O, sözdə yox, əməldə vətənpərvərdir

Vətənpərvərlik bizimlə bərabər doğulur. İnsan oğlunun Vətənə, torpağa bağlılığı ona genetik olaraq keçir. Yəni insanın mayası Vətənlə, ona olan hədsiz istəklə bir yoğrulur və dünyaya göz açır. Bu gün doğulan vətənpərvər, Vətən ruhlu insan böyüdükcə, onun əməllərində Vətənə, müqəddəs torpağa tükənməz, bitməz sevgi özünü qabarıq büruzə verir.

Hüseynov Muxtar Şükür oğlu 1994-cü il iyul ayının 27-də Ağcabədi şəhərində anadan olub. 2001-ci ildə Ağcabədi şəhər 6 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 2012-ci ildə sözügedən təhsil ocağını başa vurub. Elə həmin ildə qəbul imtahanlarını uğurla verən Muxtar Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə qəbul olur. 2016-cı ildə bu ali məktəbi müvəffəqiyyətlə bitirən Muxtar, həmin ilin iyulunda ordu sıralarına yollanır. Bir il hərbi xidmətdə olduqdan sonra 2017-ci ilin yayında hərbi xidməti başa vurur. Ordu sıralarında xidmət etdikdən sonra Ağcabədi rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərir. 2019-cu ilin noyabr ayından YAP Ağcabədi rayon təşkilatında məsləhətçi işləyirdi.

Muxtar azad nəfəs ala bilmir, ürəyi işğal altında olan torpaqlarımızın taleyi, gələcəyi ilə birgə döyünürdü. Odur ki, o bir yerdə rahatlıq tapa bilmirdi. Sanki müharibənin tez bir zamanda başlayacağını hiss etmişdi. Elə buna görə də 2020-ci ilin sentyabr ayının 21-dən könüllü olaraq ordu sıralarına qatıldı. Müharibənin ilk günündən döyüşən ordunun ön cəbhəsində düşmənlə üz-üzə oldu. Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının mənfur düşməndən azad edilməsində igidlik göstərdi. Döyüşlərdə göstərdiyi şücaətə və igidliyə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Ordu sıralarından bu yaxınlarda tərxis olunan igid, vətənpərvər Muxtarın qəlbində arzuları aşıb-daşır. Gələcəyə böyük nikbinliklə baxan Muxtar söhbət zamanı işğaldan azad olunmuş torpaqlarımızın çiçəklənməsi üçün əməyini əsirgəməyəcəyini bildirdi.

YAP Ağcabədi rayon təşkilatının əməkdaşları Muxtarla fəxr edirlər. Onun qarşılanması zamanı iş yoldaşlarının üzündə gördüyüm sevinc, qürur hissi, igidimiz haqqında söylədikləri fikirlər bunu vurğulamağıma əsas verir. Biz də öz növbəmizdə sənə gələcək həyatında uğurlar, can sağlığı arzulayırıq, Muxtar!

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər