Müharibə düşmənlə mübarizə deməkdir. Əli silahlı həmişə bu müharibəyə hazır olmalısan. Nə qədər sülh şəraitində yaşamaq istəsən də hərbin sülhlə daima yanaşı gəzdiyini, olduğunu bir an belə unutmamalısan. Yəni, məşhur siyasətçinin dediyi kimi, sülh istəyirsənsə, müharibəyə hazır ol.
Torpaqlarımız 1993-cü ildə mənfur qonşularımız tərəfindən işğal olunandan sonra dünyaya gələn qeyrətli oğullarımız böyüyüb Vətənə əsl oğul oldular. Düşməni torpaqlarımızda məhv edib, Vətənin azad nəfəs almasını təmin etdilər. Ölkə Prezidenti, İlham Əliyev 1 milyon qaçqın soydaşımızın normal şəraitdə yaşamalarını təmin etməklə bərabər, bir Ali Baş Komandan kimi ordunun ən müasir silahlarla təchiz edilməsini və peşəkar, döyüşkən, qalib ordunun yetişməsi üçün nəhəng işlər həyata keçirdi. Və zaman yetişəndə, 27 sentyabr 2020-ci ildə artıq ordumuz müharibəyə tam hazır idi. Belə bir vaxtda Ali Baş Komandan irəli əmrini verdi. Xalqın etibarlı və qırılmaz köməyinə arxalanan şanlı ordumuz düşmən təxribatına cavab olaraq əks-hücuma keçdi. Bu vaxt savaşın ilk günlərindən müharibəyə qatılanlardan biri də Ağcabədi rayonunun Qaraxanlı kəndinin övladı Məmmədov Ceyhun Qafar oğlu oldu.
Məmmədov Ceyhun Qafar oğlu 1996-cı il oktyabrın 20-də Qaraxanlı kəndində anadan olub. 2004-cü ilin sentyabr ayında Qaraxanlı kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 2014-cü ildə sözügedən məktəbi bitirib. Elə həmin ildə əsgəri xidmətə gedib. Qusar rayonunda “N” saylı hərbi hissədə xidmət edib. 2016-cı ilin sonlarında hərbi xidməti başa vurduqdan sonra doğma kəndlərinə geri dönüb. İki ilə yaxın öz kəndlərində yaşamış, 2018-ci ildə Beyləqan rayonunda yerləşən minatan korpusda müddətdən artıq hərbi xidmətə başlamışdır. Minaatan kursunu keçmiş və artıq peşəkar minaatan kimi hərbi xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan Ceyhun bir çox döyüşlərdə fəal iştirak edib. Oktyabr ayının 25-də aldığı yaradan həlak olub. Şəhidlik zirvəsini fəth edib.
…Şəhidlik zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. Bu zirvəyə ancaq qorxmaz, igid, mərd oğullar, Vətən yolunda canlarından keçənlər ucala bilirlər. Çünki, onların məsləkləri, amalları Vətəni göz bəbəyi kimi qorumaq və yeri gələndə canlarını bu müqəddəs torpaq uğrunda fəda etməkdir.
Allah sənə rəhmət eləsin, şəhid Ceyhun! Bu torpaq, Vətən səni heç zaman unutmayacaq.
Adil MİSİRLİ