Cavan canını Vətən yolunda əsirgəməmək, bu torpaq uğrunda şəhid olmaq,
Tanrıya daha yaxın olmaq deməkdir. Şəhidlik ölüm yox, müqəddəsliyin əlçatmaz
zirvəsini fəth etmək deməkdir. Bu dünyadan böyük şərəflə, ləyaqətlə köç etməkdir.
Ölümü ilə ölməzliyə, şəhadətə qovuşmaq çoxlarına nəsib olmur. Belə şərəflə dünyamızı tərk edənlər, içində elə Vətənin özü boyda Vətən məhəbbəti daşıyanlar olurlar. Doğulub boya- başa çatdığın, Ana dediyin Vətən yolunda can verib, əbədiyaşar olmaq əsl qeyrətli oğulların məsləki, amalı, həyat yolu olur…
Qaravəlli yaşayış məntəqəsi qaravəlli (qaravəlili) tayfasının burada
məskunlaşması ilə əlaqədar belə ad almışdır. Kənd sakinləri, qaravəllilər duzlu, məzəli,
zarafatcıl söhbətləri ilə seçilir.
Bayramov Xəzər Azad oğlu 17 noyabr 1997-ci ildə Qaravəlli kəndində anadan
olub. 2004-cü ildə Qaravəlli kənd tam orta məktəbinə daxil olub. 2015-ci ildə bu məktəbi uğurla başa vurub. 2016-cı ilin yanvarında çağırışla hərbi xidməti yerinə yetirmək üçün ordu sıralarına gedib. 2017-ci ilin iyulunda hərbi xidməti başa vurub, doğma kəndlərinə qayıdıb. Kəndlərində təsərrüfatla məşğul olub, valideynlərinə kömək edib. Orta təhsilli və subay idi.
2019-cu ilin dekabr ayından müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. 3
oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən qızğın döyüşlərdə şəhid olub. Atas Azad söhbət zamanı onu belə xatırladı:
“Xəzər uşaqlıqdan çox cəld, çevik və eyni zamanda sakit idi. Hərbiyə böyük
həvəsi var idi. Mübariz İbrahimovun adı dilinin əzbəriydi. Həmişə Vətəni onun kimi
sevəcəyini, lazım gələrsə gözünü qırpmadan canını fəda edəcəyini söyləyirdi. Xəzər
idmanla yaxından maraqlanardı. Orduda bütün normativləri ustalıqla yerinə yetirərdi.
Özü də yaxşı futbol oynayardı. Kəndimizin futbol üzrə yığma komandasında
yarımmüdafiəçi idi. Hücuma meylli idi. Ronaldonu da çox sevirdi. Onun futbol fəndlərini
ustalıqla yerinə yetirərdi. Arzuları, istəkləri çox idi. Yaşamaq, yaratmaq eşqi onun cavan
köksündə aşıb-daşırdı. Amma həyatda hər şeydən çox doğma torpaqlarımızı, Vətəni
sevirdi. Elə bu Vətən sevgisi də onu düşmən üzərinə yeriməyə səslədi. O, qorxmadan,
tərəddüd etmədən düşmənlə vuruşdu. Arzusuna yetdi, şəhidlik zirvəsinə ucaldı. Allah
bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun!”
Adil MİSİRLİ