Torpağı övladı kimi sevən insan

Rayonumuzun qabaqcıl pambıqçısı Tofiq İsmayılov Yeni Qaradolaq kəndində  doğulub. Bir tərəkəmə balası kimi hələ uşaqlıqdan çevik və yetik olub. Ətrafındakılar, gördükləri ilə yaxından maraqlanan Tofiq hər şeydə məntiqi məna axtarıb. Tənbəllikdən uzaq olub. Tez durub, gec yatıb. Necə deyərlər, həmişə ayaq üstə yaşayıb. Və yaşamağın mənasının yaratmaq olduğunu dəqiqliklə anlayan Tofiq İsmayılov böyüdükcə püxtələşib, insan və onun həyatda tutduğu yerin nədən ibarət olduğunu yaxşı anlayıb. T.İsmayılov çətinliklərdən qorxmayaraq, onlara əzmlə sinə gərib. Əsl zəhmət, əmək adamı olub, həmişə təbiətin qoynunda olaraq ətraf mühitlə təmasdan zövq almağı bacarıb. Özü dediyi kimi, o, fiziki əməkdən mənəvi zövq almağı bacarır.

Tofiq İsmayılov 1954-cü ildə Yeni Qaradolaq kəndində anadan olub. Valideynlərinin nümunəsində əməyi sevib, torpağa həmişə böyük məhəbbət bəsləyib. O, orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə Çexoslovakiyada ordu sıralarında qulluq edib. Ordudan tərxis olunandan sonra doğma kəndlərində təsərrüfatla məşğul olan T.İsmayılov 1986-cı ildə Göyçay Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Sözügedən təhsil ocağını 1989-cu ildə bitirən T.İsmayılov uzun illərdir ki, pambıqçılıq sahəsində çalışır. Həmişə bu sahədə əldə etdiyi yüksək göstəriciləri ilə fərqlənib. Bir neçə il bundan əvvəl respublikamızda pambıqçılığa diqqətin zəiflədiyini vurğulayan T.İsmayılov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikamızda pambıqçılığın, baramaçılığın, üzümçülüyün və tütünçülüyün inkişafı ilə əlaqədar verdiyi sərəncamların onu çox sevindirdiyini bildirir. Bu sərəncamlar onu yenidən və daha çox və yüksək keyfiyyətli pambıq yetişdirməyə ruhlandırır. T.İsmayılov deyir ki, strateji və qiymətli bitki olan  pambıq yüksək gəlirli bitkidir. Pambıq bir çox insanların maddi durumunun yaxşılaşmasına, həyat səviyyəsinin yüksəlməsinə səbəb olub.

2017-ci ildə 40 hektar sahədə pambıq əkib becərən Tofiq İsmayılov pambığa aqrotexniki qaydada lazımi xidmət göstərməyi sayəsində hər hektardan 52 sentner “ağ qızıl” əldə etməyə müvəffəq olub. Möhtərəm prezidentimiz cənab İlham Əliyev onun əməyini yüksək qiymətləndirərək Tofiq İsmayılovu “1-ci dərəcəli Əmək ordeni” ilə təltif edib. Ölkə Prezidenti tərəfindən pambıqçılığa göstərilən yüksək diqqət və qayğıdan ruhlanan qabaqcıl pambıqçı bu sahədə hər il daha yüksək göstəricilər əldə edir. 2019-cu ildə 40 hektar sahədə pambıq əkib becərən T.İsmayılov 237 ton məhsul yığmağa nail olub. Bu da hər hektardan 59 sentner məhsul deməkdir. Bu il yenə 40 hektar sahədə pambıq becərərək, o, 243 ton “ağ qızıl” toplayıb. Hər hektar pambıq sahəsindən nə az, nə çox, düz 60,8 sentner məhsul götürüb. Qabaqcıl pambıqçı, təcrübəli fermer Tofiq İsmayılov bu göstəricinin son hədd olmadığını söyləyir. Bu əmək adamının kənd tərərrüfatını, xüsusilə pambıqçılığı dərindən bilməsi, illər boyu bu sahədə qazandığı təcrübə və yüksək göstəricilər bizlərdə onun daha böyük qələbələr əldə edəcəyinə inam yaradır.

Tofiq İsmayılov həm də nümunəvi ailə başçısıdır. Üç övladı, 8 nəvəsi və 1 nəticəsi var. Böyük oğlu Fəqan da təsərrüfat işlərində atasına kömək edir, ona dayaq olur. Bu ailədə hamı torpağı sevir,  ona böyük diqqətlə yanaşır və torpağın ona çəkdiyin zəhmətin əvəzini dəfələrlə artıq olaraq insana verdiyinə əmindirlər. Əsl əmək adamı olan, torpağı övladı kimi ürəkdən sevən və qayğısına qalan Tofiq İsmayılova həyatda və işlərində yeni-yeni  uğurlar arzulayırıq. İnanırıq ki, o ənənəyə sadiq qalaraq pambıqçılıqda daha yüksək uğurları ilə bizi yenə sevindirəcək.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər