Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas
istiqamətlərindəndir.
Bu sahədə hələ regionların inkişafına dair ilk Dövlət proqramı qəbul edilərkən
qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının prioretitet istiqamətlərindən
biri kimi seçilmişdir. Bu siyasət sonrakı illər də davam etdirilmiş, 2014-cü il
Azərbaycanda “sənaye ili” elan edilmişdi.
Qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı
və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının
idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir. Son 17 il ərzində
ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə
sənaye parkları yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı
əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib.
Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı Azərbaycan Televiziyasına
verdiyi müsahibəsində dediyi kimi, ölkədə yerli istehsal canlanır, yeni iş yeri yaradılır
və iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir. Yeni “sulfat turşusu istehsalı”
zavodunun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq, məhsulları
Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.
Sumqayıtda şüşə tara məhsullarının və vərəqə şüşənin istehsalı qeyri-neft
sektorunun bu məhsullara tələbatını təmin edəcək, məhsulların ixrac potensialı da
artacaq.
Dövlət başçısı qeyd edib ki, yeni müəssisələrin yaradılmasının və təməlinin
qoyulmasının həm ölkə, həm də Sumqayıt şəhərinin inkişafı üçün çox böyük
əhəmiyyəti var. Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci
böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Son illər ərzində Sumqayıtda
yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir.
Sumqayıt həm memarlıq, həm də ekoloji baxımdan gözəl şəhərdir, havası
təmizdir, gözəl bulvarı var və yeni iş yerləri də yaradılır. Sovet vaxtı tikilmiş və
istismar müddətini başa vurmuş çoxsaylı müəssisələrin yerində 10 il bundan əvvəl
500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Qeyri-
neft sektorunun inkişafı, idxaldan asılılığın azalması sayəsində Azərbaycanın valyuta
ehtiyatları az da olsa, artıb. 2020-ci ildə Azərbaycanda qeyri-neft sənaye sahəsində
artım 12,5 faiz olub. Sənaye, kənd təsərrüfatı və qeyri-neft sektorunun inkişafı, ixrac
imkanlarının artması, idxaldan asılılığın azaldılması yeni iqtisadi reallıq yaradıb.
Ölkə rəhbəri müsahibəsində vurğulayıb ki, ölkəmizin müxtəlif yerlərində bəzi
xoşagəlməz hallar məhz nəzarətsizlik üzündən baş verir. Göstərilib ki, Azərbaycanda
təmizləmə prosesi gedir və gedəcək. Heç kimin hansısa xüsusi imtiyazı və ya
toxunulmazlığı yoxdur. Bəzi yerlərdə torpaqlar və su resursları zəbt edilməsi,
insanların əlindən alınması, qeyri-ədalətli şəkildə bölünməsi yolverilməzdir.
Azərbaycan Prezidenti xüsusi olaraq qeyd edib ki, azad olunmuş torpaqlarda qurulacaq inkişaf modeli bütün Azərbaycana transfer ediləcək, mövcud qüsurlar aradan qaldırılacaq və ölkəmizin uğurlu inkişafı təmin ediləcək. Həmin torpaqlarda çox böyük potensial – bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Azad olunmuş bölgələrdə görülən işlər növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Həmin bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalı, şəhərsalma, dövlət orqanlarının funksiyaları planlı şəkildə təmin edilməlidir. Prezident İlham Əliyev əlavə olaraq bildirib ki, Azərbaycanın inkişafı üçün yeni bir dövr başlayıb. Müharibənin başa çatması investisiyaların cəlb edilməsini daha asanlaşdırır. Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Ölkədə lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi, təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər mövcuddur. Azərbaycanda kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır.