Od parçası Çiçək – “İşə həvəslə yanaşmağıma görə yorulmuram”

Od parçası olan bir qadın tanıyıram. Bu insan sanki dincəlmir (bəlkə də vaxt tapmır), həmişə hərəkətdədir. Onda olan həyat eşqinə, əməyə məhəbbətə çoxları həsəd apara bilər. Təbiətcə olduqca nikbin olan bu qadın Aran kənd sakini Çiçək Vilayət qızı Şirəliyevadır. Çiçək xanım Aran bələdiyyəsinin sədridir. Çiçək təkcə bu vəzifəni idarə etməklə kifayətlənmir, həm də müntəzəm olaraq pambıq əkib becərir. Bu yaxınlarda Çiçək xanımla görüşüb, xeyli dərdləşdik:

– Çiçək xanım, siz məsul vəzifə olan bələdiyyə sədri vəzifəsini, sahibkarlıqla necə təmaslandıra bilirsiniz? Vaxtınız necə çatır, yorulmursunuz?

– Müəllim, bəs eşitməmisiniz, deyirlər aslanın erkəyi, dişisi olmaz. Mən də aslan ürəkliyəm. Odur ki, çatdıra bilirəm. Bir yerdə rahat qərar tuta bilmirəm. Həyat prinsipim filosofun dediyi kimi, “həyat hərəkətdədir” fikridir. Ətalət ölüm deməkdir. Mən həmişə bu prinsipə əməl etməyə çalışıram. Mənə elə gəlir ki, buna müvəffəq ola bilirəm.

– Eşitdiyimə görə pambıq da əkirsiniz. Bu sahədə uğurunuz olurmu?

– Niyə olmur ki!? 2019-cu ildə 6 hektar bələdiyyə torpağında pambıq əkdim. 18 ton, yəni hər hektardan 30 sentner “ağ qızıl” götürə bildim. Bu il də pambıq əkmişdim. 7 hektar əkin sahəsindən 25 ton, yəni 35 sentnerdən artıq “ağ qızıl” əldə etdim. İnşallah gələn il də pambıq əkəcək və ümid edirəm ki, hər hektardan 40 sentner məhsul götürməyə nail olacağam.

– Çiçək xanım, həyətinizdə xeyli mal-qara, toyuq cücə gördüm. Bəs onlara kim baxır?

– Kim baxacaq?! Müsahibiniz, aslan ürəkli, Nigar biləkli Çiçək xanım. Ümumiyyətlə, mən əminəm ki, adamın boş vaxtı çox olanda, o bekarçılıqdan həyatda çox şey itirir. Günü günə satır, işləri təxirə salır. Yəni arxayınlaşır. Nəticədə belələri həyatda çox şeydən mərhum olurlar. Bu cür olmaz. Hərə bir işin qulpundan yapışmalı, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Mən sahəyə, pambığa baş çəkəndə, heyvanların rahatlığını təmin edəndə sanki bayram edirəm. Onsuz da həmişə xoş olan əhval- ruhiyyəm daha da artır. Məni iş zamanı pozitiv emosiyalar qoynuna alır. Gördüyüm işə ürəklə, həvəslə yanaşdığıma görə yorulmuram. Fiziki işdən də, zehni əməkdə olduğu kimi zövq almağı insan özü bacarmalıdır. İnsan özü, başqaları üçün bayram övqatını özü yaratmalıdır.

– Deyəsən iki övladınız var. Onlar necə sözünüzə baxırlarmı?

– Qızım Gülər Budaqovanın 12 yaşı var. Oğlum Rüfət Budaqov isə 8 yaşındadır. Sağ olsunlar, hər ikisi dərslərini yaxşı oxuyurlar. Əlaçıdırlar. Ev, həyət işlərində yaxın köməkçilərimdirlər. Həmişə əlimdən tutur, köməklik göstərirlər. Onları da indidən əməyə alışdırır, halal zəhmətlə, alın təri ilə çalışmağı öyrədirəm…

Çiçək xanımla vidalaşdıq. Bu bəstəboy, çevik kənd qadınında olan tükənməz enerjiyə bir daha şahidlik etdik. İnanırıq ki, həm kənd bələdiyyəsinin sədri, həm də kiçik sahibkar kimi Çiçək xanım öz işində yenə başqalarına nümunə olacaqdır. Və bizləri sevindirən uğurları ilə bu qadın başqalarına da sirayət etməyi bacaracaq. Buna inanmağa onda olan tükənməz enerji, nikbin notlarla yüklənmiş yaşamaq həvəsi və bir də yaratmaq istəyi imkan verir. Biz sənə inanırıq, Çiçək xanım. İnanırıq ki, arzuların, əməllərin də adın kimi çiçək açacaq, həmkarlaını, yaxınlarını daha da sevindirəcəkdir.

Söhbətləşdi: Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər