Nizami Gəncəvi ili və “Sınıq buruq”…

Televiziyada Nizami Gəncəvi haqqında danışırdılar… Bərk susadığımı hiss
etdim. Durub böyük bir fincana su süzüb, çəkdim başıma. O qədər susamışdım ki,
çox güman, normadan artıq içdim, ürəyim istədiyi kimi sərinlədi. Suyu içəndən sonra
fikirləşdim ki, görəsən, Nizami Gəncəvi niyə deyir:
“Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.”
Axı elə indicə mən suyu artıq içdim, bəs niyə dərd vermədi? (Hamının bildiyi mənanı
bilirəm, amma atıram bir kənara, çünki hamının bilmədiyi mənalar da var.)
Əvvəl sualıma belə cavab tapdım ki, yəqin şair o vaxt su qıtlığından əziyyət, dərd
çəkən insanlara təsəlli üçün deyib bu beyti. Bir az bu cavab üzərində o yan – bu yana
gəzişdim, gördüm xeyli yaxınlaşıram, amma çata bilmirəm, tam cavab deyil. Sonra
baxdım ki, budur, “dərd” artıq aydınlıqda… Su aydınlıqdır, axı. Nədir bu dərd? Suyun
qıtlığı. Yəni artıq içə-içə zay etmə, sonra tapa bilməyəcəksən, dərd olacaq.
Gör bir fincan suyla Nizaminin bir beytini nuş etmək məni hardan-hara aparıb-gətirdi,
hansı (acı) dadı yaşatdı.


Ordan birbaşa qayıdıram kəndimizə (Ağcabədi rayonu Qaravəlli kəndi). İçməli su
bolluğunun az qala su qıtlığı gətirdiyi kənd… Burda sanki su özünü boğur, batırır.
Burada bilərəkdən tez-tələsik qısa bir keçid edirəm. Çünki mən on iki artezianın
hamısından deyil, – karıxıb sayı da əvvəl dedim – birindən danışacağam.
Kəndimizə sovet dövründə on iki artezian vurulub, hamısının suyu içməyə tam yararlı
və təmiz idi. İndi onların əksəriyyəti quruyub. Ancaq biz bunlara o qədər arxayın idik
ki, elə hesab edirdik, əbədi olaraq qaynayacaqlar…
Hə, həmin bir artezianın taleyi çox miskindir. Bilmirəm, təsadüfdənmi, ya taleyin
zərurətindənmi ona kənd camaatı “sınıq buruq” deyir. Adı budur artıq. Uşaq vaxtı bu
adı eşidəndə, mənə qəribə gəlirdi… Çox kövrəkdir. Çox kədərlidir. Böyüdükcə
anladım ki, o, həqiqətən də, sınıqdır. Onun həm özü, həm taleyi, həm də “qəlbi
sınıqdır”…


“Sınıq buruq” kəndin bir kənarında (kənddən elə də uzaq məsafədə deyil) otuz ildən
çoxdur, şor kanalın içində sınıq-sınıq qaynayır. Daha doğrusu, ilk vaxtlar kanalın
kənarında olub, amma zamanla su torpağı yuyub… Yox, torpaq ayağının altından
qaçıb və o, düşüb kanala. Üstündə qamış və ağaclar da bitib… Sanki o, neçə illərdir,
kanaldan çıxmaq üçün fəryad edir, insanları haraylayır. Bu mənzərə fonunda onun
suyu göz yaşına bənzəyir. Şor kanalın suyu onun topuğundandır, ancaq “sınıq
buruq” topuğundan olan suda batır, boğulur… Balacalaşır. Ona görə üstündə ağac
və qamış bitirib ki, boyu ucalsın, adamların gözündən itməsin… Bu, suyun insanlara
sədaqətidir…
Bəs biz? – Dünyada içməli su probleminin yaşandığı bir zamanda, içməli suyu şor
sulara yoldaş edib, axıdırıq çöllərə…

Nəysə… Hərdən özümü qəsdən maddi cəhətdən zəngin biri kimi təsəvvür edirəm ki,
görüm, “sınıq buruq” üçün nə edə bilərəm, onu bu utanc durumdan, özümüzü –
insanlığı bu töhmətdən necə xilas edə bilərəm?… İnanın ki, neyləyirəmsə, elə bir şey
yadıma düşmür… Axı mən bir dəqiqə əvvəl onu çox az xərclə (üç-beş min manat)
insanların istifadəsinə verərək, kəndin özünü, bəlkə də, bir hissəsini içməli suyla
təmin etmək olar deyirdim. Bunun üçün, məsələn, artezianın suyunu cəmi bir
kilometrlik boru xətti ilə kəndin müəyyən, – insanlar üçün uyğun ərazisinə gətirmək
yetərlidir. Yadıma düşmür ki, düşmür… Zəngin adam təsəvvürü beynimdə canlanan
kimi, özümü marketlərdən evə ədayla (əşşi, pulum var, alıram) su daşıyan “boru”
olaraq görürəm…
Yenə də nəysə…


Hərdən də özümü sırf bu işlər üçün göndərilmiş Tanrı elçisi kimi təsəvvür edirəm.
Dərhal humanistliyim tutur:
Bu nədir? İnsanlar yalnız özlərini fikirləşir, ayıbdır! Bəs tısbağalar, bəs qurbağalar, su
qunduzları? Onlar canlı deyil? Nə vaxta qədər şor sularda yaşayacaqlar? Qoy onlar
da şirin su dadsınlar, qoy onlar da insanların hansı dad-tamla yaşadıqlarını
duysunlar… Hətta deyərdim, adamlar susuz qalsınlar, bilsinlər ki, dəvələr səhralarda
nə zülüm çəkirlər… Beləliklə, insanlarla heyvanlar arasında qarşılıqlı anlaşma, qayğı
və sevgi yaransın…
Qayıdıb yazının əvvəlində Nizamidən verdiyim misralara baxa-baxa deyirəm, axı
Nizami başqa nəsə də demişdi suyla bağlı? Birdən yadıma düşür:
“Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.”
Doğrudan da, bayaqdan nə “sınıq buruq”, “içməli su” filan deyərək deyinirəm?!
Bəsdir!
Axx, Nizami Gəncəvi, axx, şair, az qala məni camaatla üz-göz edəcəkdin. Yaxşı ki,
son misraları yazmaqla mövzunu bağladın, yoxsa mən danışa-danışa şor kanalda
batan “sınıq buruq”a dönəcəkdim…

Şərhlər