“Həkimlik şərəfli peşədir”. Ta uşaqlıqdan bu sözləri eşidərək böyüdük. Həkimlər bəzən öz həyatlarını da bir canı xilas etməyə görə qurban verə bilirlər. Andlarına sadiq qalırlar.
Son zamanlar ölkəmizdə istər COVİD-19 pandemiyası ilə mübarizədə, istərsə də qalibiyyətimizlə başa çatan Vətən müharibəsində həkimlərimizin fədakarlığı, ön xətdə, mərkəzdə olması hər kəsə məlumdur. Müharibədə yüzlərlə həkimlərimiz, tibb işçilərimiz öz həyatlarını təhlükəyə atıb güllənin, mərminin altında hərbiçilərimizi həyata qaytarmaq üçün əllərindən gələni etdilər. Hər iki düşmənlə mübarizədə xilaskarlıq missiyasını yerinə yetirən həkimlər arasında həyatını itirənlər oldu. Onlar hər zaman ehtiramla, sevgi ilə xatırlanacaqlar.
Amma nə yazıq ki, bu ada ləkə gətirən, bu peşəni gözdən salan, öz tamahı ucbatından digər həmkarlarının da haqqında mənfi rəy yaradan, nüfuzuna xələl gətirənlər var. Və çox təəssüf ki, vəzifəsindən sui-istifadə edərək vətəndaşları narazı salan həkimlərdən Ağcabədinin də payına düşüb.
Bildiyiniz kimi vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir.
“Aran” AZƏRTAC-a istinadən xəbər verir ki, Ağcabədi Rayon Prokurorluğunun məlumatında bildirilib ki, belə tədbirlərdən biri kimi, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyən Tahirov Fövzi Tahir oğlunun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Fövzi Tahirovun həmin vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən xəstəxananın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla bu ilin əvvəllərindən 2020-ci il 30 noyabr tarixədək olan müddətdə əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə həmin xəstələrin sənədlərinin aidiyyatı qurumlara göndərilməsi müqabilində ayrı-ayrı şəxslərdən sözügedən müəssisədə ailə-sağlamlıq şöbəsinin müdiri vəzifəsində işləyən Bəşirova Məhbubə Mübariz qızı vasitəsilə xəstəxananın inzibati binasındakı xidməti otağında ümumilikdə 10 min manat, xəstəxananın baş mühasibi Abbasov Nizami Əşrəf oğlu vasitəsilə ümumilikdə 5300 manat, habelə qeydiyyatçı vəzifəsində işləyən Ağayeva Fatma Cahid qızı vasitəsilə ümumilikdə xeyli məbləğdə pul vəsaitini rüşvət qismində alaraq həmin pulu qabaqcadan əlbir olduğu şəxslərlə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən olunub.
Qeyd edilənlərlə əlaqədar Baş İdarənin əməkdaşları tərəfindən Fövzi Tahirovun xidməti otağına və avtomobilinə baxış keçirilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən sosial kartlar, pul vəsaitləri və müxtəlif əlyazma qeydlər aparılmış bloknotlar aşkar edilərək sübut qismində götürülüb.
Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda təqsirləndirilən şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqavilələrinin bağlanılması və ya müddətinin uzadılması müqabilində ayrı-ayrı şəxslərdən rüşvət alması, xəstəxanaya ayrılmış dərman vasitələrini mənimsəməsi hallarına dair əsaslı şübhələrin araşdırılması, habelə cinayətin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Heç bir cinayət cəzasız qalmır. O ki ola, çarəsiz insanların bu vəziyyətindən sui-istfadə edəsən. Onların haqqını əlindən alasan. Bunun cavabı mütləq olur. Necə deyiblər, “Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə”.