Ağcabədi rayonu ilə Zərdab rayonunu birləşdirən Kür çayı üzərindəki körpü el arasında rəmzi olaraq İnqilab körpüsü adlanır. Sən demə, körpünün yaranması və belə adlandırılmasının maraqlı bir tarixcəsi var.
“1985-ci ildə dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illiyi ərəfəsində Kəlbəcər rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən İnqilab Nadirov Azərbaycanın Yollar naziri Rafiq Xələfov ilə Üzeyir bəyin harada doğulması ilə bağlı mübahisə edirlər. İnqilab Nadirov onun Ağcabədidə, Rafiq Xələfov isə Şuşada doğulduğunu iddia edirlər. İnqilab müəllim şərt kəsir ki, əgər mən uduzsam 1000 manat həcmində R. Xələfovun istədiyini alacağam, Rafiq müəllim uduzarsa onda Kür çayı üzərində Zərdab ilə Ağcabədini birləşdirən körpü salacaqdır.
Az bir müddət keçdikdən sonra İnqilab Nadirov Üzeyir bəyin Ağcabədidə doğulması ilə bağlı sənədləri gətirib Rafiq Xələfova göstərir. Uduzduğunu etiraf edən Rafiq Xələfov körpü tikintisinin plan və layihəsini həyata keçirməyə başlayır. Çox keçmir ki, körpü hazır olur. Ağcabədi ilə Zərdab rayonunu birləşdirən İnqilab körpüsünün həm zərdablılar, həm də ağcabədililər – ümumiyyətlə, qarabağlılar və şirvanlılar üçün müstəsna əhəmiyyəti vardır. Bu körpü artıq uzun illərdir ki, həmin zonada yerləşən onlarla yaşayış məntəqələrinin əhalisi üçün böyük iqtisadi və sosial əhəmiyyətə malikdir.
İnqilab Nadirli özü də Kürün üzərində salınan və onun adını daşıyan İnqilab körpüsü haqqında danışıb.
İnqilab müəllimin dediklərindən:
Mən əslən Ağcabədidənəm. Gəncliyim orada keçib. Ağcabədi rayonunda bir sıra məsul, rəhbər vəzifələrdə çalışmışam. Həm Ağcabədi, həm də Zərdab rayonlarının kəndlərinə yaxşı bələdəm. Gənclik dövründə Ağcabədi rayon Komsomol Komitəsinin ikinci, birinci, Ağcabədi rayon PK-nin katibi vəzifələrində işləyərkən düşünürdüm ki, Kür çayının üzərindəki indi el arasında mənim adımla adlandırılan bu körpünün tikilməsi həm zərdablılar, həm də ağcabədililər üçün çox gərəkli olardı. Bu sahildən o biri sahilə bərə ilə keçid zamanı dəfələrlə çoxlu sayda insanların tələf olmalarının şahidi olmuşam. Yastıyol kəndi ərazisində, Kür çayı sahilində “Axmaz” deyilən çökəklikdə “Nuh gəmisi” məktəbində oxumuşam. Mən Ağcabədi RPK-nin ikinci katibi vəzifəsində işləyərkən Yastıyol kəndində yeni məktəb binası tikdirdik və məktəblilərin canını “Nuhun gəmisi”ndən qurtardıq. Sonralar elə oldu ki, mən Kəlbəcər rayon PK-nin birinci katibi vəzifəsində işlədim. Rəhmətlik Rafiq Xələfov isə Yollar naziri vəzifəsində çalışırdı. Dost olduğumuz üçün o, tez-tez Kəlbəcərə, mənim yanıma gəlirdi. Bir dəfə onunla Üzeyir bəy Hacıbəyovun hara da doğulması mövzusunda mübahisə etdik. Mərcləşdik. Əslində hər bir adam harada doğulursa, ora onun vətənidir. Üzeyir bəy də Ağcabədidə doğulub. Mən ona dedim ki, Ağcabədi torpağı bu gündən belə tarixə heç bir şəxsiyyət verməsə belə, təkcə Üzeyir bəyi dünyaya bəxş etdiyinə görə müqəddəs torpaqdır. O isə dedi ki, Üzeyir bəy hara, Ağcabədi hara…
Mən Üzeyir bəyin Ağcabədidə doğulmasını dəqiq bilirdim. Müxtəlif kitab və qəzetlərdən bunları oxumuşdum. Mərci udacağıma tam əmin idim. O, Üzeyir bəyin Şuşada doğulduunu deyib israr edirdi. Şərtimiz belə oldu ki, mən uduzaramsa, ona o zamankı 1000 manat məbləğində mağazadan nə istəsə onu alaram, o uduzsaydı Kürün üzərindən Zərdabla Ağcabədini birləşdirən körpü tikdirməli idi. Bu mənim gənclik dövrümdən qəlbimdə yatıb qalan ən gözəl arzularımdan biri idi. Əlimə gözəl fürsət düşmüşdü. Mən yüz faiz bilirdim ki, mərci udmuşam. Körpü məsələsini də ona görə dedim ki, əhalinin Kürün bu üzündən o biri tərəfinə necə keçmələrini və bunun min bir çətinliklər bahasına başa gəlməsini bilirdim. Həm də burada körpü görmək mənim gənclik illərimin arzusu idi. Razılaşdıq. Az müddət sonra biz yenidən görüşdük. Əlimdəki Üzeyir bəyin Ağcabədidə doğulduğunu təsdiq dən sənədləri və kitabları ona göstərdim. O bunlarla tanış olduqdan sonra mərci uduzduğunu etiraf etdi. Görünür, özüdə bu barədə müxtəlif adamlarla söhbət etmişdir. Nə isə..
Körpünün tikintisinə söz verdi. Layihələrini, smetasını hazırladı və çox çəkmədi ki, həmin uzunluğu 140 metr olan bu körpü hazır oldu. Bundan sonra bu zona iqtisadi cəhətdən inkişaf edən bir məkana çevrildi”.
Bu günlərdə isə , Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu çərçivədə respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Layihəyə əsasən hər birinin eni 3.75 metr olmaqla 2 hərəkət zolağından ibarət olan yolun ümumi eni 15 metrdir. Yol yatağının qalınlığı ümumilikdə 90, asfalt-beton örtüyü 3 lay olmaqla qalınlığı 27 sm təşkil edir.
Layihə çərçivəsində yol boyu 9 yeraltı keçid, 26 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 74 suötürücü boru və 30 avtobus dayanacağı inşa edilib.
Bundan başqa uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsünün inşası işləri də aparılaraq yekunlaşdırılıb. Sözügedən körpülərdən ən böyükləri avtomobil yolunun 58.9-cu km-də Mil-Qarabağ kollektoru üzərində inşa edilən və 60 metr uzunluğa malik körpü, həmçinin yolun 50-ci km-də Kür çayı üzərində inşa edilən 175 metr uzunluğa malik 4 aşırımlı körpüdür.
Hazırladı-Orxan KƏRİMOV