
Kəbirli kəndi Ağcabədi rayonunda, Kəbirli inzibati ərazi vahidində, rayon mərkəzindən 30 kilometr cənub-qərbdə, Mil düzündə yerləşir.
Kəbirli oykonimi türkdilli qədim xəzərlərin Kəbirli (kəbər) tayfasının adı ilə bağlıdır. Onların xəzərlərin tərkibinə daxil olan kəbər tayfasının nəsilləri olması güman edilir. Xəzərlərin eramızın əvvəllərindən bəri Albaniya (Qafqaz) ilə əlaqələri və erkən orta əsrlərdə bu ərazilərə xəzər ailələrinin köçürülməsi tarixdən məlumdur. Kəbirlilər əsasən Mil və Qarabağ düzlərində yaşamışlar. Onların burada məskunlaşdığı ərazilər Kəbirli mahalı adlanırdı…
Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy kəbirliləri Qarabağın qədim tayfalarından biri hesab edir.
…Kəbirli övladı Qarayev Təhmasib Hikmət oğlu may ayının 18-də 1996-cı ildə Kəbirli kəndində anadan olub. 2003-cü ildə M.Ə.Sabir adına Kəbirli kənd tam orta məktəbinə daxil olub. 2013-cü ildə sözügedən məktəbi uğurla başa vurub. Təhmasib orta məktəbi bitirdikdən sonra hərbçi olmaq, hərb elmi ilə yaxından tanış olmaq istəyib. Amma o vaxt bu vətənpərvər oğulun arzusu ürəyində qalıb. Valideynlərinin təkidi ilə başqa sənəti seçib.Sumqayıt Dövlət Universitetinə qəbul olub. “Dünya iqtisadiyyatı” fakultəsini 2017-ci ildə uğurla bitirib. Elə həmin il bir illik hərbi xidmətə gedib. Bakı şəhərində “N” saylı hərbi hissədə xüsusi təyinatlı kimi qulluq edib. Əsgəri xidməti başa vurub, ordudan tərxis olunan Təhmasib doğma kəndlərinə qayıdıb, qısa müddətdə valideynləri və yaxınları ilə görüşdükdən sonra işləmək adı ilə Bakıya gəlir. Əsgər kimi qulluq etdiyi “N” saylı hərbi hissədə bu dəfə gizir kimi qulluq etməyə başlayır. Atası Hikmət müəllim söyləyir ki, kənddən çıxanda hansı sahədə çalışacağını bizə dəqiq demədi. Ancaq onun hərbçi peşəsini seçməyindən narahat olduğumu bildirdim. Dedim ki, bala bəs o boyda universitet bitirmisən, heç olmasa ixtisasın üzrə işlə.Təhmasibin cavabı bu oldu ki, ata, universitetdə sizin xətrinizə oxudum. Amma indi, artıq böyümüşəm, qoy uşaqlıq arzumun dalınca gedim. Vətən neçə ildir müharibə vəziyyətində yaşayır. Mənim indiki vaxtda, belə çətin zamanda mülki sənət seçməyim doğru olmaz. Torpaqlarımız mənfur düşmənin tapdağı altandadır. Mən rahat yaşaya bilmirəm… Atası “Oğul özün bilən məsləhətdir” deyib, razılaşır.
…Təhmasib bilikli, qoçaq və vətənpərvər idi. Orduda xüsusi həvəslə qulluq edirdi. Nümunəvi xidmətinə görə komandirlər tərəfindən dəfələrlə tərifnamə alıb. Amma o, qəlbinin dərinliyində səksəkəli, narahat idi. Axı Vətənin müqəddəs torpaqları işğal altındaydı… Axır ki, o gün gəlib yetişdi. 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsinin ilk günlərindən Təhamsib ön cəbhədə vuruşan döyüşçülərə qatıldı. O, Murovda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda gedən döyüşlərin fəal iştirakçısı kimi qəhrəmanlıq göstərib. Düşmən qüvvələrinin məhv edilməsində fərqlənib. 23 oktyabr 2020-ci il tarixdə Xankəndi ətrafında gedən qızğın döyüşdə həlak olan Təhmasib şəhidlik zirvəsinə ucaldı. Vətən torpağına qanı axdı…
Təhmasibin yaxın döyüş yoldaşı, Füzulinin Aşağı Yağlıvənd kəndindən olan, ayağının birini savaşda itirən İlkin Elçin oğlu Rüstəmli indi döyüş yoldaşı Təhmasibin valideynlərini unutmur, tez-tez Kəbirli kəndinə gəlir, onlara baş çəkir. İlkinlə Təhmasib haqqında xeyli söhbət etdik. O, döyüş yoldaşı haqqında belə danışdı:
“Təhmasib mənə təkcə cəbhə yoldaşı yox, qardaş kimiydi. Onunla döyüşə gedəndə heç bir şeydən çəkinmir, daha ürəkli olurdum. Çox vətənpərvər, qeyrətli oğul idi. Döyüşdə qorxu nə olduğunu bilməzdi. Gözlərindən qığılcım yağardı. Onun döyüş texnikası, yüksək Vətən ruhu, qorxmazlığı bizə də sirayət edirdi. İndi mən şəhid qardaşım, cəbhə dostum Təhmasibin qoxusunu Kəbirlidə, onun yaxınlarından alıram… Allah şəhid qardaşıma rəhmət eləsin. Qəbri nurla dolsun. Mən onu heç vaxt unutmayacağam. Təhmasib vallah ayrı oğul idi. Gözüm önündən getmir…”
Tək sən yox, əsgər İlkin, biz də xalqımızın, elimizin qeyrətli oğlu, döyüşkən əsgər, şəhid Təhmasibi unutmayacağıq. O, gənc ömrünü bizim bu gün yaşadığımız torpaq uğrunda fəda etdi. Şəhid Təhmasibin əziz xatirəsi, ölməz ruhu həmişə bizimlə bir yerdə olacaqdır…
Adil MİSİRLİ