21 yanvar 2021-ci il tarixində Azərbaycan və Türkmənistan hökumətləri
arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə
kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumu
imzalanıb. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş
keçirilib. Görüş zamanı qeyd olunub ki, etibarlı münasibətlər davamlı əməkdaşlığın
əsasıdır. Ölkələr arasında açıq müzakirələrin aparılması davamlı əməkdaşlığa zəmin
yaradır. Atılan addımlar və qəbul olunan qərarlar münasibətlərin dostluq və qardaşlıq
ruhunda davam olunmasına xidmət edir. Qurulan əməkdaşlıq əlaqələri bütün
istiqamətlər üzrə inkişaf etməlidir.
İmzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm
beynəlxalq sənəddir. Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki
yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq ölkələrimizi və
xalqlarımızı daha da yaxınlaşdıracaq.
Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Xəzər ölkələrimiz
arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və
xalqlarımızı birləşdirəcək. Bizim əməkdaşlığımız regionun ümumi inkişafına əlavə
imkanlar yaradacaq. Xalqlarının gələcəyi naminə edilən əməkdaşlıq, ölkələrimizin
hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin edəcəkdir.
Türkmənistanın təbii qaz ehtiyatları ümumdünya ehtiyatlarının 9 %-nı təşkil
edir və bu göstərici ilə Türkmənistan dünyada Rusiya, İran və Qətərdən sonra
dördüncü yeri tutur. İndiyədək əsas istehlak bazarı Rusiya olub, rəsmi Moskva
türkmən qazının həcmi və qiymətini özü müəyyənləşdirirdi. Aşqabad bu asılılığa son
qoymaq üçün əvvəlcə Çin və İran bazarına çıxdı, Azərbaycanın vasitəsilə isə indi
əsas istehlak bazarı olan Avropaya çıxış imkanını əldə edir. Bu isə neft və qaz
ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da
artıracaq.
Bildirilib ki, nəqliyyat ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin
strateji istiqamətidir. Nəqliyyat sahəsində əməkdaşlıq həm bizim ölkələr, həm də
qonşu dövlətlər üçün böyük perspektivlər açır. Türkmənistan və Azərbaycan
nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim
ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə
Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz
limanlarının yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Ölkələrimiz arasında
nəqliyyat-logistika sahəsində əməkdaşlıq regionda yaranmış yeni şərait və yeni
nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə
çatacaq.
Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan,
Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur.
Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin
reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib. Azərbaycan və
Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji
resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın”
yandırılması hesab oluna bilər. Hasil olunacaq qazın Azərbaycana və TAP vasitəsilə
Avropaya çatdırılması gözlənilir və bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət
qarşılanacaq.
Konfransda qeyd olunub ki, siyasi sabitlik ölkələrin inkişafında strateji
əhəmiyyət kəsb edir. Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə,
rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin
beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır. Bu
gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir. Qlobal
transmilli layihələr sayəsində sosial rifah və iqtisadi inkişaf sahəsində çox mühüm
məsələlər öz həllini tapır. Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm
Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki,
əmindirlər, onların vəsaitləri qorunacaqdır.
Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici
və daxili siyasət barədə danışa bilən ölkələrdir. Bizim ölkələrimiz özlərini tamamilə
təmin edən ölkələrdir. Azərbaycan və Türkmənistan istər beynəlxalq kreditlərdən,
istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və
növlərindən asılı deyil. Bizim ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm
sadiqdirlər.
Videokonfransda əlavə olaraq bildirilib ki, ölkələrimiz arasında heç bir
mübahisəli məsələ qalmayıb. Xəzər dənizinin hüquqi statusu haqqında
Konvensiyanın imzalanması ölkələrimiz arasında etibarlı münasibətlərin
formalaşmasına təkan oldu. Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş
etdiriblər. İmzalanmış Konvensiya çoxillik uzun diskussiyalardan sonra enerji
resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün
yeni imkanlar yaradıb. Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı
dəstək göstərməsi strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Türkmənistan
beynəlxalq strukturlarda bir-birini fəal dəstəkləyir. Azərbaycan BMT Baş
Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi
olub. Türkmənistan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini hər
zaman yüksək qiymətləndirib. Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının
koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi kimi
ölkəmizin təşəbbüsləri Türkmənistan tərəfindən fəal dəstəklənmişdir.
Ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri ümumi dəyərlər əsasında
qurulub. Dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi
ruhunda işlərin aparılması uğurun təminatıdır. Bu səbəbdən əməkdaşlığın
davamlılığına xidmət edəcək sazişin imzalanması əlamətdar və tarixi hadisədir.
Azərbaycan və Türkmənistan arasında mövcud əlaqələr müsbət dinamika ilə
inkişaf edir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı
səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Qarşılıqlı
münasibətlərin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son
3 ildə imzalanıb.
Azərbaycan Türkmənistan arasında imzalanmış saziş Xəzərin karbohidrogen
resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə
qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə
ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə
şərait yaradacaq.