Pambıqçılıq geniş meydan qazanır

Mühüm kənd tərrüfatı bitkisi olan pambığın becərilməsinə ilk dəfə Hindistanda başlanılıb. Bu qədim bitki növü Şərq Ölkələri, əsasən də İran vasitəsi ilə Qafqaza, o cümlədən Azərbaycana yayılıb. Orta əsrlərdə ölkəmizin bir çox ərazilərində pambıqdan parça hazırlanaraq, ixrac olunub.

XVIII əsrdə Mil-Muğan və Şirvan düzlərində bol pambıq məhsulu yetişdirilib. XIX əsrdə bu istiqamətində daha geniş tədbirlər həyata keçirilib. Bölgələrdə Misir, Amerika, həmçinin yerli Mazandaran və İrəvan pambıq sortları becərilib.

Rusiya tərəfindən işğal edildikdən sonra da Azərbaycanda pambıqçılığın inkişafı davam etdirilib. Ötən əsrin əvvəllərində Çar Rusiyası toxumçuluq sənayesinin mahlıca ehtiyacı ilə əlaqədar Azərbaycanda pambıq əkin sahələri bir qədər də genişlənib. Ölkə ərazisində 1913-cü ildə 100 min hektar sahədə pambıq əkilib, 65 min ton istehsal edilib. Həmin vaxt hər hektardan məhsuldarlıq 6 sentner təşkil edib.

Rusiyada bolşevik inqilabı, erməni daşnaklarının törətdikləri kütləvi qırğınlar, Şərqin ilk Demokratik Cümhuriyyətinin süqutu, 1920-ci ildə yeni rus işğalı Azərbaycanda iqtisadiyyatın bütün sahələrində olduğu kimi, pambıqçılığın inkişafına mənfi təsir göstərib.

Qarabağda, eləcə də Ağcabədidə pambıqçılığın inkişafı məşhur həmyerlimiz Həmidə xanım Cavanşirin adı ilə bağlıdır. O, 1912-ci ildə Tiflisdə keçirilən Zaqafqaziya pambıqçılarının qurultayında pambıqçılığın vəziyyəti, bu mühüm kənd təsərrüfatı sahəsinin geniş tətbiq olunması barədə rus dilində ətraflı çıxış edib. Sonrakı illərdə onun təşəbbüsü və təşkilatçılığı ilə Qarabağ bölgələrində pambıq istehsalı böyük vüsət alıb.

Sovet Hakimiyyəti illərində pambıq istehsalı xeyli artırılıb. Ancaq respublikamızda bu sahə üzrə ən yüksək artım ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi dövrə təsadüf edir. Məhz onun əvəzsiz xidmətləri sayəsində nəinki pambıqçılıq, kənd təsərrüfatının bütün sahələri yüksək inkişaf etdirilib. Ulu Öndər 1969-cu ildə birinci dəfə hakimiyyətə gələndə respublikada 200 min ton hektar sahəyə pambıq əkilib, 300 min ton məhsul götürülüb, hər hektardan məhsuldarlıq 15 sentner olub. Onun yüksək təşkilatçılıq bacarığı nəticəsində 1980-ci illərin əvvəlində, hər hektardan məhsuldarlıq 30 sentnerə çatdırılıb. 1981-ci ildə Azərbaycanda 1 milyon tondan çox pambıq istehsal edilib. Həmin ildə rayonumuzda da pambıqçılıq yüksək inkişaf edib. Ağcabədi pambıqçıları böyük fədakarlıqla rekord miqdarda – 104 min ton “ağ qızıl” istehsal etməyə nail olublar.

Ulu öndər Heydər Əliyev 1982-ci ildə Moskvaya getdikdən sonra respublikamızda pambıqçılıq təsərrüfatının tənəzzül dövrü başlayıb. SSRİ-nin dağılması, torpaqlarımızın ermənilər tərəfindən işğalı, müstəqillik dövrünün çətinlikləri səbəbindən də pambıqçılığın inkişafı sürəti daha da aşağı düşüb.

Son illər ölkəmizdə bu mühüm, gəlirli kənd təsərrüfatı sahəsinə dövlət diqqət və qayğısı artırılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında respublikada qeyri neft sektorunun inkişaf etdirilməsinə dair dövlət strategiyasına uğurla start verilib. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycanda kənd təsərrüfatı, xüsusilə pambıqçılıq iqtisadiyyatın prioritet sahələrindən birinə çevrilib. 2016-cı ilin 17 sentyabrında Sabirabadda keçirilən müşavirədə ölkə Prezidenti cənab İlham Əliyev bölgələrdə pambıq istehsalının artırılmasına geniş imkanlar yaradılması üçün qarşıda proqram vəzifələr müəyyənləşdirib.

Dövlət başçısının göstərdiyi yüksək diqqət və qayğı respublika pambıqçılarını ruhlandırıb, onları daha məhsuldar işləməyə səfərbər edib. Təsadüfi deyilir ki, pambıq istehsalçıları ildən-ilə böyük uğurlara imza atırlar. Əldə edilən nailiyyətlər sübut edir ki, artıq pambıqçılığın keçmiş şöhrəti özünə qaytarılıb. Doğrudan da, ölkədə pambıqçılığın inkişafı həlledici mərhələyə qədəm qoyub.

Təkcə cari təsərrüfat ilində respublika fermerləri qəbul məntəqələrinə 327 min 586 tondan çox pambıq təhvil veriblər. Ötən 2019-cu ildə ölkə üzrə 295 min ton “ağ qızıl” tədarük olunub. Bu ilki pambıq yığımında orta məhsuldarlıq 32,79 sentner təşkil edib. Bu da 2019-cu ildəki göstəricidən 3,29 sentner çoxdur.

Respublikamızın iri pambıqçılıq rayonlarından sayılan Ağcabədidə də kənd təsərrüfatının bu mühüm sahəsinə geniş meydan verilib. Bölgədə fəaliyyət göstərən pambıqçılıq təsərrüfatlarında hər il yüksək nəticələr qazanılır.

Ötən il rayonda 10 min 452 hektar sahədə pambıq yetişdirilib. 32 min 99 ton məhsul istehsal edilib. Bu da hər hektardan 30,7 sentner pambıq deməkdir.

Bu il də rayonun təsərrüfatlarında bol məhsul yetişdirilib.

Koronavirus pandemiyasının, Ermənistan ordusunun artilleriya hücumlarının törətdikləri problemlərə baxmayaraq bölgə pambıqçıları böyük əzmkarlıq göstərib 2020-ci ildə 37 mindən artıq “ağ qızıl” tədarük ediblər. Hər hektardan 34,27 sentner məhsul götürülüb. Ayrı-ayrı fermer təsərrüfatları üzrə bu göstərici daha yüksəkdir.

İnanırıq ki, Ağcabədi pambıqçıları qarşıdan gələn növbəti ildə də bütün imkanları səfərbərliyə alacaq, daha yüksək məhsul əldə etməyə nail olacaqlar.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər