Ağcabədi əzəldən Azərbaycana məşhur musiqiçilər bəxş etmişdir. Üzeyir
Hacıbəyov, Zülfi Adıgözəlov, Mütəllim Mütəllimov, Yaqub Məmmədov, Səfa
Qəhrəmanov, Sahibə Əhmədova, Sabir Novruzov, Könül Kərimova və digərləri bizim
fəxr etdiyimiz bəstəkar, xanəndə və müğənnilərimizdir. O cümlədən Ağcabədi həm də
şeir-sənət ocağıdır, tanınmış yazıçı və şairlər yetişdirən məkandır. İsi Məlikzadə,
Əhməd Elbrus, Məmməd Aranlı, Rasim Tağıyev, Dadaş Mehdi, İbrahim Kəbirli və digər
şair və yazıçılarımız bizim fəxrimizdir.
Amma bu gün nə musiqiçilərdən, nə də şairlərdən söz açmaq fikrim yoxdur. Bu
dəfə sadəcə Ağcabədi şairlərinin nəğməyə çevrilmiş şeirləri haqqında yazmaq
istəyirəm. Çünki, zaman keçir, həmin musiqiyə çevrilmiş sözlər kimlər tərəfindənsə
mənimsənilir, başqalarının adına çıxılır. Odur ki, bu gün bir neçə şairlərimizin şeirləri
haqqında yazacağam. Düzdür, elə şairlərimiz var ki, onların bir çox şeirlərinə musiqi
bəstələnib, sözləri muğamlarımızda işlənib dillər əzbəri olub. Amma mən yalnız bir neçə daha məşhur olmuş sözlər haqqında məlumat verəcəyəm. Məsələn, birinci başlayıram mərhum şairimiz Təvəkkül Yanarın “Axtar Qarabağda, gəz Qarabağda” adlı şeirindən.
Bu şeirin sözlərini ilk dəfə səhv etmirəmsə 1995-ci ildə Tunar adlı gənc müğənni
Türkiyədə segah üstündə oxumuş və bundan sonra dillərə düşmüşdü.
Əgər təbiətin seyrinə çıxsan,
Ətirli güllərdən üz Qarabağda.
Lalədən, nərgizdən, tər bənövşədən
Yarın sinəsinə düz Qarabağda.
Heyranam Ağdamın yaraşığına
Qurbanam Bərdənin gur işığına,
Doğma Ağcabədi, öz aşığına
Həmişə olubdur göz Qarabağda.
O, illərdə uşaqdan böyüyə hər kəs zümzümə etdi bunu. Amma sonluqda müəllifin
adı çəkilən “Təvəkkül Yanarı istəsə könlün” misrasında dəyişiklik edilərək “Əgər bir gün
məni istəsə könlün” kimi oxudu.
Sonradan kim isə ortaya çıxıb: – “bu mənim şeirimdir” – deyə sinəsinə döysə də
hər birimiz bilirik və bilməyənlər də bilsinlər ki, bu ağcabədili şair Təvəkkül Yanarın
sözləridir və həmin şeiri bütövlükdə elə müəllifin eyni adlı kitabında ilk səhifədə oxuya
bilərlər.
Xanəndələrimizin sevə-sevə ifa etdiyi daha bir şeirə diqqət çəkmək istəyirəm:
Daha doğrusu, şeirin ən yaddaqalan son iki bəndinə:
Azərbaycan mənim elim,
Azərbaycan mənim dilim.
— Doğransa da dilim-dilim
Başqa dilə çönən deyil.
Həm Arazam, həm də Kürəm, .
Axıb Xəzərə tökülləm.
Dilim ölsə mən də ölləm
Ana dilim ölən deyil!
Deyəsən təəccübləndiniz. Axı bu şeir Məmməd Arazındır deyə düşündünüz və ya
başqa şairlərin adı da gəldi ağlınıza. Məmməd Arazın adı daha çox hallandığı üçün
onun kitablarını çox axtardım, amma bu şeirə rast gəlmədim. İnternet səhifələrindən
bəzilərində gənclər tərəfindən yerləşdirilmiş bu şeirin müəllifi yenə də M. Araz kimi
göstərilmişdi. Nəhayət bir neçə il öncə Məmməd Arazın qızı İradə Tuncaya müraciət
etdim. Onun mənə yazdığı cavab bu oldu: “Araza dəxli yoxdur. Zatən üslubdan da
bilinir.”
Axtarışlarım zamanı bu şeirin üzərində bir çox şairlərin adları hallandı. Amma heç
biri öz əsasını tapmadı. Bu şeirdə adı hallanan şairlərdən yalnız həmyerlimiz Vaqif
Kəhrizlinin kitablarında həmin şeirə rast gəldim. Buna həm də digər sübut var ki, xalq
artisti Əlibaba Məmmədov bir neçə il öncə televiziya kanallarından birində “Ovqat”
verilişində şeirdən söhbət düşərkən qeyd edir ki, bir dəfə Ağcabədidə olarkən
mədəniyyət evində bir nəfər mənə yaxınlaşdı və bir şeir yazılmış kağız göstərdi. Mənim
eynəyim yanımda olmadığı üçün şeirə ötəri baxıb cibimə qoydum. Bir müddət sonra
evdə pencəyimi geyinərkən cibimdə nə isə olduğunu hiss etdim. Eynəyi taxıb həmin
kağızı çıxararaq şeiri oxudum. Şeir çox xoşuma gəldi və dərhal Bəxtiyar Vahabzadənin
yanına apardım. O, baxıb bəyəndi və mənə məsləhət gördü ki, bu şeiri bəstəkarlara
göstərim. Bu, bir daha sübut edir ki, həmin şeir həmyerlimiz Vaqif Kəhrizliyə məxsusdur.
Daha bir şairimizin nəğmə olan şeirindən yazım. Bu, Dadaş Mehdidir. Dadaş
Mehdinin 50-dən çox şeirinə mahnılar bəstələnmişdir. Tanınmış bəstəkarlar Faiq
Sücəddinov, Nazim Qəmərli, Nəriman Məmmədov, Hacı Xanməmmədov, ,Cavanşir
Quliyev, Oqtay Rəcəbov, Oqtay Kazımov, Vasif Adıgözəlov, Telman Hacıyev, Tahir
Əkbər, Eldar Mansurov, Rəşid Nəsiboğlu və o cümlədən müəllifin özü onun sözlərinə
mahnılar bəstələmişlər. Bu mahnılardan yalnız biri haqqında məlumat vermək istərdim.
Çünki, bu mahnını tanımayan, eşitməyən yoxdur. Uşaqlıqdan bu günədək radio və
televiziyadan eşitdiyim, musiqisi Faiq Sücəddinova, sözləri həmyerlimiz Dadaş Mehdiyə
aid olan bir mahnıdır bu:
A gülyanaq, gülərüz,
A şirindil, şirinsöz
A qaratel, qaragöz,
Mən səni axtarıram.
…Xəyalımda min soraq
Eşqim əlimdə çıraq,
Aləmə salıb haray
Mən səni axtarıram.
Ötən günlərinizi yadınıza saldı, hə? Məncə, hansısa bir məqam, bir an gözləriniz
önündə canlandı, nostalji hisslər yarandı içinizdə… Olsun! Mən də bunu istəyirəm!
Tanınmış şair İbrahim Kəbirlinin çox sayda şeirlərinə də musiqi bəstələnib.
Onlardan biri də musiqisi Eldar Mansurova məxsus olan “Gözəldir” mahnısıdır.
Üstünə iz düşməyən şeh nə gözəldir
Qönçələri oxşayan meh nə gözəldir.
Şad xəbərlər gəzdirən dil nə gözəldir
İnsanı qocaltmayan il nə gözəldir.
Gözəldir
Gözəldir,
İnsanı qocaltmayan il nə gözəldir.
Son zamanlar həmyerlilərimizdən Rəşad Məcidin, Ənvər Əhmədin və digər
şairlərin sözlərinə bəstələnmiş bir sıra mahnılar dinləyicilərin ürəyinə yol tapa bilib.
Onlardan biri də Rəşad Məcidin “Çiyələk qadın” şeiridir. Bəstəkarı və ifaçısı əməkdar
artist Xumar Qədimova olan bu mahnı qısa zamanda dillər əzbəri oldu:
Elə möcüzələr yaratmısan ki,
Elə dəqiqələr yaşatmısan ki,
Olmayıb heç onun yüzdə biri də
Nə mənim dünyamda,
nə bu dünyada.
Bilmədim iblissən, ya mələk, Qadın
Ətri, gözəlliyi çiyələk Qadın
Bir də gəlməyəcək sənin tək Qadın
Nə mənim dünyama,
nə bu dünyaya.
Məhsəti Musa