Sənan Arif oğlu Miriyev Xocalı sakinidir. Ata babası Yuxarı Qiyamadınlı kəndindəndir. Babası uzun müddət tərəkəmə həyatı keçirib. Heyvandarlıqla məşğul olan babası Dağlıq Qarabağda çalışıb və yaşayıb. Sənanın atası Arif də elə Xocalıda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı köçkünlük həyatını qəbul etməyə məcbur olan Arif Miriyevin ailəsi əvvəlcə Beyləqan rayonunun Allahyarlı kəndində məskunlaşıb. Sənan da bu kənddə dünyaya göz açıb. 2003-cü ildən ailələri Goranboy rayonunun Aşağı Ağcakənd köçkün qəsəbəsində məskunlaşır.
1998-ci ildə martın birində anadan olan Sənan Miriyev 2004-cü ildə 1-ci sinfə daxil olur. Məktəbi bitirdikdən sonra Qusarda Sərhəd Qoşunları Qüvvələrinin sıralarında əsgəri xidmətdə olur. Əsgəri xidməti başa vurduqdan sonra sürücü kimi işləyir. 2020-ci il sentyabr ayının 8-də könüllü olaraq orduya gedir. Müharibənin ilk günü 27-si sentyabrda Talış istiqamətində gedən döyüşlərin fəal iştirakçısı kimi vuruşur. 3 strateji əhəmiyyət daşıyan postun düşməndən azad edilməsində qorxu bilmədən döyüşür, 4-cü post alınan zaman qəhrəmancasına şəhid olur. 28 sentyabrda Ağcabədi şəhərində Şəhidlər Xiyabanında dəfn olunur. Atası Arif deyir ki, “Mən Xocalımızın qoxusunu ata yurdum Ağcabədidən alıram. Buna görə də şəhid oğlumun ancaq Ağcabədidə dəfn olunmasını istədim. Gələcəkdə Xocalıdan Ağcabədiyə, oğlumun ziyarətinə gəlmək mənim üçün qürurverici, şərəfli bir hadisə olacaqdır.”
Damarlarında Xocalı qanı axan Sənan həmin başıbəlalı torpağı görməsə də, oranı böyük məhəbbətlə sevirdi. Torpağa, Vətənə məhəbbət ona genetik olaraq valideynlərindən keçmişdi. Böyüklərin danışığından o, Xocalı faciəsi haqqında hər şeyi bilirdi. Xocalı faciəsi zamanı onun yaxın qohumları, bibisi, bibisinin qızı və oğlu şəhid olublar. Bax odur ki, vaxt yetişəndə Sənan tərəddüd etmədən, bir an belə düşünmədən Xocalı qırğınının qurbanlarının qanını, qisasını almaq üçün cəbhəyə yollandı. Özü müharibədə qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə ucaldı. Sənan torpaqlarımızın azad edilməsi uğrunda canını fəda edən şəhidlərimizdən biri oldu.
İndi torpaqlarımız azad nəfəs alır, şəhidlərimizin ölməz ruhuna dualar oxunur. Allah sənə rəhmət eləsin, şəhid Sənan. Nə qədər ki, bu torpaq var, onun yolunda canını qurban verən Sənanların xatirəsi hər yerdə əziz tutulacaq, böyük qürur və iftixar hissi ilə anılacaqdır.
Adil MİSİRLİ