Klassik yazarları niyə oxumalıyıq? – Orxan Kərimov yazır..

Kitab oxumaq bəzilərimiz üçün böyük bağlılıq, vərdiş, hətta zehni və mənəvi
yaralarımıza ”məlhəm” olduğu halda, bəzilərimiz üçün hələ də əlçatmaz bir xəyaldır.
Bəzilərimiz də hər nə qədər kitab oxumaq istəsək də, o ucsuz-bucaqsız dənizdə
üzməyə hələ hazır olmadığımızı düşünürük.
Biz çox vaxt belə deyirik,
“Qəşəng, maraqlı, sıxıcı olmayan kitab olsaydı oxuyardım.” Bəs hamımızın
axtardığı bu qəşəng, maraqlı kitablar hansılardır?
Əlbəttə, buna qərar vermək, bu kitab yaxşıdır, o kitab pisdir, ya da o kitab
maraqsızdır, bu kitab maraqlıdır demək mümkün deyil. Ancaq bu yazıda sizin üçün
klassik kitabların yazarlarını, onların metod və üslublarını, dahi şəxsiyyətlərin klassik
yazarlar haqqında nələr dediklərini və başlıqdakı sualın cavabını öz üslubumca izah
etməyə çalışacağam.


Düşünürəm kitab kimi geniş nəsnədənsə, kitabların yazarlarını, yazarlarının da
üslublarını ələ alıb sizə elə bir xəritə vermək daha faydalı olar.
(Bu məqaləmdə böyük italyan yazıçısısı İtalo Kalvinonun yeni oxuyub bitirdiyim
“Klassikləri niyə oxumalıyıq” adlı əsərindən təsirlənmişəm)
Kalvinoya görə klassik yazarlar yazdıqları əsərlərdə toxunduqları mövzularda
əsas məsələləri bütünlüklə ələ alan, axtarılan sualların cavabını tapıb bizə verən, o
dövrün standartlarını bu gün bizə tanıtdıra bilən və ən vacibi bizi düşündürə bilən
yazarlardır.

  • Höte isə deyir ki, “Üç xarakterdə oxucu var: Birincilər ittiham etmədən
    oxuyanlar. Üçüncülər əsərin mahiyyətini anlamadan ittiham edənlər. İkincilər isə, əsərin
    mahiyyətini anlayaraq ittiham edən və ittiham etdikcə həzz alanlardır. Bunlar həm də
    digər ikisinin arasında qalanlardır.”
    Mənim kimləri oxuduğuma gəldikdə, məsələn, Puşkini çox oxuyuram, çünki
    ironiya və ciddiyyəti bütünləşdirə bilir. Hemingueyi oxuyuram, çünki çılpaqlıq və
    müəmmanı, kədər və xoşbəxtliyi qarışdıra bilir. Çexovu oxuyanda anlayıram ki, yazıda
    həddini bilir. Tolstoyu isə ona görə oxuyuram ki, “Aha, başa düşdüm, bunu demək
    istəyib”, dediyim anda bir də baxıram ki, sən demə heç nə anlamamışam.
    Dostoyevskini həm oxuyur həm də ciddi cəhdlə anlamağa, analiz etməyə
    çalışıram. Həyatın sərhədsizliyini, vulqarlığını insanın içindəki aclığı və nifrəti üzə
    çıxartmağı bacardığı üçün… Ceyn Ostini isə oxumuram, amma nə vaxtsa var olması
    məni “narahat” etmir. Mənə görə o dönəmin Ostini bu günün Elif Şəfəqidir.
    Sadaladığım bu hissləri və hissizlikləri yalnız klassiklərin öyrədə biləcəyinə
    inananlardanam.
    Yuxarıda qeyd etdiklərimi və əlbəttə daha çoxunu öyrənə bilmək , hətta öyrənə
    bilməsək də, öyrədənlərin yəni klassik yazarların keçmiş əsrlərdən bizə boylanıb,
    bizimlə “söhbət etməsi” üçün onlara vaxt ayırmağa, onların dərin dənizlərində üzməyə,
    lap yeri gəlsə boğulmağa da dəyər.

Axı, üzməyi öyrənməyin tək yolu üzməkdir.
Sonda isə yazımı müəllifini unutduğum, ancaq çox sevdiyim bir fikirlə bitirmək
istəyirəm: “Rusiyada üç inqilab oldu, amma Raskolnikovu unutdura bilmədi”. Bu cümlə
bizə dərin klassiklərdən olan Dostoyevskinin “Cinayət və Cəza” əsərindəki əsas obrazın
zamanın süzgəcindən necə keçməsini demək istəyir.
Mən də zamanın süzgəcindən keçməyən heç bir məfhuma vaxt ayırmamağınızı
tövsiyə edirəm. Əks halda zamanınızın itməsindən başqa heç nə qazanmayacaqsınız.
Xoş mütaliələr!

Orxan KƏRİMOV

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər