Pambıqçılıq gəlirli sahədir

Ağcabədi ölkəmizin ən böyük pambıqçılıq rayonlarından biridir. Burada illərdən bəri bu sahədə toplanan zəngin təcrübəyə əsaslanan ağcabədililər hər il sahələrdə bol məhsul yetişdirir və yüksək göstəricilərə nail olurlar. Bu təcrübə əsasında çalışan pambıqçılarımız strateji əhəmiyyət daşıyan və gəlirli sahə olan pambığın əkilməsindən istehsalına qədər bütün aqrotexniki qaydalara vaxtında və düzgün əməl etməyə çalışırlar. Sahələrdə kompleks becərmə aparılır. Sahələr sısqa axınla, şırımlar vasitəsi ilə suvarılır. Selləmə və gülləməyə imkan yaradılmır. Bir neçə dəfə vegetasiya suvarılması aparılır. Bu iş iki növbədə, gecə və gündüz təşkil olunur. Su itkisinə yol verilmir. Su ilə bərabər sahələrə peyin şirəsi və müvafiq kübrələr verilir.

Sovkaya, hörümçək gənəciyinə və pambığın digər ziyanvericilərinə qarşı ciddi mübarizə aparılır. Normal bitiş alındıqdan sonra pambıqçılıqda bol məhsul yetişdirməyin əsas amillərindən biri əmək intizamına düzgün və ciddi əməl olunmasıdır. Pambıqçılıqda bu günün işini təxirə salmaq, sabaha qoymaq olmaz.

Pambıq böyük diqqət və qayğı tələb edən bitkidir. Bu diqqət və qayğı nə qədər vaxtında və məsuliyyətlə göstərilsə, sonda daha çox “ağ qızıl” əldə etməyə müvəffəq olursan.

Pambıqçılığın inkişafında rayonumuzda fəaliyyət göstərən pambıq zavodlarının da böyük əməyi vardır. Təkcə pambıq istehsal etmir, eyni zamanda özləri də sahələrdə min hektarlarla sahədə pambıq əkib, becərir və yüksək məhsul yetişdirirlər.

Ağcabədidə yerləşən pambıq zavodlarının bu ilki göstəriciləri ötən illərdə olduğu kimi ürəkaçandır. Əvvəlki illərdə əldə etdikləri nailiyyətlərdən ruhlanan pambıq zavodlarının kollektivi bu il də yüksək göstəricilərə nail olmuşlar. Belə ki, “MKT İstehsal Kommersiya” MMC 5069,2 hektar sahədən 17802,04 ton “ağ qızıl” əldə edib ki, bu da 35,12 sentner deməkdir. “Azərpambıq” MMC 4200 hektardan 13982,48 ton, yəni hər hektardan 33,29 sentner, “P-Aqro” MMC 1420 hektardan 6019,59 ton məhsul əldə edib. Bu rəqəm 42,39 sentnerə bərabərdir. Ümumilikdə, Ağcabədinin pambıq zavodları 10689,2 hektar pambıq sahəsindən 37804,11 ton “ağ qızıl” götürməyə müvəffəq olublar. Bu da hər hektardan 35,37 sentner pambıq deməkdir.

Bərəkətli Ağcabədi torpağı pambıqçılıq üçün çox əlverişli bir yerdir. Burada pambıq bol günəş enerjisi qəbul edir və əmək adamlarının ciddi səyi, qayğısı nəticəsində hər il yüksək məhsul yetişdirilir. Bu baxımdan rayonda yerləşən pambıq zavodlarının da böyük əməyi danılmazdır. İnanırıq ki, zavodların əmək adamları da rayonun pambıqçılıqla məşğul olan digər pambıqçı təsərrüfatçıları kimi bu il əldə olunan yüksək pambıq istehsalını gələn il 40 min tona çatdıracaqlar. İl ərzində yorulmaq bilmədən çalışan fədakar pambıqçılarımıza yeni-yeni uğurlar arzulayırıq.

Adil MİSİRLİ

Şərhlər