Nicat Məmmədov: Bir dəfə tamamilə yanmış bir döyüşçü əlimdən tutdu “Məni qoyma ölüm. Atam mənə bəy kostyumu alıb” dedi

Qazilərimizlə, təltif edilmiş döyüşçülərimizlə bağlı sosial şəbəkə ünvanımıza xeyli
məlumat daxil olur və biz qəhrəmanlarımızı tanıtmaq üçün bu məlumatları elə sosial
şəbəkədəki səhifələrimizdə paylaşırıq.
Bir gün bir nəfər özü haqda qısa məlumat göndərərək onunla da bağlı paylaşım
etməyimizi istədi. Doğrusu, elə də ciddiyə almadım. Lakin bir neçə gün sonra
izləyicilərin fəaliyyətimizlə bağlı istək, arzu və təkliflərini öyrənmək istədikdə həmin gənc bir daha yazdı. “Heç yazdığıma cavab da vermədiniz” deyə gileyləndi. Yenidən mesaj qutusuna göz gəzdirdim. Onun yazdıqlarını oxudum. Vətən müharibəsi dövründə Ağcabədi rayon Mərkəzi Xəstəxanasında könüllü kimi fəaliyyət göstəribmiş. Məlumatı dəqiqləşdirmək üçün əməkdaşımız xəstəxana ilə əlaqə saxladı. Və onun haqqında elə ürəkdolusu fikirlər söyləndi ki, biz müsahibimizi dərhal redaksiyaya dəvət etdik. Beləliklə, “Aran” qəzeti Nicat Məmmədovla müsahibəni təqdim edir.

Söhbətə keçməzdən əvvəl özünüz haqda məlumat verməyinizi istərdim?

– Mən Məmmədov Nicat Rafiq oğlu 11 oktyabr 1988-ci ildə Ağcabədi rayonunda anadan olmuşam. Ağdam Dövlət Sosial İqtisadi Kollecini bitirmişəm.2006-cı ilin oktyabrında hərbi xidmətə yollanmış, lakin xidmətin başa çatmasına 2 ay qalmış səhhətimlə əlaqədar hərbi əlillik dərəcəsi ilə ordudan tərxis olunmuşam.
Müharibə başlayandan sonra səfərbərlik çağırışı ilə əlaqədar tibbi personal kimi onlayn
qeydiyyatdan keçdim. Lakin çağırış olmadı. Sonra yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinə müraciət etdim. Bildirdilər ki, ordu sıralarından əlillik dərəcəsi ilə tərxis olunmusan. Odur ki, cəbhəyə getməyin mümkün deyil. Bu cavablar məni çox narahat edirdi. Ürəyim partlayırdı. Necə yəni, o cür igid oğullar cəbhədə can qoyur, mən əlimi-qolumu sallayıb oturum?
Bir işə yaramaq, bu ağır günlərdə özümü lazımlı hiss etmək istəyirdim. Nəhayət,
Mərkəzi xəstəxanaya müraciət etdim. Bu, elə vaxt idi ki, həqiqətən də könüllüyə böyük ehtiyac var idi. Vəziyyət çox gərgin idi. Yaralılar çox idi. Şükür olsun ki, məni könüllü kimi qəbul etdilər.

Könüllü kimi fəaliyyətin nədən ibarət idi?
– Elə ilk gündən yaralıların daşınması, onların yaralarının sarınması, dava-dərmanlarının, yeməklərinin vaxtında verilməsində yaxından iştirak edirdim.
Amma iş bununla bitmirdi. Onlara psixoloji yardım da edirdim. Çox maraqlıdır ki, həmin günlərdə özümü tanıya bilmirdim. Gecə yuxudan ayılıb qışqıran, hansısa bədən
üzvünün itirilməsinə dözməyən, itirdiyi yoldaşlarının acısını unuda bilməyən qazilərimizə elə sözlər tapıb deyir, elə yola gətirirdim ki, tamamilə sakitləşir, toxdayırdılar. Bəzən hiss edirdim ki, ürəklərini boşaltmağa, kiminləsə danışmağa ehtiyac duyurlar. Saatlarla onları dinləyir, mənəvi dəstək olur, ümidləndirir, nə qədər böyük olduqlarını özlərinə hiss etdirirdim. Hətta bir dəfə heç toxdamaq bilməyən yaralını qucaqlayıb bir gecə onunla yatdım. Bu, onu çox sakitləşdirmişdi.

Ümumiyyətlə, onları görmək çox ağır idi. Tibb işçilərini demirəm, amma sıradan, könüllü kimi gələn kimsə sonadək dözə bilmirdi. Mənə də asan deyildi. Amma mən bu işin məsuliyyətini dərk edir, bu anda mənə nə qədər ehtiyac olduğunu bilir və odur ki,
bacardığım qədər möhkəm olmağa çalışırdım.

Nicat, möhkəmliyindən, yaralılara mənəvi dəstək olmağından danışdın. Bəs
hisslərini idarə edə bilmədiyin an oldumu heç?

– Əlbəttə… O qədər olub. Bir dəfə tamamilə yanmış bir döyüşçü əlimdən tutub dedi ki,
“Məni qoyma ölüm. Atam mənə bəy kostyumu alıb”. Həmin an dünya başıma uçdu
sanki. Hönkürüb ağladım. Təəssüf ki, onu həyatda saxlamaq olmadı…
Ümumiyyətlə, orada keçən günlərdə dəqiqədə bir fərqli vəziyyətlərə düşürdüm. Bir
palatada ağlayır, digər palataya keçəndə gülə-gülə keçməyə məcbur edirdim özümü…
Tək mən deyildim ki… Kişi həkimlərin neçəsinin ağladığını görmüşdüm. Bakıdan gələn
bir həkim var idi. Bir dəfə təsadüfən eyni anda eyni duanı etdik: “İlahi, nə qədər yaralı
gəlir gəlsin, şəhid gəlməsin”…

Daha nəyi bölüşmək istərdin oxucularla?

– İnanın, o qədər hadisələr olub ki, o günlərdə… Amma çox çətindir bu haqda danışmaq. Qoy sonu yaxşı bitənlərdən danışım. Sizi anlayıram. Döyüşdən gələnlər də çox vaxt yoldaşlarının ölümü ilə bağlı xatirələri danışmaqdan qaçırlar. Xoş xatirənizdən birini danışın o zaman…

Bir gün təxliyyə olunmuş(yaralanmışdı) Həmid adlı bir mayor mənə zəng vurdu ki,
Ağcabədi xəstəxanasına Elnur adlı döyüş yoldaşımı aparıblar. Vəziyyəti ağırdır. Heç
kimi, özünü belə tanımır. Orada Samir adlı bir döyüş yoldaşı da var. Onu görsə, bəlkə
tanıyar. Mən Elnurun yanına gedib Samiri, Həmidi tanıyıb-tanımadığını soruşdum. Dedim tanıyırsansa, bir işarə ver, heç olmasa göz vur. O, adları eşidəndə reaksiya verdi. Sonra Elnurun üst-başını dəyişdik, üzünü təraş etdim. Mən bunları edərkən o, gözünü məndən çəkmirdi. Tez-tez Həmid və Samirdən danışırdım ki, bəlkə nə isə xatırlaya. Nəhayət, elə oldu ki, şərait yarandı, Samirlə onu görüşdürdük. Samir üzündəki maskanı aşağı edəndə Elnur bir az baxdı, baxdı və tanıdı. Ağladı. Samir ona təsəlli verib sakitləşdirdi. Bundan sonra Elnura qələmlə kağız verdik. Yazmağa taqəti yox idi. Güclə “döyüş” sözü yazdı.
Dedim ki, müharibəni soruşursansa bitdi. Qələbə qazandıq. Şuşanı da aldıq. Erməni diz çökdü… Bu anda bayaqdan söz yazmağa heyi olmayan Elnur məni möhkəm qucaqlayıb hönkürdü. Oradakı həkimlər, tibb bacıları da bizə qoşulub ağladılar. İlahi, o necə an idi… Necə tükürpədən mənzərə idi…

Nicat, indi əlaqən varmı həmin qazilərlə?

– Əlbəttə, hər biri ilə əlaqə saxlayıram, danışıram. Onlar da məni unutmur…
Çox gözəl hisslərdir bunlar. Sevinirəm ki, müharibə dövründə mən də nə isə edə
bilmişəm. Mənə heç nə lazım deyil. Sadəcə işim dəyərləndiriləndə mən də özümü
lazımlı bilirəm, özümlə fəxr etmək imkanı qazanıram.

Xatirələrin çox oldu. Hər biri də təsirli bir həyat hekayəsi. Amma yəqin ki, yer məhdudiyyəti olduğu üçün hamısını qəzetdə verə bilməyəcəyik. Lakin səninlə söhbət çox maraqlı idi. Sonda nə demək istərdin?

– Müharibə başlamazdan əvvəl taksi sürücüsü işləyirdim. Hərdən insanlara səslənib
möhkəm səslə deyirdim: “Şuşaya 1 nəfər”, “Laçına 3 nəfər”. Onda bu, sadəcə arzu idi.
Bəlkə də nə vaxtsa real olacağına çox inanmadığım arzu. Amma sən demə, o sözləri
həqiqətən deyə biləcəyimiz günlər çox yaxınlıqda imiş. Özüm bilmədən, öncədən xəbər verirəmmiş. Şükür olsun bu günə… Mən çox xoşbəxtəm.

Söhbətləşdi: Məhsəti MUSA

Şərhlər