Şərəfxanlı kəndinin ilk sakinləri şahsevənlərə mənsub olan ailələr hesab olunur. Yaşayış məntəqəsinin ərazisində məğriblər adlı kiçik el yaşamış, XX əsrin əvvəllərində isə şərəfxanlı nəslinə mənsub olan ailələr həmin ərazidə məskunlaşmışlar. Elə bu səbəbdən də oykonim belə adlanır.
…Murad Rüstəm oğlu Əsədov 15 dekabr 1999- cu ildə Şərəfxanlı kəndində anadan olub. 2006-cı ildə şəhid Ceyhun Cəfərovun adını daşıyan Şərəfxanlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2017-ci ildə adıçəkilən məktəbi bitirib. 2018-ci ildə Naxçıvanda N saylı hərbi hissədə qulluq edib. Müharibəyə qədər atasına köməklik edib, şəxsi təsərrüfatla məşğul olub. 29 sentyabr 2020-ci ildə Vətən savaşına qatılıb. Bu qorxmaz, igid oğlan iştirak etdiyi döyüşlərdə öz döyüş bacarığı, hərbi biliyi ilə seçilib. 8 oktyabr 2020-ci il tarixdə Cəbrayıl uğrunda gedən gərgin döyüşlərdə qəhrəmanlıqla vuruşub. Və Vətən yolunda həlak olaraq, şəhadətə qovuşub.
Murad çox tərbiyəli, mülayim, aliəcanlı övlad olub. O, hər bir işdə valideynlərinə yaxından köməklik göstərib, onlara arxa, dayaq olub. İndi valideynlərinin dediyi kimi, onun hər yerdə yeri görünür. Ancaq o, şəhidlik zirvəsini fəth edərək, Şərəfxanlı kənd qəbristanlığında torpağa tapşırılıb.
Anası söhbət zamanı oğlu ilə fəxr etdiyini deyir: “Muraddan həmişə razı qalmışıq, fəxr etmişik. İndi də Murad elə bir zirvədir ki, daha çox fəxr edirik. Onu bütün el, oba, camaat tanıyır. Bizim hətta tanımadığımız adamlar bizə qonaq gəlir, Muraddan danışırlar. Bu, böyük qürurdur.”
Vətənə əsl oğul olan igid, vətənpərvər şəhid Murad Əsədovun əziz xatirəsi həmişə onu tanıyanların qəlbində yaşayacaqdır.
Adil MİSİRLİ