“Azərbaycanda vəkilliyin uğurları, vəkillərin həqiqi birliyi bəzi dairələri çox narahat edir, görəsən bunun səbəbi nədir?”
E-huquq.az-ın məlumatına görə, bu sözləri Vəkillər Kolllegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, son illərdə bəzi dairələr kollegiyaya qarşı qərəzli kampaniya aparır: “Deməli, xaricdə bəzi dairələr son 10 ildə Vəkillər Kollegiyası ilə hüquqi mübahisəsi olan bir neçə hüquqşünasın rəyi ilə qərəzli qara PR kampaniyası aparırlar. Bizə qarşı əsas ittihamlardan biri kimi 2018-ci ildən etibarən nümayəndəlik institutunun məhdudlaşdırılmasını belə göstərirlər. Son illər ölkədə vəkillik sahəsində aparılan və cəmiyyətimiz tərəfindən alqışlanan islahatları, uğurları görmək istəmirlər. Azərbaycan vəkilliyini bir “monstr” təşkilat kimi təqdim edirlər. Real vəziyyəti bilməyən insan fikirləşər ki, Azərbaycanda müstəqil vəkillik heç yoxdur, mövcud deyil. Müstəqil Vəkillər Kollegiyasının qanuni və legitim qaydada seçilən sədri kimi, vəkillərimiz adından bu cür cəhdləri şiddətlə qınayıram, şanlı ölkə vəkilliyinə və vəkillərinə hörmətsizlik və sayğısızlıq kimi qəbul edirəm”.
A.Bağırov Azərbaycanda vəkilliyin inkişafı üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb və bütün neqativ hallara qarşı rəyasət heyətinin rəhbərliyi tərəfindən dərhal reaksiya verildiyini qeyd edib.