdiyin vətən torpağı artıq azaddır!

Pərvin ŞAKİRQIZI

Şərhlər