Könüllülük fəaliyyəti Azərbaycanda tarixi köklərə dayanır. Təsadüfi deyil ki, ölkə başçısı cənab Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi, “Könüllülük” fəaliyyətinin 2020-ci ildə daha da genişləndirilməsinə zəmin yaratdı.
Könüllü öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyətləri şəxsən həyata keçirən şəxsdir. Bu ənənə bizə tarixi köklərimiz vasitəsiylə ötürülmüş, bizlə bir bütün olmuşdur. Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük həm də insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır.
5 Dekabr bütün dünyada “Könüllülər Günü” kimi qeyd edilir və bu gün Azərbaycanda 18-dən çox könüllü təşkilatı fəaliyyət göstərir. Keçən il Azərbaycanda bu ərəfədə “Könüllülər Həftəsi” təşkil edildi. Bu həftə ərzində Azərbaycanın hər yerində könüllülər #ŞəhidimİZ, #VətənimİZ, #TəbiətimİZ, #KönüllülükSərhədTanımır kimi ictimai faydalı kampaniyalarda iştirak etdilər. Bu kampaniyalara Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin “Gənc Könüllüləri” də qoşuldular. Bu il həmçinin Azərbaycan Könüllü Təşkilatları İttifaqı yaradıldı və bu ittifaq bütün könüllü təşkilatlarını bir çətir altında birləşdirdi. AKTİ-nin məqsədi onların gələcək fəaliyyətlərinin bir mərkəzdən idarə edilməklə, işlərinin daha səmərəli təşkilini və sıx əməkdaşlığıdır.
2020-ci il həm də tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan özünün tarixi torpaqlarını terrorist erməni qoşunlarının işğalından azad etdi. Bu tarixi qələbənin qazanılmasında rəşadətli Azərbaycan Ordusunun sıralarına “Könüllü” qoşulmuş qəhrəmanlarımızın rolu əvəzsiz olmuşdur. Bu bir daha onu göstərdi ki, könüllülük həm də fədakarlıq deməkdir. Azərbaycan xalqının hər zaman bu ülvi xidmətləri özündə birləşdirən igid, qorxmaz oğul və qızları var idi, var və olacaq. Biz hər zaman belə idik. Dünən də belə idik, bu gün də, sabah da belə olacağıq!
Əli ƏHMƏDOV