Torpaq payına düşən borcu qaytarır

1966-cı ildə Mehrablı kəndində dünyaya gələn Zülüfüqar Hüseyn oğlu Əliyev  uzun illərdən bəri ömrünü torpağa bağlayıb. Halal zəhməti ilə dolanır. 1987-1990-cı ilərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunda qiyabi təhsil alıb. İşləyə-işləyə oxuyub. 1989-1990-cı illərdə pambıq briqadiri işləyib. Elə o vaxtdan torpaqdan ayrılmır, hər il pambıq əkib-becərir. Təsərrüfat işlərinə yaxından bələd olan Zülfüqar deyir ki, çəkdiyin gərgin əmək öz bəhrəsini verir. Torpaq payına düşən borcunu qaytarır. Çəkdiyin gərgin zəhmətin bəhrəsi olaraq, sənə bol məhsul verir. Bol məhsul da xoş, firavan həyat sürməyə hər cür şərait yaradır. Adamların rifah halı yaxşılaşır. Təki sən işlə, bir işə ürəklə yanaş, can yandır. Sonrası ürəkaçan olur.

Zülfüqar Əliyev olduqca əməksevər, işgüzar təsərrüfatçıdır. Səpindən başlayaraq, ta məhsul yığımına qədər bütün aqrotexniki qaydalara vaxtında, düzgün və keyfiyyətlə əməl etməyə çalışır. O, deyir ki, pambıq tarlaları ağ örpəyə bürünəndə adamın ürəyi köksünə sığmır, qəlbini fərəh hissi bürüyür. Pambığı, bu qiymətli sərvəti tez, itkisiz və keyfiyyətlə toplamağın özü də böyük şərtdir. Və bir də, pambıq tarlaları əsl hünər meydanıdır. Bu meydanda alın təri axıdan, işinə məsuliyyətlə yanaşan həmişə uğur qazanamağa müvəffəq olur.

Zülfüqar Əliyev keçən il 38 hektar sahədə pambıq əkib, becərib. Sahələrdən 140 ton “ağ qızıl” götürüb ki, bu da hər hektardan 38 sentner pambıq deməkdir. Bu il 60 hektar sahədə pambıq əkən Zülfüqar 195 ton məhsul toplamağa nail olub. Hər hektardan 37 sentner məhsul əldə edib. Bu təcrübəli pambıqçı deyir ki, yığım vaxtı bəzi problemlər meydana çıxdı. Yəni yığım texnikasının vaxtında verilməməsi, ya da gecikdirilməsi pambığın həddən artıq qurumasına, dolayısı ilə desək, itkiyə yol verilməsinə səbəb oldu. Sağ olsunlar, Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəhbərləri Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun böyük diqqət və qayğısı sayəsində bizi vaxtında suvarma suyu ilə təmin etdilər. Mən bir pambıq sahibkarı kimi bildirirəm ki, gələn təsərrüfat ilində 60 hektar sahədə pambıq əkəcəyəm. Hər hektardan azı 40 sentner məhsul götürəcəyəm.

Zülfüqarın ailəsi vətənpərvər və torpağa, zəhmətə ürəkdən bağlı olan bir ailədir. Onun böyük oğlu Hüseyn Əlizadə sahibkarlıqla məşğul olan atasına təsərrüfat işlərində yaxından kömək edir. Hünər meydanında, pambıq sahələrində bu dəyərli bitkinin əkilib becərilməsində öz əməyini əsirgəmir. Zülfüqarın kiçik oğlu Elnur Əlizadə hazırda ordu sıralarında hərbi xidmətdədir. O, tez-tez atası ilə telefonla əlaqə saxlayır və hərbi xidmətinin başa yetməsini səbirsizlikə gözləyir. Çünki Elnur da əmək meydanında, atasının yanında olmağa can atır. İnanırıq ki, o da atasından şərəfli pambıqçı peşəsinin sirlərini dərindən öyrənəcək və onunla bərabər olaraq yüksək pambıq məhsulu yetişdirməyə nail olacaqdır.

Adil MİSİRLİ

Şərhlər