Qaradolaq camaatı əsasən Cənubi Azərbaycanda yaşayırlar. Keçən əsrin 20-30-cu illərində oradan Azərbaycan ərazisinə gəlmişlər. Qaradolaqlarhəmişə başlarına qara dolaqbağlayar, eyni zamanda qollarına da qara dolaq bağlayarmışlar. Bu onların başqa tayfalardan seçilməsində əhəmiyyətli rol oynayardı…
Həziyev Hafiz Varoğlu oğlu 1993-cü il oktyabrın 23-də Yeni Qaradolaq kəndində doğulub. 1993-cü ildə kənddəki M. Füzuli adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2010-cu ildə bu məktəbi uğurla başa vurub. 2011-2012-ci illərdə ordu sıralarında hərbi xidmət keçir. Ordudan tərxis olunandan sonra bir müddət doğma kəndlərində yaşayır və burada işləyir.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanan zaman Hafiz dərhal, 28 sentyabrda könüllü olaraq ordu sıralarına yazılır. Sabahı günü, sentyabrın 29-da ön cəbhədə vuruşan ordumuzun sıralarına qoşulan Hafiz oktyabr ayının 6-da Füzuli uğrunda gedən şiddətli döyüş zamanı yaralı əsgər yoldaşını xilas etmək üçün irəli atılır. Düşmən snayperinin gülləsinə tuş gələn Hafiz torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olur. Doğulduğu yeni Qaradolaq kəndinin qəbristanlığında dəfn olunur.
Hafizin atası Varoğlu, qardaşı Muradla onun barəsində xeyli söhbət etdik. Doğrusu, atası kövrəldi, sıxıldı. Muradla söhbət etməyi məsləhət gördü. Murad qardaşı şəhid Hafiz haqqında xeyli danışdı:
– Hafiz ali təhsilli deyildi. Amma olduqca vətənpərvər, qorxmaz, qeyrətli oğlan idi. Məncə vətənpərvər olmaq, doğulduğun torpağı sönməz məhəbbətlə sevmək üçün çox oxumaq da lazım deyil. Deməli bu hisslər insanla bir gündə dünyaya gəlir. Vətənpərvərlik, torpağa sevgi adamın qanında olur. Mən bunu qardaşım şəhid Hafizin timsalında çox açıq şəkildə gördüm. O, həmişə söhbət edəndə Vətəndən ağızdolusu danışar, gözlərində qığılcım alovlanardı. Hafiz zamanın haqsızlığı, əziz torpaqlarımızın mənfur düşmənin tapdağı altında olmağı ilə barışa bilmirdi. İçəridən yanır, tökülürdü. Elə həmişə köksünü ötürüb, kədərlə bircə o gün gəlsəydi deyərdi. O, gün onun dediyi kimi gəldi. Qardaşım arzusuna yetdi. Vətən yolunda şəhid oldu. Mən onunla bir qardaş kimi fəxr edir, qürurlanıram. Həyatda həmişə ona oxşamağa çalışmışam. Belə də yaşayacağam. Qardaşımın həyatı mənə örnək oldu. 1993-cü ildə Hafiz dünyaya göz açanda torpaqlarımızın bir hissəsi qonşu düşmənlərimiz tərəfindən işğal olunmuşdu. Hafiz böyüyüb bu Vətən torpaqlarının düşməndən alınmasında fəal iştirak etdi. Döyüşdü və döyüşdə şəhid oldu. Şəhid olmaq, müqəddəsliyə qovuşmaq deməkdir. Bu həm də ulu Tanrıya, Yaradana bir addım yaxınlaşmaq deməkdir. Şəhid Hafiz Həziyev bu addımı atdı… Allah rəhmət eləsin!
Adil MİSİRLİ