Məhsuldarlığın artırılması üçün suvarmanın xüsusi rolu var

Su həyat mənbəyidir. Yaşamaq rəmzidir su. Torpağın ən yaxın dostu, sirdaşıdır su. Su əvəzsizdir. Qədir-qiyməti yoxdur suyun. Qanımızdan  çox vücudumuzda su var bizim.

Su torpağın həsrətdən cadarlamış dodaqlarına sərinlik məlhəmi olar. Torpağa qarışıb canlılara həyat verib yaradar, tikər. İnsan kimi torpaq da, bitki də susuz yaşaya bilməz…

Pambıq torpaqla yanaşı su ilə nəfəs alar, böyüyər, yetişər. Sudan içib çiçək açar, ağ örpəyə bürünər pambıq. Vaxtında doyunca su içən pambıq bol məhsul verir, üz ağardır.

Rayonumuzda pambığın becərilməsində, pambıqçılığın inkşafında müvafiq su idarələrinin rolu böyükdür. Onların gördükləri işlər haqqında Azərbaycan Kənd Təssərrüfatı Nazirliyinin Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov bunları söylədi:

– “Bu il fədakar pambıqçılarımız 10689,2 hektar sahədən 38 min tona yaxın “ağ qızıl” toplayıb, tədarük məntəqələrinə təhvil veriblər. Pambığın becərilib, ondan bol məhsul əldə edilməsində Ağcabədi Suvarma Sistemləri İdarəsi və Subartezian Quyularının İstismarı İdarəsinin rəhbər və müvafiq əməkdaşlarının böyük rolu olmuşdur. Bu idarələrin işçiləri mövsüm zamanı bir an belə məsuliyyəti azaltmamış, pambıq sahələrinin vaxtında suvarma suları ilə təmin edilməsində üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişlər. Onların əməyi pambıqçıların işi ilə bərabər əhəmiyyət kəsb edir. İnanıram ki, bu idarələrin işçiləri gələcəkdə də pambıq sahələrinin vaxtında və lazımi qədər suvarılmasında pambıqçıların yanında olacaq və bol məhsul yetişdirmək uğrunda gedən mübarizənin ön sıralarında addımlayacaqlar. Onlara məsuliyyətli və dəyərli işlərində gələcəkdə daha böyük uğur qazanamağı arzulayıram”.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər