Dünyaca məşhur fotoqraf ermənilərin Natəvanın Ağdamdakı qəbrini təhqir etməsindən yazdı

Dünyaca məşhur fotoqraf Reza Deqati Ağdam şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın məqbərəsinə qarşı həyata keçirilən vandalizmlə bağlı paylaşım edib.

Fotoqraf bu barədə öz “Instagram” səhifəsində məlumat verib.

O qeyd edib ki, məşhur şairə 15 avqust 1832-ci ildə Şuşa şəhərində anadan olub.

R.Deqati izləyicilərinin diqqətinə çatdırıb ki, X. Natəvan Qarabağın son xanının varisi idi və ailənin sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən şəhərə su təminatını həyata keçirən və mühəndislik incisi hesab olunan su kəmərinin çəkilməsinə sərf edib.

Məşhur fotoqraf  ilk dəfə 1992-ci ildə erməni hərbi birləşmələrinin hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini qeyd edib.

“Şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın dağıdıldığını, hətta onun sümüklərinin qəbrindən çıxarılıb aparıldığını gördüm”, – Reza Deqati qeyd edib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər