Qazilik də şəhidlik kimidir

Müharibə varsa, sözsüz şəhid də olacaq, qazi də. Bu müharibənin qaçılmaz
qanunlarından biridir. Daha doğrusu, sübuta ehtiyacı olmayan bir anlayışdır bu. Qazilik
də şəhidlik kimi, hər adama qismət olmur. Belə taleyi vətənpərvər, igid, qoçaq, qorxmaz
oğullar özləri seçirlər. Vətən, torpaq yolunda vuruşur, lazım gələrsə canlarından belə
keçməyə hazır olurlar. Çünki müharibənin bir adı da, elə bəlkə də ölümdür.
Qaravəlli kəndindən olan Bayramlı Niyaz Knyaz oğlu 5 yanvar 2002-ci ildə
anadan olub. 2009-cu ildə Qaravəlli kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub.
2018-ci ildə sözügedən məktəbi bitirib. 2019-cu ilin yanvar ayından orduda qulluq etmək
üçün hərbi xidmətə çağrılıb. Bakıda hərbi xidmətdə olub. 2020-ci ilin sentyabr ayının 27-
də başlanan Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşub. Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan rayonlarının düşməndən azad edilməsində igidliklə vuruşub. Düşmən
mərmisindən aldığı zərbə nəticəsində sağ ayağını dizdən yuxarı itirib. Niyazla söhbət
zamanı söylədi ki, Vətən yolunda bir ayaq nədir ki?! Mən torpaqlarımızın azad edilməsi
üçün canımdan keçməyə hazır idim. Şəhid olmağı gözə almışdım. Neyləyəsən, qismət
olmadı. Bu zirvəyə məndən 3 yaş böyük əmim oğlu Xəzər yüksəldi. İndi mən onun
tutduğu zirvəyə baxıb fəxr edir, qürur hissi keçirirəm.
… Niyaz cəbhədən doğma kəndə qayıdanda ilk öncə kənd qəbristanlığına üz
tutdu. Burada əmisi oğlu, şəhid Xəzər Bayramovun məzarını ziyarət etdi. Onun ölməz
xatirəsi önündə baş əyib, sonra evlərinə gəldi.
Müharibədə yaralanan qazilər də şəhidlər kimidir. Onlar da şəhidlər kimi eyni
amal, məqsəd uğrunda vuruşublar. Torpaqlarımızın azad olunması üçün sinələrini
düşmən gülləsinə sipər edib qazilərimiz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə
şəfa versin.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər