Qoy öncə bir-iki sözün lüğətdən-filandan götürdüyüm izahlarını yazım, sonra
mətləbə keçərəm.
Vətəndaş – müəyyən bir dövlət əhalisinə mənsub olub, öz dövlətinin qanunları ilə
müəyyən edilmiş bütün tələbləri yerinə yetirməyə borclu olan şəxsdir. Məsələn,
Azərbaycan vətəndaşı, Türkiyə vətəndaşı.
Sakin – bir yerdə yurd salıb yaşayan, həmin yerin əhalisindən olan, yəni hər hansı bir
şəhərdə, kənddə, binada yaşayan adamdır. Məsələn, Gəncə şəhərinin sakini,
Pərioğlular kəndinin sakinləri.
Camaat – bir yerə toplanmış adamlar, xalq kütləsi, əhalidir. Məsələn, binanın qarşısına
xeyli camaat yığışmışdı. Kənd camaatı bu işə etiraz edirdi və s.
Xalq – müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətidir. Yəni müxtəlif millətlərdən olsalar da, dövlət qarşısında eyni məsuliyyəti daşıyırlar. Məsələn,
Azərbaycan xalqı dedikdə, Azərbaycanda yaşayan kürd, ləzgi, talış, tat, avar və digərləri də daxil bütün əhalidən söhbət gedir. Bir də digər mənada işlənir ki, o dərinliyə getsəm, əsas mövzu yaddan çıxacaq.
Millət – insanların tarixən dil, ərazi, iqtisadi həyat və psixika ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin mədəniyyətin milli özünəməxsusluğunda təzahür edən sabit birliyidir.
“Xalq” və “Millət” anlayışları bəzən sinonim kimi işlənsə də, işlənmə yerinə, ifadə etdiyi mənaya görə həm də müxtəlifdirlər. Millət deyərkən əsasən irsi və genetik
xüsusiyyətlərinə görə eyni olan insanlar ağla gəlir. Amma iş burasındadır ki, “xalq”
sözünü də bəzən bu mənada işlədirik, məhz milli eyniliyimiz, belə desək,
qohumluğumuz olanları nəzərdə tuturuq. Burada artıq ləzgidən, talışdan və
digərlərindən söhbət getmir. Yəni həmin sözü işlətdiyimiz yerdən asılı olaraq mənası da dəyişir.
“Millət” və “Xalq” sözlərini eyni işi görən iki ustaya bənzətmək olar. Onların hədəfi
eynidir, eyni məqsədlə çalışırlar, amma hərəsinin öz adı və işə yanaşma tərzi var.
Nəticə etibarı ilə eyni işi görürlər, amma hərəsi öz üsulu ilə… Bir şey başa düşmədiniz,
hə? Ağcabədililər demiş, ay tooba heç bu mövzuda yazılanları oxuyarkən mən də bir
şey başa düşmədim. 6 və 9 rəqəmi kimi bu tərəfdən baxırsan altıdır, o tərəfdən baxırsan doqquzdur. Yəni altı da desən düzdür, doqquz da. Amma altı görünən tərəfdən durub doqquz deyəndə səhvdir. Yaxud da, əksinə… Yenə izah edə bilmədim hə? Əşi, qoy qalsın. Mənim dərdim bu deyil. Hər halda, yeri düşəndə “millət”i xalq, “xalq”ı millət
yerinə işlədib yaxamızı qurtara bilərik. Mənim işim xalqı sakinə, sakini vətəndaşa
qatanlarladır. Məsələn, Ağdam xalqı, Ağcabədi xalqı, İmişli vətəndaşları, Lənkəran
milləti və s. Əslində, bu, həmişə mənə qəribə görünsə də, o şəxslərin özünə deməkdən çəkinmişəm ki, bəlkə karıxıb, həyəcandan deyib. O qədər səhvlərimiz olur ki, bu da onlardan biri. Bəzən olur ki, bir dəqiqəlik müsahibə verərkən başqa vaxt asanlıqla söylədiyin fikri kamera qarşısında ifadə edə bilmirsən. Sən başqa söz demək istəyirsən, dilin başqa söz deyir. Normaldır…
Lakin bir dəfə bir görüşdə altı nəfər çıxış etdi, onlardan beşi məhz sözügedən
anlayışlarla bağlı eyni səhvi təkrarladı. Mövzu elə mövzu idi ki, orada bir rayon sakinlərinin müəyyən məsələdəki rolundan danışılırdı və beş çıxışın hər birində sakin
əvəzinə “xalq” və “vətəndaş ” sözləri işləndi. Bu insanların arasında təhsil işçiləri,
mətbuat nümayəndəsi, mədəniyyət işçisi var idi. Doğurdanmı hamısı həyəcanlanmışdı?
Təbii ki, yox. Onlar kifayət qədər tanınmış, kürsüdən söz deməyə alışmış ziyalılar idi.
Mənim kimi yola “əli boş”, “ayağı yalın” çıxıb bir sözün mənasını öyrənmək üçün dağa-
daşa düşənlər deyildilər. Amma təəssüf ki, həmin sözünüdemişlər bir-birinin ardıyca
eyni yanlışı təkrarladılar.
Hansısa toy məclisində sərxoş bir əminin badə qaldırıb “Balabəhmənli (yazıda kənd,
rayon adları misal üçün çəkilib) milləti təmiz millətdir” deməsini bəlkə də, ötürmək olar, amma tanınmış söz sahiblərinin kürsüdən “Hindarx vətəndaşları”, “Gədəbəy xalqı”, “Bərdə milləti” deməsi qəbuledilməzdir…
Yazının əvvəlində bəzi sözlərin izahını ona görə qeyd etdim ki, kimsə fikrimlə
razılaşmayanda əziyyət çəkib axtarmağına ehtiyac qalmasın. Asanlıqla bu sözlərin
izahına baxıb hansını, harada işlətməli olduğumuzu bilək. Yəni “Gəncə vətəndaşı” yox,
“Gəncə sakini”, “Ağcabədi xalqı” yox, “Ağcabədi sakini”, “Gədəbəy milləti” yox,
“Gədəbəy camaatı” və s.
O ki qaldı “millət” və “xalq” anlayışlarının oxşar və fərqli tərəflərinə, bu, çox qəliz
məsələdir. “Həm qəlizdir, həm də ki vacib”. Arzu edərdim ki, tezliklə bu haqda yaxşı
izahlı bir yazı oxuyaq. Əslində, hiss olunur ki, bu haqda yazanlar, danışanlar özləri
mahiyyəti əla bilirlər, amma bildiklərini digərlərinə çatdıra bilmirlər. Elə buna görə də,
oxucu da, dinləyici də əlini çənəsinə dayayıb “indi bu, altıdır, yoxsa doqquz?” deyə
düşünməli olur.
Məhsəti Musa