“Ağ qızıl” üz ağardır

Qızılı payızın günəş işartıları ağ örpəyə bürünmüş pambıq tarlasına öz istilik payını əsirgəmirdi. Sanki günəşin istiliyi ilə pambıq kollarını təbiətin qanunlarının təbiiliyinə səsləyirdi. Deyirdi ki, tələsin, sizi əzizləyən, alın təri ilə bəsləyən adamlara öz payınızı, barınızı son qozasına qədər verin. Hələ ki, havalar əlverişli keçir, bundan maksimum istifadə etmək lazımdır. Hava şəraiti bu gün, ya da sabah mövsümə uyğun olaraq dəyişə bilər. Bax bu zaman hər şey zəhmətkeş əmək adamının əleyhinə işləyər, məhsul yerdə, tarlada qalar…

Bəli, pambıq tarlası əsl hünər meydanıdır. Burada hər anın öz qanunu, hökmü var. Pambığı becərmək, ərsəyə gətirmək necə diqqət çəkirsə, onu vaxtında, itkisiz və keyfiyyətli şəkildə toplamaq bir o qədər də vacibdir.

Təcrübəli sahibkar, rayonumuzun tanınmış pambıqçılarından biri olan Etibar Bəhmən oğlu Şirinovla onun göz oxşayan pambıq tarlasının yanında görüşdük. İşlər necə gedir deyə soruşdum. Etibar bir havaya nəzər yetirdi, bir də pambıq tarlasına göz gəzdirib danışmağa başladı:

– Hər şey öz qaydası ilə gedir. Sanki təbiət də çəkdiyimiz gərgin əməyə öz tövhəsini verir. Mən havaların belə mülayim, əlverişli keçməsini təbiətin pəncərəsi adlandırardım. Elə bil minbir rəngli təbiət biz pambıqçılar üçün bir giriş qapısı, daha dəqiq desək, pəncərə açıb. İndi biz tez bir zamanda bu pəncərədən doyunca nəfəs alıb, onu bağlamalı və təbiətə bir daha sağ ol deyib, öz təşəkkürləmizi bildirməliyik. Yəni artıq tarlalarda yığımın son akkordları gedir. Tezliklə pambıq yığımını başa çatdırmalıyıq. Sonra gec ola bilər.

Etibar Şirinovun belə fəlsəfi cavabı onun əsl kəndçi balası, torpaqla lap erkən çağlardan ünsiyyətdə olduğundan xəbər verirdi. Bu əmək adamının halal zəhməti ilə başa gətirdiyi pambığı tez, itkisiz toplamaq istəyi də, onun təcrübəli bir təsərrüfatçı olduğundan xəbər verirdi. Ondan öz əmək yolundan və faktlarının dili ilə danışmasını xahiş etdim. E.Şirinov fikirləşmədən belə söylədi:

– 1969-cu ildə Qaradolaq kəndində doğulmuşam. Orta məktəbi bitirdikdən sonra 1987-1989-cu illərdə ordu sıralarında xidmət etmişəm. Əsgərlikdən sonra bir müddət “Aqşin” Kəndli Fermer  Təsərrüfatında çalışmışam. 2003-cü ildən isə taleyimi pambıqla bağlamışam. O vaxtan bəri müntəzəm olaraq, pambıq əkməklə məşğulam. Keçən il 100 hektar əkin sahəsində pambıq əkib – becərdim. Sahələrdən 452 ton “ağ qızıl” götürə bildim. Bu il də pis olmadı. Göstəricimi bir az da yüksəldə bildim. Əkdiyim 105 hektar sahədən 530 ton 800 kiloqram əldə etməyə müvəffəq oldum. Yəni hər hektar pambıq sahəsindən 50,5 senter “ağ qızıl” topladım. İnşallah, gələn il də yenidən pambıq əkəcəyəm. Inanıram ki, yenə yüksək məhsul əldə edəcəyəm. Gələn ilin əkin planının bünövrəsi elə bu gündən, yığım başa çatandan sonra başlayır. Əgər yaxşı məhsul əldə etmək istəyirsənsə, ilk gündən bütün aqrotexniki qaydalara vaxtında və keyfiyyətli şəkildə əməl etməlisən. Yəni gələcək bol məhsula elə pambıq sahəsinin hazırlandığı ilk gündən zəmin yaratmağı bacarmalısan. Bir də, “ağ qızıl” dediyimiz pambığın təkcə rəngi ağ deyil. Pambıq ona yaxşı, məsuliyyətlə qulluq edəndə əməyini itirmir, sonda bol məhsul verir. Adamın üzünü ağ edir…

Əməksevər zəhmət adamı, təcrübəli pambıqçı Etibar Şirinovun sözlərində böyük həqiqət var. O, nə dediyini yaxşı bilir. Çünki dəfələrlə söylədiklərinin canlı şahidi olub. Alın təri axıdıb, əmək sərf edib, sonda həmişə bol məhsul toplamağa nail olub. Odur ki, Etibar Şirinov yaxın köməkçisi, oğlu Ramillə bir an belə işdən ayrılmır, ona gəlir gətirən, qazanc verən torpağın, pambığın hər bir qayğısını böyük həvəs və inamla çəkir.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər