Qabaqcıl pambıqçı

İsa Əli oğlu Mürşüdov 1963-cü ildə Salmanbəyli kəndində anadan olub. Sonra ailələri Hacıbədəlli kəndinə köçüb. 1970-ci ildə Hacıbədəlli kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olan İsa 1980-ci ildə bu məktəbi uğurla bitirib. 1981- ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun Hidromeliorasiya fakultəsinə qəbul olan İsa 1986-cı ildə sözügedən təhsil ocağını başa vurub. Altı ay təyinatı üzrə Rusiyanın vilayət mərkəzi olan Novqorod şəhərində çalışıb. Buradan hərbi xidmətə yollanan İ.Mürşüdov 1 il ordu sıralarında qulluq edib. Və sonra Vətənə, doğma Ağcabədiyə qayıdıb. Ağcabədi Tikinti Quraşdırma İdarəsində 1999-cu ilə qədər baş mühəndis işləyib. 2000- ci ildən təsərrüfatla məşğul olan İsa Mürşüdov rayonumuzun qabaqcıl pambıqçılarından biridir. Artıq bu sahədə əsaslı təcrübə toplayan İ.Mürşüdov hər il pambıqçılıq sahəsində yüksək göstəricilərə nail olur. 2019-cu ildə becərdiyi 50 hektar pambıq sahəsindən 256 ton, yəni 51,5 sentner “ağ qızıl” toplayan bu sahibkar nümunəvi əməyinə görə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən II dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Sahibkar İsa Mürşüdov 2020-ci ildə pambıqçılıqda yükskək nailiyyət qazanıb. O, 64,5 hektar pambıq sahəsindən 337 ton 806 kiloqram  məhsul götürüb ki, bu da hər hektardan 53,2 sentner məhsul deməkdir. Gələn il 65 hektar sahədə pambıq əkərək, hər hektardan 55 sentner “ağ qızıl” əldə etməyi özünə hədəf seçən İsa Mürşüdov bu günün işini sabaha qoymur. O, pambıq yığımı başa çatan kimi sahəni alaq otundan təmizləyib daha yararlı vəziyyətə gətirmək əzmindədir. İsa Mürşüdov qış şumunu və aratı da vaxtında aparmaq fikrindədir. Təcrübəli mütəxəssisin aqrotexniki qaydalara vaxtında və düzgün əməl edəcəyinə, yeni ildə yeni əmək nailiyyəti qazanacağına şübhə etmirik. Bunu deməyə onun torpağa, pambığa olan hədsiz istək və marağı imkan verir.

İsa Mürşüdov bir təcrübəli pambıq mütəxəssisi, ziyalı olmaqla yanaşı, həm də nümunəvi aiə başçısıdır. Onun iki övladı var. Qızı Aysel Mürşüdlü 2018-ci ildə 673 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Aysel hazırda bu təhsil ocağının 3-cü kurs tələbəsidir. İsanın oğlu Tural bu il qəbul imtahanlarını uğurla verərək Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olub.

Övladları tələbə olmalarına baxmayaraq bu əmək adamının işi ilə daim maraqlanırlar. Bu gün övladları yaxşı oxumaqları ilə, bir ata kimi İsanı qürurlandırır, onu daha yüksək zirvələr fəth etməyə ruhlandırırlar.

Adil MİSİRLİ

Şərhlər