Əliyev Mirağa Musa oğlu 2000-ci il avqustun 20-də rayonumuzun Xocavənd kəndində anadan olub. Ailə üzvlərinin dediyinə görə, hələ uşaq çağlarından hərbi verilişlərə həvəslə baxar, torpaqlarımızın mənfur düşməndən azad olunacağı günü səbirsizliklə gözləyərdi. Bu , böyük Vətən sevgisi Mirağaya Birinci Qarabağ savaşının veteranı olan atası tərəfindən keçib. Atası deyir ki, Mirağa çox insaflı, təvazökar və fədakar insan idi.
İki bacının bir qardaşı olan Mirağa sadəlövh, rəhmdil və insaflı insan idi. Həmişə başqalarının qayğısını çəkər, bacardığı qədər kömək əlini uzadardı. Elə bunun nəticəsidir ki, o, Füzuli uğrunda gedən döyüşlərdə Mirağa ön cərgədə gedənlərdən biri olub. Əsgər yoldaşlarına “Siz evlisiniz, ailəniz, uşaqlarınız var, mən öndə gedəcəyəm” deyərək özünü od-alovun içərisinə atıb. Qəhrəmancasına həlak olub. Döyüş zamanı raket atəşi zamanı ürəyindən qəlpə yarası alan Mirağa Vətən yolunda şəhid olub. 30 oktyabr 2020-ci ildə şəhid Mirağa Musa oğlu Əliyev doğma kəndləri Xocavənddə torpağa tapşırılıb.
Adil MİSİRLİ