20 Yanvar Ümumxalq Hüzn Günü olmaqla bərabər, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın tarixinə qəhrəmanlıq, birlik və şərəf günü kimi həkk olunub. 20 Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Ermənilərin təqsiri üzündən gündən-günə artan münaqişənin qarşısını almaq, onlar barədə tədbir görmək əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayətə əl atdı. Mixail Qorbaçovun birbaşa əmri ilə sovet qoşun hissələri Bakıya, eləcə də respublikanın müxtəlif bölgələrinə yeridildi. Dinc əhali ağır texnikadan, müxtəlif silahlardan atəşə tutularaq, xüsusi amansızlıqla kütləvi şəkildə qətlə yetirildi.
Qabaqcadan hazırlanan bu qanlı təcavüz Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbələr vurmaq məqsədi daşımışdır. Lakin qanlı Sovet imperiyası xalqımızın mübarizə əzmini sındırmağa nail ola bilmədi, azadlıq mücadiləsi daha da gücləndi, ölkəmiz ikinci dəfə müstəqilliyinə qovuşdu.
Faciədən dərhal sonra, yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib. SSRİ rəhbərliyinin törətdiyi cinayətə kəskin etirazını bildirib. Faciənin hüquqi-siyasi qiyməti yalnız ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra verilib.
Ölkəmizdə 20 Yanvar şəhidlərinin xatirəsi daim əziz tutulur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət olunur. Xalq istiqlal fədailərinin məzarlarına faciə simvoluna çevrilmiş al qərənfillər düzür.
Hər il olduğu kimi bu il də respublikamızda 20 Yanvar faciəsi geniş qeyd edilib. Faciənin 31-ci il dönümü Azərbayacan Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Milli Ordumuzun erməni barbarları tərəfindən işğal olunmuş Qarabağ torpaqlarını azad etdiyi bir dövrə təsadüf edir. Qəhrəman ordumuz bu parlaq qələbəsini 20 Yanvar şəhidlərinin xatirəsinə ərməğan edib. Torpaqlarımızın erməni işğalından azad olunması faciə qurbanlarının arzularını gerçəkləşdirdi, onların ruhunu şad etdi.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 20 yanvarda Şəhidlər Xiyabanında faciə qurbanlarını qələbə müjdəsi ilə ehtiramla ziyarət edib.
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da 20 Yanvar faciəsinin 31-ci il dönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olnmuşdur. Rayon sakinləri Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad etmiş, onlarla qürur duyduqlarını ifadə etmişlər.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, media mənsubları, N saylı hərbi hissənin əsgərləri, ictimaiyyət nümayəndələri rayon Şəhidlər Xiyabanında 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsini hörmət və ehtiram hissi ilə anıblar. Şəhidlər xatirəsinə ucadılmış Abidə kompleksi və Qarabağ döyüşçülərinin məzarları önünə tər çiçək dəstələri düzülüb. Şəhidlərin ruhuna dualar oxunub.
Yəhya PAŞAZADƏ

